İran İslam Respublikasının mədəniyyət və islami maarifləndirmə naziri Seyid Abbas Salehi Azərbaycanda keçirilən İran Mədəniyyət Həftəsinin müxtəlif proqramlarında iştirak etdikdən sonra, bu gün günortadan sonra 4 günlük səfərini başa vurub.
İRİB-nin verdiyi məlumata görə, İran Mədəniyyət Həftəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində nəzərdə tutulmuş proqramlarda iştirak etmək üçün çərşənbə günü Azərbaycana səfər edən Seyid Abbas Salehi bu gün Tehrana qayıdıb.
Abbas Salehi Azərbaycana olan səfərinin sonunda Bakıda İRİB-nin müxbirinə verdiyi müsahibədə İran Mədəniyyət Həftəsi çərçivəsində təşkil edilən proqramların xalq tərəfindən geniş formada qarşılandığına işarə edərək, deyib: Bu məsələ qonşu ölkə ilə əlaqələrin və əməkdaşlıqların genişləndirilməsi üçün geniş potensialların olmasından xəbər verir. Mədəniyyət həftələrinin keçirilməsi isə bu əlaqələrin inkişaf etdirilməsi üçün münasib baza hesab olunur.
İranın mədəniyyət və islami maarifləndirmə naziri həmçinin, İran və Azərbaycan prezidentləri arasında cari ilin əvvəllərində imzalanmış sənədlərə işarə edərək, deyib: Azərbaycan prezidenti və mədəniyyət naziri ilə görüşdə daha aydın proqram əsasında irəliyə doğru addımlamaq fürsəti yarandı.
Cənab Salehi əlavə edib: müxtəlif sahələrdə birgə istehsal məsələsi diqqət mərkəzində saxlanıldı. Belə ki, kino, musiqi, teatr və digər sahələr üzrə birgə əməkdaşlıqlar məsələsi ciddi formada izləniləcək.
Farabi Kino Fondunun icraçı müdiri Əlirza Tabeş da iki ölkə arasında kino sahəsində əməkdaşlıqların genişləndirilməsinə təkid edərək, deyib: Azərbaycanlı kinomatoqraflar ilə görüşdə qərara alındı ki, iki ölkə arasında kino sahəsində daha artıq əməkdaşlıq edilsin.
İranın mədəniyyət və islami maarifləndirmə naziri bu gün həmçinin Bakıda İran səfirliyinin mədəniyyət attaşeliyinin Şəhriyar mədəniyyət evində olaraq, bu mərkəzin fəaliyyəti ilə yaxından tanış olub.