İranı eşitməməklə nə dəyişəcək?

Yerli mətbuatın verdiyi xəbərə görə noyabrın 19-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm keçirdiyi mətbuat konfransında Azərbaycanda həbs olunmuş İran vətəndaşı Həsən Fərəcidən bəhs edib.
Qeyd edək ki, Fərəci İsrailin Bakıdakı səfirliyi qarşısında terrorda şübhəli bilinərək həbs olunub. Terrorda şübhəli bilindiyini haqqında isə Azərbaycan hüquq mühafizə orqanları geniş açıqlama verməsələr də, həbsxanda İran vətəndaşının cürbə cür işgəncələrə məruz qaldığı barədə xəbərlər gəlməkdədir.
Xanım Əfxəmin açıqlamasından belə məlum olur ki, rəsmi Tehran İran vətəndaşı ilə bağlı diplomatik kanallarla müəyyən fəaliyyət göstərir, ancaq real olaraq heç bir nəticə əldə olunmayıb, Həsən Fərəci haqqında dəqiq məlumat belə əldə edə bilməyiblər. Ancaq İran tərəfi nikbinlik də nümayiş etdirir, XİN-in sözçüsü ümid edir ki, Azərbaycan tərəfi İran vətəndaşının vəziyyəti ilə bağlı hansısa bir açıqlama verəcək.
Başqa maraqlı bir məqam budur ki, xanım Əfxəm Azərbaycan hakimiyyətini məsuliyyətli olmağa səsləyib. Ancaq məsələ ondadır ki, bütün Azərbaycan xalqı, bütün dünya Azərbaycan hakimiyyətini məsuliyyətli olmağa çağırır, di gəl bu çağrışları əliyev rejimi nümayişkarənə qulaq ardına vurur və hər şey də hakimiyyətin öz istədiyi kimi davam edir. Ona görə İlham Əliyev hakimiyyəti elə qənaətə gəlib ki, İran vətəndaşını həbsxanada işgəncəyə məruz qoymaqla, bədəninə siqaret yandırmaqla (bu Azərbaycan həbsxanaları üçün adi işgəncəyə çevrilib) və bunun müqabilində rəsmi Tehranın çağrışlarını əhəmiyyət verməməklə heç bir şey dəyişməyəcək. Maraqlıdır, Azərbaycan hakimiyyəti İranı eşitməsə İran hansı tədbir görəcək?