Şeyx Sərdar Hacıhəsənlinin tarixə düşəcək absurd məhkəməsindən geniş reportaj

Həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin Masallıda növbəti məhkəməsi keçirilib.
Məhkəmə prosesində ölkənin ictimaiyyət və media nümayəndələri, diplomatik korpusun əməkdaşları və siyasi xadimlər iştirak ediblər. Bu dəfəki proses zamanı məhkəmənin keçirildiyi binanın önünə toplaşan insanlara və media nümayəndələrinə qarşı təzyiq göstərilməyib və onların məhkəmə zalına sərbəst buraxılması təmin edilib.
İslaminSesi xəbər verir ki, hakim Anar Alməmmədov, sədrliyi ilə keçirilən prosesi açıq elan edib. Bundan sonra Şeyx Sərdar Hacıhəsənlinin hüquqlarını müdafiə edən vəkillər briqadası müxtəlif vəsatətlərlə çıxışa başlayıblar. Vəkil Cavad Cavadov girov və ya pul müqabilində Şeyx Sərdar Hacıhəsənlinin azadlığa yaxud ev dustaqlığına buraxılmasını məhkəmə heyyətindən xahiş edib. Eyni zamanda ölkə başçısının bir müddət öncə imzaladığı yeni sərəncamı məhkəmənin diqqətinə çatdırıb. Cavad Cavadov bildirib ki, prezidentin imzaladığı sərəncama əsasən yüngül səpkili cinayətlərdə ittiham olunan şəxslərin cəzası, həbs xarakterli olmayan alternativ cəzalarla əvəz edilə bilər. Şeyx Sərdar Hacıhəsənlinin də ittiham olunduğu maddə yüngül xarakterlidir və prezidentin sərəncamına uyğun olaraq məhkəmənin onun cəzasını alternativ cəza ilə əvəzləməsi mümkündür.
Cavad Cavadov həmçinin məhkəmə çıxışı zamanı əlavə edib ki, Şeyx Sərdar Hacıhəsənlinin həbs müddətinin heç bir tutarlı əsas olmadan uzadılması beynəlxalq standartlara ziddir. Vəkil Cavad Cavadov ittiham tərəfinin iddialarına da tutarlı arqumentlə cavab verib. O, bildirib ki, məhkəmə və ittiham tərəfi bütün şahidlərin ifadələrini alıb. Yəni azadlığa buraxılacağı təqdirdə Şeyx Sərdar Hacıhəsənlinin onlara hər hansı bir formada təzyiq göstərməsi, yaxud məhkəmədən yayınması mümkünsüzdür. Lakin dövlət ittihamçısı məhkəmədən vəkilin vəsatətlərinin təmin olunmamasını istəyib. Məhkəmə Cavad Cavadovun heç bir vəsatətini təmin etməyib.
Şeyx Sərdar Hacıhəsənlinin digər vəkili Osman Kazımovda vəsatətlə çıxış edərək Şeyx Sərdar Hacıhəsənlinin ittiham olunduğu maddəni keyfiyyətsiz adlandırıb. O, Şeyxin əsassız ittiham olunduğunu məhkəmə heyyətinin diqqətinə çatdırıb. Eyni zamanda Şeyx Sərdarın ittiham olunduğu maddənin Konstitusiyanın 48-ci, (hər bir insanın sərbəst toplaşmaq və dini ayinləri birgə yaxud fərdi şəkildə icra etmək səlahiyyətləri var) Avropa Konvensiyasının isə 9-cu maddəsinə zidd olduğunu deyib. Bu səbəbdən də ittiham maddəsinin Konstitusiya məhkəməsinə göndərilərək araşdırılmasını istəyib. Lakin hakim bu dəfə də vəsatəti təmin etməyib.
Qeyd edək ki, ötən məhkəmə prosesində səsləndirilən vəsatətlərin 2-si baxılmamış qaldığından, müdafiə tərəfi bu dəfə də onları diqqətə çatdırıb: “ Məhkəmə prosesinin audio və video çəkilişlərinin təmin olunması, Şeyx Sərdar Hacıhəsənlinin polislərin əhatəsində deyil, vəkillərin yanında əyləşməsi və şikayətçi tərəf olan Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun məhkəməyə gələrək sualları cavablandırması məhkəmə heyyətindən istənilib. Lakin hakim Anar Alməmmədov heç bir vəsatəti təmin etməyib.
Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan edib. O, Şeyx Sərdar Hacıhəsənlinin özünü elan edilən ittihamla təqsirli bilib-bilmədiyini soruşub. Şeyx Sərdar Hacıhəsənli məhkəmədə çıxış edib. O, məhkəmədə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib: “ İnsanın arxasındakı divar hündür olanda, o divarın qaranlığı və kölgəsi də böyük olur. İslam təlimlərində belə bir fikir var ki, hakimin başmağı ayağını sıxsa, o ədalətli və rahat məhkəmə prosesi apara bilməz. Çünki buna bədəninin fiziki ağrısı imkan verməz. Eyni zamanda hakimlər digər insanlardan asılı olmamalıdırlar”. Daha sonra Şeyx sözlərini bu fikirlərlə davam etdirib: “ Qurani Kərimdə ibadət hesab edilən əməl, Azərbaycan qanunları ilə cinayət hesab olunur. Mən özümü təqsirli bilirəm desəm, o zaman Allaha bu günə qədər etdiyim ibadətləri və bəndəçilik vəzifələrmi puç etmiş olacam. Əgər əksini desəm, o zaman da siz mənə qarşı əsassız ittihamlardan ibarət olan cinayət işi açaraq, ağır cəza verəcəksiniz. Bu dəqiqə məhkəmədə iştirak edən hər kəs paradoksal və ziddiyyətli vəziyyətin yarandığının şahidi olur. Bu gün sanki ateizm qanunları ilə İslam dini mühakimə edilir. Ən xırda vəsatətləri təmin etməməyiniz , sizin sifariş və basqı altında məhkəmə keçirdiyinizi deməyə əsas verir. Bu gün Azərbaycanın 50-dən artıq məscidlərində cümə günü qılınan namazlarla, mənim etdiyim ibadət arasında heç bir fərq olmadığı halda, niyə ancaq mənə qarşı cinayət işi açılır”.
Çıxışdan sonra dövlət ittihamçısı Şeyx Sərdarın hansı universitetdə təhsil aldığını soruşub və ilahiyyatçı sualı ətraflı və dəqiq şəkildə cavablandırıb. Hətta cümə sözünün mənasının geniş izahını da açıqlayıb. Allahın “Cümə” surəsinə görə, cümə namazını vacib buyurduğunu vurğulayıb. Şeyx Sərdar Masallı Cümə Məscidinə Qafqaz Müsəlmanları İdarəsinin yerli nümayəndəsinin dəvəti ilə gəldiyini yenidən məhkəmə heyətinin diqqətinə çatdırıb. Bunu qadağan edən qanun barədə isə ona nə yazılı, nə də şifahi formada məlumat verilmədiyini deyib. Bu səbəbdən də ittiham edildiyi maddənin ona aid olmadığını vurğulayıb.
Çıxışdan sonra məhkəmə fasiləyə yollanıb. Prosesin ikinci hissəsində şahidlərin ifadələri dinlənilib. Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin cənub zonası üzrə baş məsləhətçisi Kamil Bağırov ifadəsində Şeyx Sərdar Hacıhəsənlini 2013-cü ildən tanıdığını bildirib və xaricdə dini təhsil aldığı üçün ona məsciddə xütbə söyləməsinin qanuna zidd olduğu haqda bilgi verdiyini deyib. Lakin Şeyx Sərdar Hacıhəsənli şahidin verdiyi ifadələrin həqiqəti əks etdirmədiyini bildirib. Şahidin istintaqa verdiyi ifadə ilə məhkəməyə danışdıqları arasında ziddiyyətlərin olduğunu vurğulayıb. Digər şahid Masallı rayon icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev də məhkəmədə ifadə verərkən çaşqınlıq yaşayıb. Belə ki, onun istintaqa verdiyi ifadəsindən xəbərsiz olduğu vəkillərin sualları əsasında ortaya çıxıb. Buna baxmayaraq şahid Şeyx Sərdara yaxınlaşaraq məsciddə xütbə söyləməsinin qanuna zidd olması barədə xəbərdarlıq etdiklərini məhkəmə heyətinin diqqətinə çatdırıb. Şeyx Sərdar Hacıhəsənli isə öz növbəsində şahidin dediklərinin yalan olduğunu deyib. Bildirib ki, insanları bu qədər kişilikdən salmaq olmaz. Ümumiyyətlə məhkəmə prosesi zamanı vəkillər tərəfindən verilən suallar əsnasında, onların saxta və qondarma ifadələr verdikləri, həmçinin yalançı şahidlər olduqları üzə çıxıb. Bu onların ifadələrindəki çaşqınlıqlardan aydın hiss olunub.
Xatırladaq ki, növbəti məhkəmə prosesi iyun ayının 7-si, saat 14:00-da digər şahidlərin ifadələri ilə davam edəcək.