Kadırovdan dünya liderlərinə sərt təpki

“Bəs nə üçün prezidentlər, krallar və baş nazirlər bir dəfə də olsun yüz minlərlə afrikalının, suriyalının, misirlinin, liviyalının, yəmənlinin və ya iraqlı ilə bağlı keçirilən etiraz aksiyalarına başçılıq etməyiblər?”
Çeçenistanın başçısı Ramzan Kadırov terrorla mübarizədə və terrorizmə yanaşmada ikili standartları qınayır.
“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, İnstaqram səhifəsində Fransada keçirilən sülh marşına münasibət bildirən Ramzan Kadırov Parisdə dünya ölkələri liderlərinin həmrəyliyini dəstəklədiyini, lakin onların hansı terroru qınadıqlarını anlamadığını yazır. Çeçenistanın prezidenti terror aktları zamanı həlak olanlara münasibətin onların milliyyətindən asılı olaraq dəyişdiyinə əmindir. “Bəs nə üçün prezidentlər, krallar və baş nazirlər bir dəfə də olsun yüz minlərlə afrikalının, suriyalının, misirlinin, liviyalının, yəmənlinin və ya iraqlının öldürülməsi ilə əlaqədar keçirilən etiraz aksiyalarına başçılıq etməyiblər? Qroznıda hökumət evi partladılanda, stadionun tribunalarının partladılması nəticəsində ümumxalq səsverməsi ilə seçilmiş prezident Əhməd Hacı Kadırov və onun silahdaşları həlak olanda, Beslanda məktəb tutulanda, Dubrovkada girovlar götürüləndə … onlar niyə susurdular?” – deyə Çeçenistan başçısı soruşur.
Parisdə silahsız insanların qətlə yetirilməsini qınadığını bildirən Kadırov hadisələrin hansısa nüfuzlu güclərin əli ilə törədilmədiyindən əmin olmadığını da dilə gətirir. “Bu hadisə İslam əleyhinə nifrətin alovlandırılması və ya diqqəti qlobal problemdən yayındırmaq məqsədi ilə planlaşdırılan aksiya ola bilməzmi?” – deyə Çeçenistan başçısı sual edib.
Ramzan Kadırov həmçinin müsəlmanların hisslərinin təhqir edilməsinin bütün hallarda yolverilməz olduğunu vurğulayıb. “Müsəlmanlar Peyğəmbərin portretini çəkmir, Onu filmlərdə göstərmirlər. Əgər biz indiyə qədər susuruqsa, bu o demək deyil ki, müsəlmanların dini hisslərini təhqir edənlərə qarşı bütün dünyada milyonlarla insanı etiraz aksiyasına qaldıra bilmərik” – deyə Ramzan Kadırov qeyd edib.