ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İsmayıllıda sel əhaliyə ciddi ziyan vurub

“Toyuq-cücəni, qoyun-quzunu sel apardı, taxıl suyun altında qaldı. Yenə bu qış ac qalacağıq”.
Bunu Meydan TV-yə İsmayıllı rayon Mollaisaqlı kənd sakinləri bildiriblər. Onların sözlərinə görə, avqustun 26-da yağan yağışdan yaranan sel nəticəsində kənddə hər üç ailədən biri zərər görüb. Evlərə, həyətlərə, tövlələrə su dolub, damlar uçub.
“Kəndin yolları elə gündədir ki, qonşu qonşunu haraylayıb xəbər tutur. Bilirik ki, çoxunun mal-qarasını, qoyunlarını sel aparıb. Taxıl yığılmışdı, preslənmiş taxıl suyun içindədir. Qış azuqələrimiz məhv oldu”,-sakinlərdən biri danışıb.
Vaqif adlı sakin isə bildirib ki, evlərinə dolmuş suyu vedrələrlə təmizləyirlər:
“Bu, ilk dəfədir baş vermir. Bütün yayı əziyyət çəkib, əkib-becəririk, sel gəlir, əziyyətimiz puç olur. Deyirlər ki, heyvanları, əkin sahələrini sığorta etdirin. Amma nə şərtlərdən, nə də sığortanın qiymətlərindən xəbəriniz yoxdur. Gəlib baxsınlar, qapı-qapı döyüb sorusunlar, o şərtlərlə tək bizim kənddə deyil, digər kəndlərdə də kim sığorta olunub?”.
Kənd sakinləri ən azı 250-dən çox xırdabuynuzlu heyvanın, 100-ə yaxın mal-qaranın sel apardığını deyirlər:
“İnternet yoxdur, işıq bərpa edilib, vəziyyətimizi çəkib göstərə bilmirik”.
Kəndin 1300 əhalisi, 260 təsərrüfatı var.
Mollaisaqlı Kənd Bələdiyyəsinin sədri Rövşən Babayev Meydan TV-yə bildirib ki, kənd yolları tamamilə dağılıb, hərəkət çətinləşib. Hazırda kənd yollarının təmizlənməsi istiqamətində tədbirlər görülür.
