ArxivXəbər lentiXəbərlər

Qarabağ münaqişəsi: “Sülh nəyin müqabilində olacaq?”

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yanvarın 16-da Parisdə keçirilmiş görüşündən sonra xalqların sülhə hazırlanmasından danışıldığı bir vaxtda baş nazir Nikol Paşinyan “sülh müqabilində ərazi” formulunun müzakirə mövzusu olmadığını bəyan edib.

Buna cavab olaraq Azərbaycan XİN-in bəyanatında isə bildirilir ki, danışıqların təməlində məhz Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması dayanır.

Rəsmi Bakı hesab edir ki, qarşı tərəfin bu təməli rədd etməsi onun ümumən danışıqlardan imtinasına bərabər addım olar. Halbuki Ermənistanda 2018-ci ilin aprelində baş vermiş “məxməri inqilab”dan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişə nail olunması göz önündədir.

Düzdür, biz qapalı danışıqların gedişi barədə məlumatlı deyilik, lakin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən ilin dekabrında Milanda, bu ilin yanvarında isə Parisdə keçirilən görüşlərinin yekunlarına dair verilən bəyanatlar göstərir ki, nizamlanmanın yeni mərhələsi başlayıb.

Azərbaycanın xarici işlər naziri Milan görüşündən sonra bildirmişdi ki, onlar uzun zamandan bəri ilk dəfə qarşılıqlı anlayışa nail olublar. Paris görüşündən sonra isə tərəflərin öz xalqlarını sülhə hazırlamasının zəruriliyi vurğulandı. Bu açıqlamalar sülh prosesinin ən azı “ölü nöqtə”dən tərpəndiyinin subutudur.

Sual yaranır ki, belə nikbin açıqlamaların və tərəflər arasında intensivləşən təmasların fonunda Nikol Paşinyanın son açıqlaması nədən qaynaqlanır?

Əgər münaqişənin tarixinə nəzərə salsaq, görərik ki, Qarabağ məsələsi hər iki ölkədə bir neçə dəfə hakimiyyət dəyişikliyinə təkan verən əsas amil olub. Yaxın keçmişin bu neqativ “baqajı” hər iki tərəfi maksimum diqqətlə hərəkət etməyə vadar edir.

Bu problemi minalanmış sahə kimi təsəvvür edin: hər hansı ehtiyatsız hərəkət siyasi rəhbərliklər üçün ağır nəticələr verə bilər. Xüsusilə, Ermənistanın yeni hökumət başçısı Nikol Paşinyanın vəziyyəti asan deyil, çünki Qarabağ məsələsində istənilən kompromis dərhal ölkə daxilindəki revanşist qüvvələr tərəfindən onun əleyhinə istifadə ediləcək.

Köhnə elita – Serj Sarkisyanın Respublikaçılar Partiyası və radikal millətçi Daşnaksutyun hazırda parlamentdə təmsil olunmasalar da, “Qarabağ kartı” onların qısa müddətdə yenidən siyasətin mərkəzinə qayıtması üçün ən effektiv vasitədir, bu səbəblə adıçəkilən siyasi qüvvələr porosesi diqqətlə izləyir və hələ ortada hər hansı sülh planı olmamasına baxmayaraq, yeni hökuməti güzəştçi mövqe tutmaqda ittiham edirlər.

Ermənistanda əksinqilab sosial-iqtisadi çətinliklər zəminində baş verə bilməz, çünki bu problemlər Serj Sarkisyan dövründən qalıb. Əksinqilab məhz Qarabağ konfliktinin həlli zəminində baş tuta bilər. Paşinyan vəziyyətin həssaslığını başa düşdüyü üçün tez-tez təkziblərlə çıxış edir və Azərbaycanla aparılan danışıqlarda ərazilərin boşaldılmasına razılıq vermədiyini bildirir. Onun mediaya açıqlamasında “sülh müqabilində ərazi” formulunu rədd etdiyini söyləməsi də buradan irəli gəlir.

Lakin sülh prosesinin bazasını təşkil edən yenilənmiş Madrid prinsiplərinə nəzər yetirəndə orada ərazilərin, yəni Dağlıq Qarabağ ətrafında yerləşən rayonların Azərbaycana təhvil verilməsinin açıq şəkildə qeyd olunduğunu görərik. Əgər danışıqlar gedirsə və irəliləyiş varsa, bu məsələ necə müzakirə olunmaya bilər?

Madrid prinsiplərini təşkil edən digər müddəalar – Dağlıq Qarabağa onun təhlükəsizliyini və özünüidarəetməsini təmin edəcək müvəqqəti statusun verilməsi; Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması; Dağlıq Qarabağın yekun statusunun hüquqi baxımdan məcburi olacaq öz iradəsini ifadəetmə (yəni referendum) yolu ilə müəyyənləşdirilməsi; bütün daxili yerdəyişmə etmiş şəxslərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qaytarılması; Sülhü dəstəkləmə əməliyyatı da daxil olmaqla, beynəlxalq təhlükəsizlik təminatlarının verilməsi məsələlərindən ibarətdir. Bu prinsiplərin müzakirəsi uzun illərdir davam edir və erməni tərəfi də anlayır ki, sülh razılaşması əldə ediləcəksə, ətraf rayonlardan çıxmalı olacaq.

Sadəcə olaraq, Ermənistan rayonları o halda boşaltmağa hazırdır ki, Bakı Dağlıq Qarabağın müstəqilliyini qəbul etsin, yəni Madrid prinsiplərində nəzərdə tutulan plebissit və onun hüquqi nəticələri ilə bağlı qeyri-müəyyənlik aydınlaşsın. Bu halda Ermənistan hökuməti öz güzəştlərini daxili ictimaiyyətə daha yaxşı izah edəcəyini (“rayonlardan çıxırıq, amma əvəzində Dağlıq Qarabağın müstəqilliyinə təminat alırıq”) və xalqı sülhə hazırlaya biləcəyini hesablayır. Nikol Paşinyanın Almaniyaya səfəri zamanı Köln şəhərində erməni icmasının təmsilçiləri ilə görüşündə məhz buna işarə etdiyini düşünürəm. “Niyə biz hamımız kompromislərə hazır olub-olmadığımızı sual edirik?

Niyə heç kim Azərbaycandan onun kompromislərlə hazır olub-olmadığını soruşmur? Azərbaycan bu suala cavab vermədən biz də cavab verməyəcəyik”, – deyə baş nazir söyləyib. Bu sözlərin mənası budur ki, Nikol Paşinyan təkcə Ermənistanın yox, Azərbaycanın da kompromislərinin açıq müzakirə olunmasını gözləyir. Bu durumda Ermənistan hökumətinin birtərəfli güzəştlərə hazırlaşdığı barədə iddialar boşa çıxacaq və Paşinyan ictimai rəyin təzyiqindən, öz hakimiyyəti üçün risklərdən xilas olacaq.

Fevralın 15-17-də keçiriləcək ənənəvi Münhen təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənir. Ortaya çıxmış son anlaşılmazlığın aradan qaldırılması baxımından bu görüş önəmli ola bilər.

Həmsədrlərin hazırda üzərində işlədikləri əsas məsələ isə yaxın müddətdə birinci şəxslərin – prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın rəsmi görüşünü təşkil etməkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button