AİP-in sədr əvəzi ölkə gündəmini dəyərləndirib

Azərbaycan İslam Partiyasının sədr əvəzi İlham Əliyevlə ölkə gündəmini müzakirə etdik.
– 2015-si ilin avqust ayından Azərbaycan İslam Partiyasının həbsdə olan sədrinin vəzifələrini icra etmək səlahiyyəti sizə həvalə edilib. Bu 4 il ərzində qazandığınız təcrübə, qarşılaşdığınız çətinliklər nə olub?
Əxlaq və mənəviyyat boşluğu, bar və gecə klublarının fəaliyyəti, spirtli içkilərin 24 saat ərzində tam azad və sərbəst satışları və bu kimi sair amillər insanı tüfeyli həyat tərzinə sürükləyir, cavanların gözündən ailə müqəddəsliyini aradan aparır.
– Bütün təcrübələr çətinliklərlə üzləşdikdə qazanılır. Partiyanın idarə heyəti tərəfindən seçildikdən sonra bir sıra çətinliklərlə üzləşmişik.
İlk təqdimatın qarşısı alındı. İctimaiyyəti məlumatlandırmaq, bizdən öncəki rəhbərlərin düşüncə və niyyətlərini, ümumiyyətlə AİP-in öz amalı uğurunda atdığı addımları bir daha məna etmək və gələcək üçün nəzərdə tutmuş proqramları barədə xalqımızı məlumatlandırmaq məqsədi ilə bu təqdimat nəzərdə tutulmuşdu. Amma niyyətimizi sanki duymuş kimi konfransın başlanmasına bir neçə dəqiqə qalmış tədbirin qarşısı alındı.
Bu, fəaliyyətimizin ilk günlərinin çətinlikləri olsa da, bizi qorxutmadı, sarsıtmadı.
Sonra mövlud və digər tədbirlərin keçirilməsində süni qadağalar oldu. Özcədən icarə etdiyimiz restoranların sahiblərinə təzyiq göstərərək “obyekti su basıb” kimi bəhanələrlə tədbirlərin qarşısı alınıb.
Ən çox yadda qalan və cəmiyyət üçün də maraqlı olan AİP-in 25 illik yubileyinə qoyulan qadağa idi. Aylarla hazırlaşdığımız, AİP-in tarixi, amalı və gələcəyi barədə geniş məruzə ilə çıxış etməyə düşündüyümüz, dəvət etdiyimiz partiya sədrləri və ölkənin müxtəlif bölgələrindən insanların gəlməsinə baxmayaraq tədbirin qarşısı çoxsaylı polis əməkdaşları tərəfindən alındı.
Əlbəttə, bu cür maneələri saymaq üçün daha geniş vaxt tələb olunur, amma müsəlman olaraq ən əhəmiyyətlisi, hər ilin mübarək Ramazan ayının sonuncu cümə günü olan müqəddəs Qüds günündə, bütün dünya müsəlmanları ilə həmrəy şəkildə keçirdiyimiz aksiyanın qarşısının alınmasıdır.
Bütün bu qadağalarla, təzyiqlərə baxmayaraq, bir partiya dolaraq həmişə cəmiyyətmizlə sıx təmasda olmuşuq və bu təması da saxlayırıq. Bu çətinliklər nəinki bizi cəmiyyətdən təcrid etməyib, əksinə, mən deyərdim əlaqələrin sıx olmasına, izzət-əzəmət tapmasına və daha da nüfuzlu olmasına xidmət edib.
Bütün bunları nəzərə alaraq demək olar iki ildə əsas diqqətimizi cəmiyyətdə İslami-siyasi maarifçiliyinə yönəltmişik. “Din və siyasət”, “Din və hakimiyyət” və bu kimi mövzulara çıxış edərək cəmiyyətimiz üçün daha maraqlı mövzuları aşılamağa çalışırıq.
– 2020-ci ildə Parlament seçkiləri keçiriləcək. Ölkədəki siyasi təsisatların seçkidə iştirak etmək haqda mövqeləri fərqlidir. Boykot, yaxud iştirak etmək qərarı verənlər arasında kəskin fikir ayrılığı var. Sizin bu haqda fikirləriniz maraqlı olardı.
– AİP yarandığı və fəaliyyətə başladığı gündən həmişə cəmiyyətin diqqət mərkəzində olub. Ciddi maneə və təzyiqlərə baxmayaraq, partiya zaman-zaman prezident və parlament seçkilərində iştirak edib. Bu barədə kifayət qədər təcrübəmiz var. Baxmayaraq ki, həmişə siyasi kampaniyalarda qurum ciddi nailiyyətlər əldə etməmişdir. Biz həmin uğursuzluqların nəticələrini və əsas səbəblərini geniş və dərindən müzakirə etməliyik. Bizi düşündürən başlıca məsələ seçkidə iştirak etməkdən əvvəl, ölkədə seçkilərin demokratik və ya qeyri-demokratik keçirilməklə xalqımızın öz seçki hüququndan necə istifadə etmək bacarığı və hazırlığıdır. Məncə, bunu müzakirə etmədən və reallığı düzgün qiymətləndirmədən, yalnız seçkidə iştirak etmək adı ilə addım atmaq düzgün olmazdı. Odur ki, partiyada seçkiyə qədər ciddi müzakirələr gözlənilir. Partiya olaraq son sözü müzakirədən sonra deyəcəyik. Bütün hallarda hər partiyanın seçkidə iştirakını onun hüquqi hesab edirik.
– AİP ötən il Qarabağ Komitəsində aktiv təmsil olundu, 29 sentyabr “Qarabağa azadlıq” mitinqində iştirak etdi. Eyni zamanda Azərbaycan Xalq Hərəkatının (AXH) təsis olunmasına hazırlıq aparılan prosesdə iştirak edirdi. Hazırda adıçəkilən təşkilatlarla münasibətiniz hansı səviyyədədir?
– AİP Qarabağ məsələsində daim sözünü açıq demişdir. İşğal olmuş torpaqlarımızın geri qaytarılmasının sülh yolunu görmürük. Həmçinin hər hansı bir xarici dövlətin və ya beynəlxalq təşkilatın doğma torpaqlarmızı alıb bizə qaytarmasına ümid etmirik. Torpaqlarımızın azad olunmasının yeganə yolu xalqımızın birliyində, həmrəyliyində və mübarizlik ruhunda görürük. Bu amillərə və Qarabağın azadlığını müharibə tələbi ilə çıxış edən yeganə ictimai təşkilat kimi Qarabağ Azadlıq Təşkilatını tanıyırıq. Bu təşkilatın təşəbbüsü ilə yaranmış Qarabağ Komitəsinin tədbirlərində və onun təşəbbüsü ilə təşkil olmuş mitinqdə iştirak etdik. Komitəyə pozuculuq fəaliyyəti ilə daxil olan qüvvələr nəticəsində biz də bəzi təşkilatlar kimi həmin qurumda fəaliyyətimizi dayandırdıq. AXH-nin də iştirak etdiyimiz 2-3 toplantısında müşahidə etdiyimiz neqativlikləri nəzərə alaraq davamlı fəaliyyətimizi zəruri hesab etmədik. AİP olaraq Qarabağ uğrunda şəhidlər vermişik. Və bu gün də müsəlman Azərbaycan torpaqları uğrunda canımızdan keçməyə hazırıq.
– Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs sənədindən bir neçə ay sonra yaradılan və münaqişənin danışıqlar yolu ilə həllinə vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun fəaliyyətini Azərbaycan İslam Partiyası ilk gündən qəbuledilməz olduğunu bildirərək 1994-cü ildə xüsusi bəyanatla çıxış edib. Partiyanızın 25 il öncə verdiyi qərar bu gün də dəyişməz olaraq qalırmı, münaqişənin həlli istiqamətində hansı addımların atılmasını zəruri sayırsınız?
– Yuxarıda qeyd etdik ki, Ermənistan tərəfindən işğal olmuş torpaqlarımızın hər hansı xarici dövlət və ya beynəlxalq təşkilat, o cümlədən ATƏT-in Minsk Qrupu vasitəsi ilə azad olmasını gözləməyi yanlış düşüncədir. AİP torpaqlarımızın azadlığının müharibə yoluna alternativ yol görmür.
– Yaxın günlərdə Azərbaycan-Gürcüstan sərhədində Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında xoşagəlməz hadisələr cərəyan etdi. Hazırda hər iki ölkənin ekspertlər qrupu dövlət sərhədlərinin hüdudlarını müəyyənləşdirir. Sizin gəldiyiniz nəticə nədir: bu, iki ölkəni qarşı-qarşıya qoymaq cəhdi idi, yoxsa daha bir qonşu dövlətin ərazilərimizə iddiası var?
– Dağlıq Qarabağın uzun illər işğal altında qalması ölkəmizə hər tərəfdən ciddi zərər yetirir. Bu mənada sərhədlərimiz daxilində olan Keşikçi Dağı Məbədinə Gürcüstan vətəndaşlarının sərhəd pozuculuğu gözləniləndir. Amma bizə ən çox təsir edən hal Azərbaycanın ərazi bütövlüyünə və sərhəd toxunulmazlığının qarantı olan Azərbaycan əsgərinə, sərhədçisinə yad ölkə vətəndaşlarının fiziki təzyiqi və hətta tərki-silah etməsidir. Hər halda bizə qarşı belə hallar yolverilməzdir.
– Cari ilin iyul ayında ölkə başçısının göstərişi ilə əmək haqlarının artırılmasına dair sərəncam imzalandı. Lakin istər Dövlət Statistika Komitəsinin yayımladığı məlumatda, istərsə də şəxsi müşahidələrimizdən də görsənir ki, gündəlik tələbat mallarının qiymətlərində hər ay artım müşahidə olunur. Necə hesab edirsiniz, bahalaşma, ondan heç də az narahatlıq doğurmayan gənclərin işsizlik və ölkə xaricinə üz tutmaq həvəsi hansı səbəblərdən irəli gəlir?
– Dövlətin bazar iqtisadi sistemi fəaliyyət göstərir. Vətəndaşların sosial-iqtisadı vəziyyəti də bu sistemlə əlaqələndirilməli və tənzimlənməlidir. Əmək haqlarının davamlı artırılması bu baxımdan təbii prosesdir. Amma müşahidələr göstərir ki, nəzərdə tutulmuş artımlar hələ də tələbatı ödəmir. Belə ki, bahalaşma əmək haqlarının artmasında daha da sürətli və həcmlidir. Lakin Azərbaycan insanı normal yaşamaq naminə münbit şərait üçün xarici ölkələrə üz tutmağa məcbur olur. Bu da gələcəkdə cəmiyyətdə daha dərin ideoloji və mənəvi neqativlər vəd edir.
– Cəmiyyətimizi narahat edən əsas məsələlərdən biri də ailə institutunun böhran yaşamasıdır. Rəsmi statistika məlumatlarına istinad etsək görərik ki, boşanmaların sayında mənfiyə doğru artım var. Siz həm də bir ilahiyyatçı kimi problemin mənşəyini nədə görürsünüz, tövsiyyələriniz nədir?
– Bu məsələnin arxasında həm maddi və həm də mənəvi problemlər durur. Maddi problemlər sırasında və bəlkə də ən öndə duran amil işsizlikdir. Ailənin başçısı ailə üzvlərinin maddi tələbatını kifayət qədər ödəyə bilmədiyi üçün ailə daxilində söz-söhbətlər başlayır qığılcımlar yaratmağa. Və bu qığılcımların qarşısı vaxtında alınmasa, böyük bir ailədaxili alova çevrilərək hər iki tərəfi yandırıb-yaxır, həlak edir. Əxlaq və mənəviyyat boşluğu, bar və gecə klublarının fəaliyyəti, spirtli içkilərin 24 saat ərzində tam azad və sərbəst satışları və bu kimi sair amillər insanı tüfeyli həyat tərzinə sürükləyir, cavanların gözündən ailə müqəddəsliyini aradan aparır. Cavanlara ailə müqəddəsliyi, həqiqi eşq-məhəbbət aşılanmalıdır. İnsan həyatda dözümlü olmağı, bir- biri üçün güzəştə getməyi bacarmasa, yaşamaq çətinləşir.
– Zaman-zaman dövrü mətbuatda, sosial şəbəkə statusları vasitəsi ilə xalqımızın tarixində, mədəniyyətində, ədəbiyyatında xüsusi rolu və çəkisi olan şəxsiyyətlərimizin ünvanına əsassız ittihamlar səsləndirilir, hörmətsizlik edilir. Bu məsələnin məzhəblər arasında qarşıdurma və konflikt səviyyəsinə qədər qabartmaq kimlərin məqsədinə xidmət edir?
– Bu yalnız düşmənə xidmət edə bilər. Biz bunu başa düşüb, dərk etməliyik ki, hər bir millətin parlaq gələcəyi onun parlaq keçmişi üzərində köklənib. Keçmişi olmayan və yaxud keçmişini unudan xalq heç bir zaman uğurlu gələcəyə sahib çıxa bilməz. Biz buna icazə verməməliyik ki, dilimizin, dinimizin, milliyyətçiliymizin və dövlətçiliymizin qorunub saxlanılmasında böyük xidmətləri olan şəxsiyyətlərmizi bizə unutdursunlar .
– Azərbaycanda 1992-ci ildə qəbul edilən “Dini etiqad azadlığı haqqında” qanunun dəyişdirilməsi gündəmdədir. Necə hesab edirsiniz, Azərbaycanda yeni dini qanunun hazırlanmasına nə qədər zərurət var?
– Qanunverici orqanlarda mürtəce qanunların qəbul edilməsindən qorunmalıdırlar. Odur ki, bu kimi qanunların qəbul və ya rədd edilməsi geniş xalq kütləsinin rəy və nəzərinə buraxılmalı, əksəriyyətin nəzərinə müvafiq olaraq qəbul edilməlidir.
– Mətbuatın hazırkı vəziyyətinə dair fikirlərinizi bilmək də maraqlı olardı. Televiziyalarımızda yayımlanan verilişlərin, gənclər arasında populyar olan sosial şəbəkələrdə müzakirə edilən mövzuların səviyyəsi sizi qane edirmi?
– Qətiyyən xeyir. Çünki bugünkü TV kanallarında qeyri-peşəkar insanlar yer tutur. Bu gün ölkəmizdə özünü “müasir insan” hesab edərək Avropanın üz döndərdiyi “mədəniyyət”i bizə “gözəl”, “tərəqqi etmiş” mədəniyyət kimi sırıyırlar. Bu insanlar ya tərəqqinin və mədəniyyətin mənasını düzgün başa düşməyiblər, ya da ki, əvvəlcədən hazırlanmış ssenari əsasında fəaliyyət göstərirlər. Qərb aləminin gözəl istifadə olunmalı elmi-texniki sahədə böyük uğurları var ki, bizim cəmiyyətdə ondan olduqca az danışılır. Bu olduqca acınacaqlı haldır, yaxşısını qoyub pisinin dalınca gedirik.