Azərbaycan Respublikasınn Tehrandakı səfiri İran şirkətlərinin azad olunmuş ərazilərdə sərmayə yatırmağa dəvət olunuduqlarını bildirib
Qafqaz.ir-nin məlumatına əsasən, Azərbaycanın İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranın “İRİB” xəbər agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan prezidentinin sərəncamları ilə işğaldan azad olunmuş ərazilərdə Şərqi Zəngəzur iqtisadi rayonu, Qarabağ iqtisadi rayonu, Araz Vadisi İqtisadi Zonası kimi bölgələr yaradılıb və İran şirkətləri də həmin ərazilərdə sərmayə yatırmağa, bərpa və quruculuq işlərində iştirak etməyə dəvət olunublar.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi regionda yeni reallıqlar yaratmaqla yanaşı İranla əlaqələrdə də əlavə yeni imkanlar açıb.
Səfir Əli Əlizadə qeyd edib ki, Azərbaycanın İranla sərhəd ərazilərinin 132 km hissəsi erməni işğalından azad edilib və artıq İranla olan sərhədlər tam olaraq Azərbaycanın nəzarətindədir. Azərbaycan Prezidenti Azərbaycan-İran sərhəddini dostluq sərhəddi adlandırıb.
Səfir bildirib ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlara və özəl şirkətlərə gömrük və vergi güzəştlərinin, sosial sığorta, kommunal xidmətlər və digər güzəştlərin tətbiqi barədə təlimatlar verilib: “Orada fəaliyyət göstərən şirkətlərlə dövlət‒özəl sektor tərəfdaşlığının yaradılması və tam dövlət dəstəyinin verilməsi aidiyyəti qurumlara tapşırılıb. İcra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və regionun iqtisadi inkişafında mühüm rol oynayacaqdır. İran şirkətləri də əminəm ki, bu inkişafa öz tövhəsini verəcək”, deyə Əli Əlizadə əlavə edib.