“Amerikalıların İrana qarşı ciddi hərbi aksiya başlatmağa gücü çatmayacaq”.
İran Silahlı Qüvvələrinin rəsmisi briqada generalı Hüseyn Dehqan bəyan edib ki, “amerikalıların İrana qarşı ciddi hərbi aksiya başlatmağa gücü çatmayacaq”.
“Amerikalıların genişmiqyaslı müharibəyə girişmək istəməmələri faktı göstərir ki, nə Yaxın Şərq regionu daha bir dağıdıcı münaqişəyə hazırdır, nə də ki, ABŞ-ın özü İranla mübarizə üçün dünya ictimaiyyətini dəstəyini ala biləcək və ya bunun üçün lazımi hərbi potensiala sahibdir”, – deyə o qeyd edib.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun İrana xəbərdarlıq məqsədi ilə Fars körfəzi zonasına hərbi gəmilərin göndərilməsinə dair bəyanatını şərh edən iranlı general bildirib ki, “hərbi təhlil və qiymətləndirmələrdə qoşunların və ya hərbi texnikanın bir yerdən başqa bir yerə göndərilməsi müharibəyə hazırlıq kimi qəbul edilir”.
O həmçinin əlavə edib ki, ABŞ və İsrail rejimi Səudiyyə Ərəbistanı ilə birlikdə dünya ictimaiyyətində belə bir fikir yaratmaq istəyirlər ki, “Yaxın Şərq, guya ki, yeni ciddi böhran astanasındadır”.
“Lakin bu 3 ölkə çox gözəl anlayır ki, ilk atəşi açan tərəf genişmiqyaslı münaqişədən ən böyük zərəri görəcək tərəf olacaq”, – deyə o qeyd edib.