İslamçılar seçkilərin nəticələrindən narazıdır

Natiq Kərimov: “Qələbəyəcən Milli Şuranın yanındayıq, əlimizdən nə gəlirsə, edəcəyik…”
“Əvvəla, bu seçkini heç seçki adlandırmazdım. Seçki prosesi 100 faiz saxtakarlıqla müşayiət olundu, həm sakit keçən yerlərdə, həm də müşahidəçilərin çox olduğu məntəqələrdə zor tətbiq eləməklə tamamilə saxtakarlıqla keçirildi. Saxtakarlığın həddi-hüdudu olmadı. Mən çox seçkilərdə iştirak etmişəm, müşahidə etmişəm, müşahidəçi, vəkil olmuşam, amma bu qədər saxtakarlıq görməmişəm. Sözün əsl mənasında Allahdan qorxmayan insanları gördüm bu seçkilərdə. ATƏT-in seçkilərlə bağlı rəyi ilə razıyam, düşünürəm ki, hələ xeyli yumşaq ifadə olunub”.
Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Milli Şuranın üzvü, İslam Partiyası Baş Məclisinin üzvü və Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib. Seçki prosesini izlədiyini qeyd edən N.Kərimov Bakı ətrafı qəsəbələrdə müşahidə apardığını və ciddi saxtakarlıqların şahidi olduğunu bildirdi: “Mənə çox yerdən xəbər verirdilər, əllərimizi tutub bülleten atırdılar. Nardaranda saxtakarlıq seçki vaxtı olmadı, amma sonradan rəqəmləri şişirtdilər. Seçkinin sonunda mən məntəqələrdən birində səslərin sayılması prosesində iştirak etdim. Məntəqənin bağlanmasına 15-20 dəqiqə qalmış bir nəfər gəldi, üzərində heç bir sənədi, vəsiqəsi yox idi. Əlində də bir dəstə, təxminən 300-ə yaxın bülletenə bənzəyən kağız vardı. Əvvəlcə keçib komissiya sədri ilə danışdılar, ardınca isə bülletenləri saxtalaşdırdılar. Sonra isə mənə deyir ki, həci, istəsən sənə protokol verək. Orda qalmaqal yarada bilərdik, amma bu adamlar kəndin müəllimləridir, kəndimizdə uşaqlara dərs deyirlər. Bu qədər saxtakarlıq etdilər, Allahdan da qorxmurdular. Bizim camaat Allahdan qorxan adamlardır, hətta içlərində hacı, kərbəlayi olanlar da vardı. Məsələ Həccə, Kərbəlaya getməklə deyil, insanın özündə Allaha iman olmalıdır”.
Seçki prosesinin tam qanunsuz keçdiyini qeyd edən Nardaran ağsaqqalı dindarların böyük əksəriyyətinin Milli Şuranı dəstəklədiyini və seçki saxtakarlıqlarına qarşı mübarizəni davam etdirəcəklərini bildirdi: “Mən gündüz Nardaranla yanaşı, Maştağa, Bilgəhdəki məntəqələri gəzdim, iştirak faizi çox aşağı idi. 15-20 faiz ola-olmaya. Amma axşam nəticələr elan olunanda məlum oldu ki, guya 80 faiz iştirak olub, çoxluq da İlham Əliyevi seçib. Aydın məsələdir ki, bu səslər sonradan qutulara doldurulan bülletenlər hesabına olub. Bunun canlı şahidləri də var. Amma Allah hər şeyi görür axı. Bizim mübarizəmiz davam edir. 1000-dən artıq məntəqədə qanun pozuntusu ilə bağlı əldə sənədlər var. Bu məlumatların hamısını ictimailəşdirmək və bununla da bu adamların saxtakarlıq etdiklərini bütün dünyaya göstərmək lazımdır. Biz Milli Şurada fəaliyyətimizi davam etdiririk, qəbul olunan qərarları icra etməyə hazırıq. Qələbəyəcən Milli Şuranın yanındayıq, əlimizdən nə gəlirsə edəcəyik”.
Qeyd edək ki, İslam Partiyasının prezident seçkiləri ilə bağlı mövqeyində haçalanma olub. Sentyabrın 6-da AİP Baş Məclisi İlyas İsmayılovun namizədliyini dəstəkləməklə bağlı qərar verib. Ancaq partiyanın həbsdə olan sədri bu qərara qoşulmayıb və seçkilərini boykot etdiyini açıqlayıb. Eyni zamanda bununla yanaşı həm Milli Şuraya, həm də İ.İsmayılova uğur arzuladığını bəyan edib. Seçkilərdən dərhal sonra açıqlama verən AİP sədrinin müavini Akif Heydərli mediaforum.az saytına açıqlamasında nəticələrdən razı qalmadıqlarını, İlyas İsmayılova az səs yazıldığını bildirib. Sitat: “Səsvermə günü günortadan sonra güclü qanun pozuntularının olduğu haqda məlumatlar almışıq. Bunlar kütləvi xarakter daşımasa da, seçkinin nəticəsinə təsir edən amillərdir. İlham Əliyevin səs çoxluğu qazanmasına şübhə ilə yanaşmıram, amma onun 84 faiz səs toplaması bir qədər sual altındadır”.
birlik