İranda Azərbaycan Mədəniyyət Günlərinin təşkilinə dair müzakirələr aparılıb

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti İran İslam Respublikasında səfərdədir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti cari ildə İranda Azərbaycan Mədəniyyət Günlərinin təşkili üçün danışıqların aparılması və məkanlara baxış keçirilməsi məqsədilə Tehran, Təbriz və İsfahan şəhərlərində olub.
İslami Mədəniyyət və Əlaqələr Təşkilatının İsfahandakı Baş idarəsinin müdiri və ölkəmizin İrandakı səfirliyinin nümayəndəsinin iştirakı ilə keçirilən görüşdə İsfahan şəhərinin qubernatoru Rəsul Zərgərpur şəhərin mədəni irsi, turizm imkanları və başlıca inkişaf istiqamətlərindən danışıb. Ədalət Vəliyev ölkəmizdə yüksək səviyyədə keçirilən beynəlxalq tədbirlər, nazirliyin strukturu və fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində Ermənistan tərəfindən Azərbaycan və İslam dünyası irsinə aid olan abidələrin dağıdıldığı barədə qarşı tərəfə ətraflı məlumat verib.
Azərbaycan və İran rəhbərliyinin ən yüksək səviyyədə keçirilən görüşlərinin və qarşılıqlı əməkdaşlıq münasibətlərinin iki dövlətin əlaqələrinin dostluq və qardaşlıq ruhunda inkişafına təkan verdiyi vurğulanıb. Nazir müavini mövcud əlaqələrin yüksələn xətlə inkişafının mədəniyyət və turizm sahələrində əməkdaşlığa da müsbət təsir göstərdiyini qeyd edib. Sonra Azərbaycan nümayəndə heyəti Fərşçian Mədəniyyət Mərkəzini ziyarət edərək məkanın texniki imkanları ilə tanış olub.
Həmçinin, Təbriz şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Şərqi Azərbaycan vilayətinin başçısı İsmayıl Cabbarzadə ilə görüşüb.
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliənnağı Hüseynovun da iştirak etdiyi görüşdə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti, gələcək əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb. Tehran şəhərində də nümayəndə heyəti İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının məsul şəxsləri ilə görüş keçirilib. Görüşdə səfərin yekunları və İranda Azərbaycan Mədəniyyət Günlərinin təşkilinə dair müzakirələr aparılıb.