Aktual

Keçmiş siyasi məhbuslar Siyavuş Novruzovun cavabını verdi

YAP-çı deputat deyib ki, “toyuq oğrusuna da siyasi məhbus adı verirlər”
Sahib Kərimli: «Vaxt gələcək, Siyavuş Novruzov bir filmin komik personajı olacaq»

Şahin Həsənli: «Siyavuş Novruzov bilir ki, böhtanlarına görə məsuliyyət daşımır, ona görə də ağzına gələni danışır»

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov “Qafqazinfo”ya müsahibəsində siyasi məhbuslarla bağlı aşağılayıcı fikirlər işlədib. YAP-çı deputat deyib ki, “toyuq oğrusuna da siyasi məhbus adı verirlər”.

Onun bu fikirlərinə siyasi məhbuslar kəskin cavab verib. Keçmiş siyasi məhbus Şahin Həsənli deyir ki, Siyavuş Novruzov danışdığı yalanlara, böhtanlara görə məsuliyyət daşımayacağını, heç bir məhkəmə təhlükəsi ilə üzləşməyəcəyini bildiyi üçün ağzına gələni danışır: “Bütün cəmiyyət də, beynəlxalq təşkilatlar da bilir ki, siyasi məhbuslar əqidələrinə, ölkədəki ədalətsizliyə, korrupsiyaya etiraz etdiklərinə görə məhbus həyatı yaşayıblar. Ona görə də bu insanları ”vicdan məhbusu” adlandırırlar. Illər öncə Milli Demokratiya Institutunun xətti ilə Polşa səfərində idik və bu səfərdə Mübariz Qurbanlı da iştirak edirdi. Mübariz Qurbanlı o zaman deyirdi ki, biz 50 il hakimiyyətdə olacağıq. 2011-ci ildə mənim cibimə patron qoyub həbs edənlərdən biri məhz Mübariz Qurbanlının bacısı oğlu idi. Bunlar öz qohumlarının əli ilə siyasi rəqiblərini həbs etdirir və bu yolla hakimiyyətdə qalmaq istəyirlər”.

Şahin Həsənli onu da qeyd edir ki, siyasi məhbusların kim olduğunu, nəyə görə tutulduğunu əslində, Siyavuş Novruzov və onun kimilər yaxşı bilir, sadəcə, həqiqəti dilə gətirmək sərf eləmədiyi üçün yalan danışırlar: “Azərbaycanda hüquq, məhkəmə, qanun olmadığı üçün bu adamlar ləyaqətli şəxsləri istədikləri kimi aşağılaya bilirlər. Siyavuş Novruzov gözəl bilir ki, ədalətli seçki, sərbəst toplaşma azadlığının təmin olunması, bu hakimiyyətin sonudur”.

Digər keçmiş siyasi məhbus Sahib Kərimli deyir ki, Siyavuş Novruzov səviyyəsində olan birinin deputat kürsüsündə oturmasının özü böyük bir yanlışlıq, ədalətsizlik və nəhayət, biabırçılıqdır: “Amma vəziyyət elə gətirib ki, bu, deputat, ”ideoloji xəttin” sözçüsü olub. Indi də saxta statusunda özünəməxsus ifadələr işlədir. Bu adam “vicdan məhbusu” anlayışını dərk edəcək səviyyədə deyil. Demokratiya, ifadə azadlığı, şəffaflıq, azad seçki Siyavuş Novruzovun saxta statusunun əlindən getməsi deməkdir. Siyasi məhbuslar bu ölkənin real dəyəridir və bir gün gələcək, bu dəyərlər cəmiyyətdə layiqli yerini tutacaq. O zaman Siyavuş Novruzov kimilər tarixdə mənfi obraz kimi qalacaqlar. Yəqin ki, Rüstəm Ibrahimbəyov da kino-ssenarist kimi Azərbaycanın bu dövrü haqqında film çəkəcək. Və Siyavuş Novruzov bir filmin komik personajı olacaq”.(azadlıq)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button