AktualAktualXəbər lenti

Qüds Günü – Qarabağ Günüdür…

İslaminsesi.az saytı Qüds günü ilə bağlı virtual forum təşkil edir. Forumda nüfuzlu din xadimləri, ruhani alimlər, siyasətçilər, ictimai-siyasi xadimlər təmsil olunacaqlar. Əziz oxucular, sizi Forumun işində yaxından iştirak etməyə, Qüds günü və onun ictimai-siyasi əhəmiyyəti ilə ilə bağlı fikir və rəylərlə tanış olmağa, elmi-fəlsəfi müsakirələri izləməyə dəvət edirik. Tədbirdə səslənəcək fikirlər, müsahibələrlə bağlı rəy və təkliflərinizi gözləyirik.

Saytımızın oxucuları Forum iştirakçılarından daha birinin, “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri, fəlsəfə doktoru Elşən Mustafaoğlunun Qüds Günündən bəhs edən və maraqlı fikirlərlə zəngin yazısı ilə tanış ola bilərlər.

Qüds – paklıq, müqəddəslik deməkdir. Bu söz özündə ilahi-qüdsi dəyərləri ehtiva edir. Hələ qədim dövrlərdən mütəfəkkirlərin Qüds şəhərini “Vəhyin əski paytaxtı” adlandırması buranın peyğəmbərlər şəhəri olması, bəşəriyyətin ilahi ilə təmasda xüsusi rol oynaması ilə bağlıdır. Bu baxımdan Qüds artıq öz mahiyyəti etibarilə cahanşümul xarakter daşıyır və obrazlı desək, təkcə bir şəhərin, bir məkanın adını deyil, millətindən, dilindən, dinindən asılı olmayaraq, bütün bəşəriyyət üçün əhəmiyyət kəsb edən ilahi dəyərlərə verilən ümumi ad mənasını əks etdirir.
Elə ilahi vəhy ocağı olan Qüds şəhəri də təkcə Fələstinin, yaxud Yaxın Şərqin deyil, bütün dünyanın ortaq dəyəridir. Buranın ilahi dinlər tərəfindən Müqəddəs Şəhər statusunu daşıması da dediyimizi təsdiqləməkdədir.
İlin 365 günü arasında müqəddəs adlandırılan şəhərin (Qüds) adını daşıyan bir gün də var – Qüds Günü. Həmin Gün həm də Müqəddəs ayın – Ramazan ayının mübarək Cüməsinə təsadüf edir. “Vəhy şəhər”inin adını daşıyan bu gün, vəhy ayının son cümə günüdür. Həmin günün “Qüds Günü” adlandırılması bu şəhərin azad edilməsi amalı ilə bağlı olsa da, əslində yer üzündə işğal altında olan bütün ərazilərin azad edilməsi amalı kimi də qəbul edilə bilər. Belə olduqda, “Qüds Günü” – yəni Müqəddəs Gün bizlər üçün həm də Qarabağ Günüdür. 20 ildən artıqdır erməni işğalçılarının təcavüzünə məruz qalmış və indiyədək işğal altında qalan ərazilərimizin azadlığına çağırış edən qüdsi bir gün…
Məsələyə belə yanaşdıqda deyə bilərik ki, əslində, digər xalqların da öz Qüds günləri vardır. Qüds günü dedikdə, yalnız Qüds şəhəri deyil, həm də həmin xalqların işğal edilmiş müqəddəs dəyərləri, təcavüzə məruz qalmış əraziləri nəzərdə tutulur. Bizlər üçün də Qüds günü həm də “Qarabağ Günü” deməkdir.
Doğrudur, Qüdsün ətrafında yaranmış problem son altmış ildə dünyanın ən ağrılı problemlərindən biri olaraq qalmaqdadır. Dünya birliyi bu problemin həllini tapmaqda hələ də acizdir. Amma bəşər tarixi bir nöqtədə dayanmır və tarix davam edir; yeni-yeni işğalların, yeni-yeni təcavüzkarlıqların şahidi olur. Yəni məsələ Qüds şəhəri ilə məhdudlaşmır. Ramazan ayının son Cümə günü əslində bütün təcavüzkarlıqlara “yox!” deyildiyi bir gündür.
Deməli, Qüds günü göz önündə təkcə Qüds şəhərini deyil, dünyanın bütün nöqtələrində olan qüdsləri, işğala məruz qalmış bütün əraziləri, təcavüzkarların tapdağı altında inildəyən bütün torpaqları, üstəlik, yalnız torpaqları deyil, beyinləri, düşüncələri, qəlbləri, ruhları azad etməyi canlandırır! Çünki Qüds Günü bir simvoldur! “Qüds” – həmin günün şərti adıdır. Özündə Müqəddəs, qüdsi dəyərləri canlandıran bir rəmzdir. Həmin günün başqa adları da var – “Şuşa Günü”, “Kəlbəcər Günü”, “Xankəndi Günü”, “Zəka Günü”, “Ruh Günü”…
Qüds Gününü bütün haqsızlıqlara qarşı bir Etiraz Günü sayıb, zülmə, haqsızlığa “yox!” demək üçün bir fürsət kimi qəbul etmək olar. Yer üzündə baş verən haqsızlıqlara son qoymaq üçün! Yeni-yeni haqsızlıqların ərsəyə gəlməməsi üçün! İşğal altında olan Qarabağımızın işğaldan azad edilməsi üçün…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button