Ötən gün Londonun mərkəzində İran səfirliyinə “Şirazi Cərəyanı” tərəfdarları kimi tanınan şəxslər tərəfindən basqın edilib. Səfirliyin binasına qalxan şəxslər İran bayrağını çıxararaq yerə atıblar və binanın üzərinə öz bayraqlarını sancıblar.
Basqın edən şəxslər bir müddət sonra Britaniya polisi tərəfindən həbs ediliblər.
İranın Britaniyadakı səfiri Həmid Baidinejad səfirlikdə heç kimin xəsarət almadığını deyib. O həmçinin bildirib ki, İran bayrağı yerinə sancılıb.
Qeyd edək ki, Britaniyadakı “Şirazi Cərəyanı” tərəfdarları əsasən Yasir əl-Həbib adlı təkfirçi və sünnilərlə mübarizəyə səsləyən “din xadimi” tərəfindən idarə edilir. İranda Seyid Sadiq Şirazinin oğlunun həbs edilməsinə etiraz edən Yasir əl-Həbibin tərəfdarları İranın Londondakı səfirliyə hücum etmişdilər. Bu şəxslər səfirliyin eyvanına qalxandan sonra İranın bayrağını çıxardaraq öz təşkilatlarının bayrağını asmışdılar. Hücum edənlər İran hökümətinə və rəsmilərinə qarşı şüar deyiblər həmçinin Ömərə, Əbu Bəkrə və Aişəyə lənət oxuyublar.
Bu arada Qumda yaşayan Ayətullah Seyid Sadiq Şirazinin Londondakı dəftərxanasının mətbuatla əlaqələr şöbəsinin rəhbəri Qasim Fəhd İranın Londondakı səfirliyinə hücuma münasibət bildirib. O deyib ki, həmin şəxslər Sadiq Şirazinin tərəfdarları olsalar da, bu işi müstəqil həyata keçiriblər və onların nümayəndəliklə heç bir əlaqələri yoxdur.