“2018-ci ilin ən gərgin siyasi hadisələrdən biri də Gəncə hadisələri oldu”
2018-ci ili geridə qoyduq. Maraqlıdır, 2018-ci il azərbaycanlıların yaddaşında daha çox hansı olaylarla qaldı?
Biz daha bir ili yola salıb, yenisini qarşılayırıq amma işğalda olan torpaqlarımızın azad ediləcəyi ili hələ də gözləyirik. Sizcə, daha neçə il “Lazım gələrsə…” bəhanəsini eşidəcəyik?
2018-ci il dünyada və Azərbaycanda hansı siyasi, iqtisadi yeniliyin başlanığıcını qoydu?
Bütün bunlara rəğmən, qarşıdan gələn 2019-cu ildən gözləntiləriniz varm?
Vetenugrunda.az bu suallarla tanınmışlara müraciət edib. Onların cavablarını oxuculara təqdim edirik:
Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı: “Bir ümumi sözlə ifadə etsək, ötən il Azərbaycan, həm iqtisadi, həm sosial, həm də siyasi sahədə geriyə doğru daha bir addım atdı. 2017-ci illə müqayisədə Ümumimilli Daxili Məhsulun artımı cəmi 0,8% oldu. Bu hətta MDB ölkələri içində ən sonuncu göstəricidir.
Hökumət çevrilişləri yaşayan rəqib Ermənistanda bu artım 6% oldu. 2018-ci ildə heç bir effektiv iqtisadi islahat aparılmadı. Nə monopoliyalar azaldıldı, nə total korrupsiya. Hökumətin idarəetmə sistemində də heç nə dəyişmədi.
Neçə illərdir davam edən əhalinin az qazanclı hissəsinin yoxsullaşması 2018-ci ildə daha sürətləndi.
Bütün bu proseslər hakimiyyətin onsuz da aşağı olan nüfuzunun daha da itməsi ilə nəticələndi.
2018-ci il Azərbaycan hakimiyyətinin dünyada mənfi imicinin daha da artması ilə müşayət olundu. Bir-birinin ardınca dünyanın diqqət mərkəzinə gələn ifşaedici faktlar ortaya çıxdı.Panama kağızlarının ardınca ortaya çıxan Laundramat ən ifşaedici faktlardan idi. Azərbaycandan Bakıtelekom adlanan heç kəsin tanımadığı bir şirkətə hakim ailənin idarə etdiyi təsdiq olunan offşor şirkətə qısa zaman içində 1 milyard yarım mənbəyi bəlli olmayan çirkli pullar keçirilib.
Ən maraqlısı odur ki, Azərbaycanda bu pullari sorğu sual edən heç bir qurum, vəzifəli şəxs ortaya çıxmadı.
Azərbaycan hakimiyyəti eyni zamanda bütün dünyada qəddar, repressiv rejim imicini daha da möhkəmləndirdi. Çoxsaylı siyasi məhbuslar üzərinə yeniləri əlavə olundu. İşğəncə və digər qanunsuzluqlarla müşayət olunan çoxsaylı həbslər siyasəti davam etdi.
Bu il həm də ən çılpaq saxtakarlığı göz deşən daha bir prezident seçkiləri keçirildi. Tələm-tələsik…
Ən gərgin siyasi hadisələrdən biri də Gəncə hadisələri oldu. Bunu xaricdən hazırlanıb idarə olunduğunu iddia etsələr də, daxildə yetişdiyi və bəzi daxili güclərin bu işdə məharətlə rol oynadığı aydın sezilirdi.
2019-cu ildə yuxarıda göstərdiyim neqativ proseslər təəssüf ki, həm iqtisadi, həm sosial, həm də siyasi sahədə daha da güclənəcək.. Hakimiyyət hər hansi islahat aparmaq qabiliyyətində olmadığını ötən illərdə göstərdi.
Neftin qiyməti iqtisadi və maliyyə böhranını dərinləşdirəcək. Əhalinin yoxsullaşması davam edəcək. Sosial gərginliyin artımı hakimiyyəti polis rejimini daha da amansızlaşdırmağa sövq edəcək. Nəticədə qorxu və inamsızlıq daha da artacaq.
Qarabağ məsələsinin həlli üçün hakimiyyətin hər hansı real addımlar atacağı ağlabatan deyil. Yalnız diqqətyayındırıcı, böhranötürücü hansısa real nəticələri olmayan addımlar ata bilərlər.
Erməni ordusu öz-özlüyündə elə də zəif deyil, aprel döyüşləri göstərdi ki, onlar ciddi müdafiə oluna bilirlər və normal idarə olunurlar.
Bizim bütün üstünlüklərimizə, maddi və insan resurslarımıza baxmayaraq, müharıbəni qısa zamanda həll edə biləcək güc yarada bilməmişik hələ.
Qarabağda psixoloji üstünlük qazanmaq istəyiriksə, ordumuz minimum itkilərlə düşmənin müdafiəsini dağıdıb onları tutduğu mövqelərdən geri atmağı bacarmalıdır.
Əğər ağıllı siyasi və hərbi, diplomatik addımlar atılarsa, nə Putin, nə də başqaları bir xalqın ağlı və gücü qarşısında dura bilməzlər.
Məsələn, qaçqınların ayağa qalxıb uzun illərdir uzanan status kvoya etiraz etmələri və hakimiyyəti sorğu suala çəkmələri hakimiyyətə adekvat addımlar atmaq üçün hətta Putinin belə etinasızlıq edə bilməyəcəyi mandat verə bilərdi. Heç kim yox, heç bir hakimiyyət yox, məhz xalq Qarabağın həllində həlledici ola bilər. Sadəcə hakimiyyət xalqdan o dərəcədə çəkinir ki, onun hər hansı fəallığını anındaca boğmağa üstünlük verir. Boğulmuş, susdurulmuş xalqa heç kim heç nə verməyəcək heç zaman.”
Tofiq Yaqublu siyasi fəal: “2018-ci il Cumhuriyyətimizin 100 illiyi idi. Lakin iqtidar bu 100 illiyi xalaxətrin qalmasın, çox biabırçı şəkildə keçirdi. Azərbaycan Parlamentinin 100 illiyini həqiq vaxtından 3 ay qabaq qeyd edildi və Parlament qurucularının heç birinin adı çəkilmədi.
Yalnız Heydər Əliyevin və İlham Əliyevin təbliğatı aparıldı.
Müxalifət isə bu 100 illik tarixi layiqli şəkildə keçirməyə çalışdı.
2018-ci il eyni zamanda heç bir əsas olmadan növbədənkənar president seçkiləri keçirildi. Bu dəfə də İlham Əliyev özünü daha 7 illiyə Azərbaycanın padişahı élan etdi. Bu seçkinin nəticələrini nə yerli ictimaiyyət, nə də beynəlxalq aləm tanımadı.
2018-ci ilin daha bir özəlliyi Azərbaycan iqtisadiyyatının geriləməsi ilə yadda qaldı. İqtidar nə qədər yalançı rəqəmlər versə də bütün iqtisadçılar sübut etdi ki, ölkənin itqisadi durumu çox pis vəziyyətdədir. Bu günlərdə iqtisadçı ekspert Qubad İbadoğlu da açıqlamasında elan etdi Azərbaycan keçmiş MBD ölkələri arasında iqtisadi baxımdan ən geridə qalanıdır.
2018-ci il yadda qalan hadisələrdən biri də APA informasiya agentliyinin bağlanması oldu. Düzdür, APA əslində iqtidar mətbuatı idi, amma bir günün içində bu qədər işçisi olan informasiya agentliyinin bağlanması ölkədə qanunların işləmədiyini bird aha sübut etdi. APA klanlararası çəkişmənin qurbanı oldu. APA-nın bağlanması eyni zamanda iqtidarın daha bir eybəcərliyini ortaya qoydu. Deməli, özünə aid olan bir agentlik ilə belə davranırsa, görün onu tənqid edən müxalifətlə necə rəftar edir.
2018-ci ilə öz damğasını vuran olaylardan biri də Şəhid ailələrinə qanpulunun verilmədiyi üçün Şəhid ailələrinin etiraz aksiyaları və bu aksiyalarda onlara qarşı zorakılığın olması idi. 2018-ci il eyni zamanda küçə süpürən qadınların avtomobillərlə vurulub öldürülməsi ilə yadda qaldı.”
Ağ Partiya başqanının birinci müavini Əhəd Məmmədli: “Azərbaycanda baş verən siyasi hadisələr haqqında onu deyə bilərəm ki, ən yadda qalanı prezident seçkilərinin keçirilməsi, Gəncə icra başçısının güllələnməsi, Mingəçevir SES-ində baş verən qəza və Qarabağ şüarları ilə keçirilən mitinq oldu.
Düşünürəm ki, Gəncə və Mingəçevir hadisələrinin qaranlıq məsələləri tam açılmadı. Təəssüf ki Qarabağ məsələsində bu ildə heç bir irəliləyiş olmadı. Dünyaya gəldikdə isə, ən yaddaqalan hadisə Avropanı bürüyən “Sarı Jiletlilər Hərəkatı” oldu.
ABŞ-ın Suriyada çıxmaq qərarının verilməsi və Türkiyə də keçirilən prezident seçkilərini də ilin hadisələri sırasında göstərə bilərəm. Türkiyə də prezident böyük səlahiyyətlərə malik oldu.
Kataloniyanın İspaniyaya qarşı dirənişini də unutmaq olmaz.
Regiona gəlincə, Gürcüstanda keçirilən prezident seçkiləri və Ermənistanda baş verən inqlabı da önəmli hadisə hesab edirəm. İstanbulda Səudiyyə Ərəbistanı konsulluğunda jurnalist Qaşıqçının vəhşicəsinə öldürülməsini də qeyd etməliyik.
Qüds məsələsində BMT-də səs verməsində ABŞ-ın azlığda qalmasına rəğmən bu ölkənin Qüdsə səfirliyini köçürməsi də mühüm hadisə idi. Dünyada baş verən hadisələr barədə onu deyə bilərəm ki, dünya tək və ikiqütblükdən çox qütblükə doğru gedir. Dünyada yeni güclər yaranır. Köhnə güclərlə, yeni güclər arasında qarşıdurmalar, anlaşmalar davam edəcək.
2018-ci ilin sonu neft qiymətlərinin yenə enməsi ilə müşahidə edildi. Həmçinin digər dövlətlərin dollardan asılığının qaldırılması cəhdlərini gördük.
2018-ci il pərdəarxası ABŞ- Britaniya, Rotşild-Rokfeller qarşıdurması ilə yadda qaldı. Əsasəndə dünyanın yavaş – yavaş bir və ikiqütblükdən çoxqütbülüyə doğru getdiyini müşahidə edildi.
Azərbaycana gəldikdə, 2018-ci il, pərdəarxası klanlar arası mübarizənin daha üst səviyyədə getdiyi il kimi yadda qaldı.
Qarabağ Komitəsi adında yeni təşkilat quruldu. Qarabağ şüarları altında Qarabağ Komitəsi son illərin ən uğurlu mitinqini keçirdi. İlin sonunda böyük əksəriyyət müxalifət partiyalarının “Zirvə toplantısı”nı keçirdi.
2019-cu ildə əsasən Qarabağ məsələsində ciddi irəliləyişlər gözləyirəm. 2019-cu ilə Qarabağı qaytarmaq ili kimi baxıram. Əgər 2019-cu ildə ərazi bütövlüyümüzə nəhayət ki, qovuşmasaq bu bizim üçün itirilmiş il olacaq və Qarabağ bizdən daha da uzaqlaşacaq.
Dünyaya qəldikdə isə, ümüd edirəm ki, Suriya, Yəmən və digər müsəlman ölkələri, xalqlarına sülh əmin-amanlıq qayıdacaq. PKK tamamilə məhv olacaq. Türkiyə-Azərbaycan münasibətləri daha sıxlaşacaq. Ümumiyyətlə, gələcəyimizə doğru nikbinəm.”
Hüquqşünas Namizəd Səfərov: “2018-ci il sonuncu 25 ilin digər illərindən heç nə ilə fərqlənməyən, sıradan bir il idi. Hakimiyyət Azərbaycan xalqının sərvətlərini eyni üsul və vasitələrlə talamaq yoluna davam etməkdədir. Hakimiyət ölkəyə öz vətəni, öz xalqı, vətəndaşı kimi deyil, istismar aləti kimi baxmaqda davam edib. Xalqın iqtisadi və sosial durumu əvvəlki illərdə olduğu kimi aşağı enməkdə davam edib. Əmək haqları faktik olaraq hər yerdə aşağı düşüb, bütün zəruri malların qiyməti orta hesabla 30 % artıb. Xalqın həyat səviyyəsi də eyni templə aşağı düşməkdə davam edib.
Əsas problemlərdən biri olan Qarabağ probleminin həllində irəliyə doğru heç bir addım atılmayıb.
Azərbaycanın bir dövlət kimi nüfuzuna xeyli zərbələr yetirilib.
Xalqın rejimə qarşı siyasi mübarizəsində də irəliləyiş nəzərə çarpmır. Azərbaycanda xeyirliyə doğru hər hansı yenilik görünmür. Ölkənin tikinti sektoru əvvəlki qaydada davam edir. Şəhərlərdə ucaldılan tikililərin demək olar ki, hamısı qanunsuz və korrupsiya ilə müşayət olunan tikintilərdir. Bu rejimin hakimiyyətdə qalacağı hər hansı yeni ildən yaxşı heç nə gözləmirəm. Pessimist proqnoz olsa da, bu belədir, reallıqdır.”
Publisist Mirmehdi Ağaoğlu: “Qəribədir ki, “2018-ci ildə hansı əlamətdar hadisələr olub?” deyə, nəyisə xatırlamaq istəsəm də heç nə yadıma düşmür. Görünür 2018-ci il sakit, sıradan bir il kimi ötüb keçib. Təbii ki, nələrsə baş verib, amma yadımda deyil.
Onu deyə bilərəm ki, əvvəlki illərdən fərqli olaraq bu il Nobel mükafatı verilmədi. Ədəbiyyat sahəsində xüsusi bir yenilik olmadı, Kulis.az kimi mədəniyyət saytı bağlandı. Qələm adamlarının vəziyyəti yaxşılaşmaqdansa daha da pisləşdi. Ümumiyyətlə onu deyim ki, mənə elə gəlir insanların vəziyyəti yaxşılaşmaqdansa getdikcə pisləşir.
Belə bir məsələ var, deyirlər il ildən ağır gəlir, həqiqətən elədi. Şəxsi müşahidəlrim əsasında deyə bilərəm ki, insanların iqtisadi durumu düzəlmək yerinə getdikcə pisləşir. Bu da cəmiyyətdə müxtəlif fəsadlar yaradır. İnsanlar stressli olur, daim dolanışıq haqqında düşünməkdən yorulur, mənəvi dünyalarını zənginləşdirməyə nə pul, nə zaman olur. Belə halda nəinki ədəbiyyat, heç nə, hətta sizin dediyiniz Qarabağ problemi də yada düşmür.
Mən arzu edərdim ki, əvvəlcə xaqlımızın rifah halı yüksəlsin, sonra Qarabağ problemi də həll olunar, başqa problemlər də.
2019-cu ildə hamıya uğurlar arzulayıram. Yeni iliniz mübarək!”
Şair Bəxtiyar Hidayət: “Xatırlayırsınızsa, 2018-ci il hələ başlamamışdan bir xeyli ekstrasensin proqnozları vardı. Hətta 3-cü dünya müharibəsinin başlayacağını, Amerikanın dağılacağını deyənlər vardı. Di gəl, 2018-ci il adi bir il kimi keçdi və daha da pisə doğrudu hər şey. Başqa illər necə, bu da elə. Yəni xüsusi önəmli bir il olmadı. 1640, 1917, 1945, 1990-cı illər önəmli illər idi.
Böyük müharibələrin bəhanələri kiçik hadisələr olur. Amma “Lazım” bəhanəsi bəlkə də dünya tarixində ən uzunömürlü bəhanədir. Bu bəhanəni müharibə tarixlərinin ən uzunömürlü bəhanəsi kimi Gennesin kitabına salmaq lazımdı, həm də Azərbaycanımızı bir qədər tanıtmış olarıq.
Görək necə olur, maaşlar, pensiyalar artsın, amma infilyasıya, vergi artımı olmasın- Gözlədiyim bunlardı. Amma deyir sən saydığını say, gör fələk nə sayır. Heç nə, gözümüz fələyin barmaqlarına tuşlanıb.”