Məhəllat və Dilican əhalisinin İslami Şura Məclisində təmsilçisi Əlirza Səlimi yazıb: “Cənab Məmmədov! Gör, kimin əli sənin belindədir və gör səni kökləyən kimdir? Elə ki, kökləndin, ağan İsrail üçün çox yaxşı rəqs edirsən.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının həyasız sayıqlamaları iranlı millət vəkillərinin reaksiyalarına səbəb olmuşdur. Bir neçə gün əvvəl Azərbaycan, Pakistan və Türkiyənin birgə hərbi manevrləri ilə eyni zamanda deputat Hüseynquliyev mətbuata müsahibəsində İran İslam Respublikasının ərazi bütövlüyünə qarşı cəfəng sözlər danışdı və Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amilinin sərt reaksiyası ilə qarşılaşdı.
Bu reaksiyaların davamında dünən İslami Şura Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü deyib: “İran İslam Respublikası Azərbaycan, Pakistan və Türkiyənin manevrini izlədi və sərhədlərin o tayında baş verən hərəkətlərin hamısını izləyir və bir sıra şübhəli hərəkətlərə qarşı xəbərdarlıq edir.”
Fədahüseyn Maliki Azərbaycan Respublikası hökumətinin son günlərdə Ermənistana yük daşınmasına maneçilik yaratması kimi anti-İran addımlarına da toxunaraq deyib: “Azərbaycan, Pakistan və Türkiyə dövlətlərinin manevrləri naratahlıq doğurur və İranın dost və qardaş Azərbaycan Respublikasından gözləntisi daha çox idi.”
Təhlükəsizlik komissiyasının üzvü əlavə edib: “Azərbaycan, Pakistan və Türkiyənin birgə manevrləri hər hansı ad altında keçirilməsindən asılı olmayaraq, dünya təhlükəsizlik və hərbi dairələri onun haqqında ayrı cür düşünür. Bakı bir sıra hərəkətlərində ehtiyatlı olmalıdır. Çünki sionist rejimi kimi düşmənlər bölgənin balansını pozmağa cəhd edirlər.”
Zahidanlı millət vəkili vurğulayıb: “Pakistan və Türkiyə kimi ölkələrdən də gözləntimiz budur ki, hər hansı addımı atmazdan əvvəl İran İslam Respublikası ilə razılaşsınlar.”
Maliki İran və Ermənistan arasındakı ticarət mübadiləsi yolunu bağlamağın düzgün addım olmadığını bildirərək deyib: “Ermənistan müstəqil bir ölkədir. İranın da regionun ölkələri ilə ticarət mübadilələri mövcuddur. Bakı bölgədə problem yaratmaq ardınca olan ölkələrin əlinə bəhanə verməmək üçün bu hərəkətinə yenidən baxmalıdır. Çünki bu addımın Bakının özü üçün problemi daha çoxdur.”
“İSNA”-nın verdiyi xəbərə görə, Ayətullah Amili Ərdəbilin cümə namazı xütbələrində Azərbaycan Respublikası xalqına müraciət edərək deyib: “Azərbaycan xalqına deyirəm ki, ötən həftə xütbələrimizdə sizin bəzi deputatlarınızın sözünü çatdırdıq. Onlar deyirlər: “İran dünya xəritəsindən məhv olmalıdır. İran parçalanacaq və onun hər yerində türk bayrağı asacayıq”. Bu sözləri İran sərhədinin o tayında üç ölkənin manevri ilə eyni zamanda paylaşırlar. İndi siz özünüz hökm edin və sizin hökmünüz daha yaxşıdır: Biz müqəssirik, yoxsa onlar? Biz müdaxilə edirik, yoxsa onlar? Biz münasibətləri pozuruq, yoxsa onlar? Biz təhdid edirik, yoxsa onlar? Sizin nəzərinizcə, biz cavab verməliyik, ya sakit qalmalıyıq?
Əgər bu sözlər sizin ölkəniz barədə deyilsəydi, sakit qalardınız, ya cavab verərdiniz?
Biz də cavab verdik ki, sizin (bu sözləri deyənlərin) gücü bizə çatmaz. İran şir kimidir. Bu söz təhqirdirmi? Müdaxilədirmi?
Onlar cavab verdilər ki, biz şirin quyruğunu kəsərik! Bu söz bir şəxsiyyətə və bir deputata yaraşarmı?”
Ayətullah Amili İran əleyhinə mövqe tutmuş Azərbaycan Respublikasının bəzi deputatlarına xitab edərək deyib: “Bizim manevrlə, İran yük maşınları məsələsi ilə, Azərbaycan Respublikası hökuməti və Azərbaycan Respublikası xalqı ilə işimiz yoxdur. Bizim müraciətimiz yalnız həmin bir neçə deputatadır. Biz onlardan cavab gözləyirik. Nə iradı vardır ki, biz onlarla birlikdə oturaq, İran və Azərbaycan Respublikası haqda səmimi söhbətləşək və onlar da bizə İrandan hansı pisliyi gördüklərini və ona görə də bu ölkəni dünya xəritəsindən məhv etmək istədikləri barədə izah versinlər. Bizdən hansı pisliyi görüblər ki, öz dedikləri kimi bizim ölkəmizi üç ilə qədər parçalamaq və İranın hər yerində türk bayrağı asmaq istəyirlər? Həqiqətən də bilmək istərdim ki, mənim millətim, hökumətim və ölkəm hansı günaha görə dünya səhnəsindən məhv olmalıdır?”