İslamçılar şəraitə görə doğru yoldadır

Demokratik şərait olandan sonra islamçıların qələbəsi şəksizdir .
Bir neçə gündür islamçıların Milli Şurada təmsil olunması məsələsi ətrafında yaranan müzakirələr davam etməkdədir, islamçıların Milli Şurada qalması üçün də əsas tapan az deyil, ordan getməsi üçün də, bəlkə, eyni məntiqlə yanaşılsa elə bütün qüvvələrin Milli Şurada təmsilçiliyində təzad tapmaq olar, intəhası bu ölkədə islamçıların daşı ağırdır.
İslamçıların Milli Şuradakı iştirakı məsələsi Elçin Manafovun, Mövsüm Səmədovun və Abgül Süleymanovun açıqlamalarından sonra daha da təzadlı tərəfləri ilə üzə çıxarıldı.
Nardaran Ağsaqqallar Şurasının sədri, İslam Partiyası Baş Məclisinin üzvü məşədi Natiq Kərimovun mətbuata verdiyi müsahibəsi iki gündür geniş yayılıb.
Müsahibəni oxuyarkən məşədinin çox sağlam, praqmatik bir mövqe ortalığa qoyduğunu görürsən, həm də onu görürsən ki, islamçılar artıq özlərini cəmiyyətə təqdim edə bilir, cəmiyyətdən dəstək qazana bilir və nəticədə siyasi səhnədə bir mövqe sahibi kimi təsdiqlənir.
Verdiyi müsahibədə məşədi Natiq Mövsüm Səmədovun Milli Şuradan getməsini bu cür izah edib ki, onun həbsdə olduğu ciddi rejimli cəza müəssisəsində müstəqil mətbuatı izləmək və hadisələr haqqında məlumatlı olmaq imkanı yoxdur. Bu da o deməkdir ki, Mövsüm informasiya ala bilmədiyi üçün, onunla tərəfdaşları, partiya silahdaşları görüşüb yerli yataqlı məlumat verə bilmədiyi üçün, sözsüz ki, qəbul etdiyi qərarlarda səhvə də yol verə bilər, bu məntiqə uyğundur, hələ ən yaxşı halda istənilən insan səhv edə bilər, o ki qala məlumatsız məhbus ola.
Rövşən Əhmədli ilə axıra qədər Milli Şurada qalacağını və seçkilərdə Rüstəm İbrahimbəyov dəstəkləyəcəyini bildirən məşədi Natiq, onu da qeyd edib ki, Mövsüm Səmədovla müqayisədə Rüstəm İbrahimbəyovun seçkidə iştirak etmək şansı, namizədliyinin qeydə alınması daha çox realdır.
Həqiqətən, Mövsüm Səmədovla bağlı məhkəmə 12 il azadlıqdan məhrumetmə cəzası çıxarıb, doktor Səmədovun özü azadlığa çıxmaq naminə əqidəsi, mənəvi dəyərlərini satıb hakimiyyətin əmrinə keçməz, ədalət naminə deyim ki, elə hakimiyyət özü də Mövsümdən belə bir şey tələb etməz, ona görə yox ki, onun qayğısına qalır, ona görə ki, İlham Əliyev beynəlxalq aləmdən sərt təpki olmadan heç bir vijdan və siyasi məhbusu azadlığa buraxmır, şərtlə olsa belə.
Biz də yaxşı bilirik ki, Mövsüm Səmədova görə, heç bir beynəlxalq aləmdən İlham Əliyevə tələb gəlməyib, hansı ki, indi prezident Əliyevin var dövləti, qərbdə dəstəyi o qədər güclüdür ki, belə tələb olsa belə istəmədən, məcburən Mövsümü həbsdən buraxmaz. Odur ki, məşədi haqlıdır, Rüstəm İbrahimbəyov Bakıya döndüyündə həbs olunsa belə, bu günkü gün üçün onun namizədliyi, seçkidə iştirakı daha realdır. Ancaq burda bir vacib məqam da var ki, mütləq onu qeyd etmək lazımdır, bəli artıq bir neçə islamçı Milli Şuranı tərk etdi, İslam partiyasının sədri Mövsüm Səmədovun namizədliyi irəli sürülüb və onlar doktor Səmədovu dəstəkləyəcək.
Hacı Mövsüm həbsdən çıxsa da, 12 il türmədə qalası olsa da, artıq islamçılar üçün fərq etməz, madam Mövsüm Səmədovun namizədliyini irəli sürüblər və hacı da bu qərarla razılaşıb, onda gərək seçki kampaniyasını layiqincə, yüksək səviyyədə, əzmkarlıqla, məntiqi sonuna qədər aparsınlar. Bu həm islami nöqteyi nəzərdən həm də dünyanın tanıdığı və qəbul etdiyi siyasi dəyərlər baxımından vacibatdır.
Sonda islamçıların seçkilərə münasibətindəki mövqeyi məsələsini şərh edim. Bir çoxları, islamçıların bir qisminin Mövsüm Səmədovun namizədliyini dəstəklədiyini digər bir neçə nəfərin Milli Şurada təmsil olunmalarını fikir ayrılığı və ya iki tirəlik kimi qiymətləndirir, ancaq bu səhv yanaşmadır.
Birincisi söhbət siyasətdən gedirsə fikir ayrılığı gözlənilən, bəlkə də normal bir haldır, ən azı dünyəvilərin münasibətində biz bunu tez tez eşidirik, indi sual yaranır ki, niyə dünyəvilərdə bir neçə fikir meydana gələ bilər, islmaçılarda yox?
İkincisi, burda islamçılar arasında ümumiyyətlə heç fikir ayrılığı da yoxdur, sadəcə olaraq islamçılar uzaqgörənlik edib, öz fəaliyyətlərini, gələcəklərini sığortalamaq üçün bir yox bir neçə cəbhədə mövqelərini qoruyub saxlayırlar, bu da öz növbəsində onların uzağı görmələrindən xəbər verir.
Məşədi Natiq haqlı deyir, əgər Azərbaycan demokratik ölkə, İlham Əliyev demokratik prezident olsaydı, hamı üçün bərabər şanslar tanısaydı, o zaman nə Mövsüm və digər dindarlar həbsdə olardı, nə də ki, islamçılar məcburən bir neçə yerdə mövqe saxlamazdı, hamı bir təşkilatda birləşərdi. Ola bilər ki, demokratik şəraitdə də güclərin dversifikasiyasına ehtiyac var, düzdür, ancaq məsələ burasındadır ki, demokratik şərait olandan sonra islamçıların qələbəsi şəksizdir, onlar hamıdan qat qat çox səs ala bilər və elə o zaman indiki kimi bir neçə cəbəhədə olmaları iki tirəlik sayıla bilərdi, bu gün isə şərait başqadır.