Nəcəf-Kərbəla yolunda azərbaycanlı zəvvarların Ərbəin yürüşü bir neçə gündür başlayıb və İmam Hüseynin məqbərəsi istiqamətində piyada yürüşlər davam edir.
Qafqaz.ir xəbər verir ki, azərbaycanlı zəvvarlar ötən həftənin şənbə günündən etibarən Ərbəin ziyarətinə yola düşüblər.
Yalnız hava yolu ilə baş tutan bu turlar cari həftənin əvvəlində də bir neçə dəfə həyata keçirilib.
Artıq azərbaycanlı zəvvarlar Nəcəfdə İmam Əlinin məqbərəsini ziyarət edib və Kərbəla istiqamətində 80 km-lik yolu qət etmək üçün mənəvi yürüşə qatılıblar.
Zəvvarlar cari sentyabr ayının 27-ə təsadüf edəcək Ərbəin günündə özlərini İmam Hüseynin məqbərəsinə çatdıracaqlar. Azərbaycanlı zəvvarlar bu mənəvi yürüşdə 44 günlük vətən müharibəsində canını fəda etmiş şəhidlərimizin fotolarını və banerlərini daşıyır, müəyyən yerlərdə onların adına ehsanlar verirlər.