“İordaniyada regional sammit çərçivəsində Bin-Salman və Rəisi arasında görüş baş tuta bilər.”
Livan mediası dekabrın 20-də Ammanda İraq üzrə regional sammit çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə İran prezidenti İbrahim Rəisi arasında mümkün görüş barədə məlumat yayıb.
Livanın ən-Nəşra internet saytı Səudiyyə Ərəbistanı və İran arasındakı danışıqların vəziyyətindən birbaşa xəbərdar olan rəsmi mənbələrə istinadən bildirib ki, “Tehran və Ər-Riyad arasında Bağdadda keçirilən üç görüşdə real nəticə əldə edilməyib”.
Bununla belə, mənbələr “İordaniya paytaxtında Fransanın təşəbbüsü ilə keçirilən tədbirin əhəmiyyətini” vurğulayaraq, “bu kontekstdə İran və Səudiyyə Ərəbistanı arasında baş tutacaq mühüm görüşdən” bəhs ediblər.
Qeyd edək ki, Fransa hökuməti ilin sonuna qədər İraq, Türkiyə, İran və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra ərəb ölkələrini bir araya gətirərək, “İordaniyada regional sammit” keçirəcəyini elan etmişdi. Bu sammit İraqdakı vəziyyətlə bağlıdır. Əlavə edək ki, Bağdadda keçirilən ilk konfransda Fransa, İordaniya, Misir, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, İran və Türkiyə iştirak ediblər.