Tehranda xalq artisti Habil Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Publika.azxəbər verir ki, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Habil Əliyevin dünya miqyaslı sənətkar olduğunu vurğulayıb.
Tədbirdə İranın çoxsaylı məşhur kamança ustaları – Əmir Yusifi, Əli Əkbər Şikarçi, habelə Azərbaycandan gəlmiş sənətkarlar Elşən Mansurov və İsmayıl Həmidov kamançada muğam və təsniflər ifa ediblər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zümrüd Dadaşzadə-Axundova çıxış edərək Habil Əliyev sənəti ilə bağlı fikirlərini bölüşüb. Habil Əliyevin nəvəsi Əli Əmirəliyev təşkilatçılara və iştirakçılara babasının sənətinə göstərdikləri ehtirama görə təşəkkürünü bildirib.
Tədbirdə iranlı şairlər Xosrov Sərtipi və Əli Savalan Habil Əliyevə həsr etdikləri şeirlərini oxuyublar.
Sonda İranın tanınmış sənətkarı Vədad Müəzzinzadə Ərdəbilinin azərbaycanlı kamança ifaçılarının müşayiəti ilə səsləndirdiyi “Rast” muğamı alqışlarla qarşılanıb.