
“İslam Partiyasının adının dəyişdirilməsi məsələsi gündəmdə deyil və biz bunu müzakirə etməmişik”.
Bunu Modern.az saytına açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov partiyanın adının dəyişdirilməsi ilə bağlı yayılan məlumatı şərh edərkən deyib. Qeyd edək ki, məlumatda vurğulanır ki, Ədliyyə Nazirliyi AİP rəsmilərinə partiyanın adının dəyişdiriləcəyi təqdirdə qeydiyyat məsələsinə baxılacağının mümkünlüyünü deyib.
E. Manafovun sözlərinə görə, Ədliyyə Nazirliyi qeydiyyat məsələsinə görə partiyanın adının dəyişdirilməsi tələbi ilə çıxış etməyib. E. Manafov bildirib ki, onlar birmənalı olaraq partiyanın adının dəyişdirilməsini istəmirlər. “Biz əlbəttə ki, indiki adı istəyirik. İslam Partiyasının ali orqanı Baş Məclisdir. Biz partiyanın adının dəyişdirilməsi kimi mühüm məsələni orda müzakirə edə bilərik. Həmçinin partiyanın lideri Hacı Mövsüm Səmədovun xeyir-duasını da nəzərə almalıyıq”,-deyə partiya rəsmisi söyləyib.
Qeyd edək ki, 1995-ci ildən AİP-in qeydiyyatı ləğv edilib. Sözügedən partiya həmin vaxtdan bu günə qədər Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayıb.