Kasparov, Lütfizadə, Ramil Quliyev və rəhmətlik Məcid babam

1985-ci il. Gecə ilə radioda gözlədiyimiz xəbəri eşidirik. Azərbaycanı təmsil edən Harri Kasparov Anatoli Karpova qalib gələrək, 13-cü dünya çempionu adını qazanır.
Azərbaycan adını radiodan eşitmək böyük qürur hissi yaradır. Futbolda “Neftçi”nin verə bilmədiyini, şahmatda Azərbaycan şahmat məktəbi verdi. Bakının Yuri Qaqarin adına Pionerlər Sarayının 2-ci mərtəbəsinin sağ güncündən şahmata başlayan bir uşaq, dünya çempionu olur.
Ardınca, çox böyük dalğa başlanır. Azərbaycan insanı şahmata doğru böyük bir dalğanı yaşayır.
Sofiyevalar, Vəlixanlılar, Məhərrəmovlar, Sideifzadələr, Həşimovlar, Məmmədyarovlar, Rəcəbovlar bu dalğanın yetirmələridir, əslində.
Lütfizadə. Dünya çaplı alim. Qəti əminəm ki, onun Azərbaycandan olan alim kimi adının hallanması, çoxlu sayda gəncə elmə çanatmada əlavə ciddi stimul verib.
Ramil Quliyev. Bu günlərdə 200 metrlik məsafədə qaçış üzrə dünya çempionu olması, insanımızın ciddi sevincinə səbəb oldu. Birmənalıdır ki, bu uğur da, yüngül atletika sahəsinə marağı artıracaq. Və biz nəticələrini irəli illərdə görəcəyik.
1976 -cı ildə rəhmətlik Məcid babam mərhum atama 12 illik uğurlu neftçi mühəndislik karyerasını yekunlaşdırıb, Vətənə dönməyi tövsiyə etmişdi.
Son illər Vətəndən gedənləri qınamaq mümkün deyil. Ləyaqətli yaşayış üçün faktiki minimal həddə çatdırılmış bir durumda, insanları necə qınamaq olar ki?!
Uca Allahdan diləyirəm ki, insanımız Vətənimizdə ləyaqətli yaşayış potensialının meydana gəlməsində çalışmalar etsin və bütün Vətən övladlarının yaşayıb-yarada bilməsi üçün münbit şərait yaransın.
Hacı İlqar İbrahimoğlu