ArxivIslamNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Məhbəsdən məktub: “Müsəlman birliyi Hərəkatının (MBH) missiyası nədir?”

MHB üzvü, hazırda həbsdə olan ilahiyyatçı Vüsal Nadiroğlu ölkə ictimaiyyətinə xitabən 

Redaksiyamıza daxil olan məktiubda məhbus MHB üzvü nəzərləri hərəkatın hədəflərinə yönəldir. Məktubu olduğu kimi izləyicilərə təqdim edirik.

Bismillahir Rəhmanir Rəhim.
MBH- Müsəlman Birliyi Hərəkatı 2015-ci ildə təsis edilmiş ictimai birlikdir. MBH-ın sədri ilahiyyatçı Tale Bağırzadədir. Bir qeyri-kommersiya təşkilatı olaraq MBH vətənimiz Azərbaycanda düzgün islamı maarifçilik, müsəlmanların vəhdəti, milli həmrəylik, bir sözlə milli və islami məfkurədə ümmətçilik missiyasını rəhbər tutaraq fəaliyyətə başlamışdır.
MBH-nın bir qeyri-kommersiya təşkilatı olaraq maliyyələşmə mənbəyi ianələr hesabına olmuşdur. Bu ianələr hesabına da ictimai birliyin zəruri xərcləri (icarə haqqı, telefon və digər) ödənilmişdir. İctimai birlik milli-mənəvi dəyərləri, milli kimlik faktorunu daim mühüm məqam bildiyi üçün heç bir halda xarici yardım mənbələrindən yararlanmamışdır. Bu məqam- daxili ianələr hesabına maliyyələşmə məsələsi MBH-nın ən ümdə prinsiplərindəndir.
Təsadüfi deyil ki, 2015-ci ildə biz həbs olunarkən istintaq bu məsələni xüsusi incəliklə araşdırmış və həqiqətən də heç bir maliyyələşmə mənbəyi ilə rabitənin olmadığını təsdiqləmişdir.
Əfsuslar olsun ki, 2015-ci ilin noyabrın 26-da MBH-nın sədri hacı Tale Bağırov olmaqla çoxsaylı üzvləri və növbəti günlərdə də MBH İdarə Heyətinin üzvləri şərlənərək ağır ittihamlarla həbs edildilər. 2018-ci ildə bir qrup MBH üzvü azadlığa buraxılsa da, böyük əksəriyyət, xüsusən hacı Tale Bağırov hələ də qanunsuz olaraq həbsdə saxlanılmaqdadır.
MBH-nın sədri, İdarə Heyəti və digər üzvlərinin həbsi görünür vətənimizin daxili və xarici düşmənlərinin xüsusi marağında imiş. Çünki MBH üzvlərinə irəli sürülən ittihamlar- hakimiyyəti zorla ələ keçirmə və konstitusiya quruluşunu dəyişmə, terror, milli və irqi zəmində iğtişaş yaratma və digər qondarma ittihamlar hamısı tamamilə yalan böhtan idi. Keçirilən məhkəmə prosesləri və verilən hökmlər hamısı sifarişli idi.

MBH üzvləri niyə belə ağır ittihamlarla həbs olundu?
Çünki MBH bəzi məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətənimizdə iğtişaş yaratmaq istəmələrinə etiraz etdi. Vətənimizdəki hicab qadağası, məscid sökülmələri, ruhani-möminlərin və ictimai xadimlərin həbsi və digər ictimai-sosial problemlər MBH-nın ciddi bir mövqe bildirməyinə rəvac verdi. Halbuki əsl cinayətkar elə həmin məmurların özləridir. Bu gün dəmir barmaqlıqlar arasında bu ölkənin təbii sərvətlərini talayan, vətəndaşları təhqir edən, insanlara qanunsuz ağır hökmlər oxuyan, yalançı istintaq aparan, vətəndaşlardan rüşvət alan, məhkumların ərzaqlarını satan, rüşvətlə cinayətləri xətm edən, büdcədən ayrılan vəsaitləri öz şəxsi hesabları üçün istifadə edən və digər bağışlanmaz cinayətləri törədən dövlət məmurları olmalıdır. Nəinki MBH-nın ziyalı, vətənpərvər və təhsilli gəncləri!
Əlbəttə bütün bu proseslər tarixin səhifələrinə yazılmaqdadır. Tezliklə tarix qarşısında həmin cinayətkar məmurlar cavab verməli olacaqlar. Heç kim etdiyi cinayətdən yan keçə bilməz. Cinayət varsa, cəza da olacaqdır. Əlbəttə, Qiyamət məhkəməsi və cəzası daha ağır olacaqdır. Zalımlar əbədi olaraq cəhənnəm atəşində olacaqlar. Çünki onlar sadə xalqı sahibsiz gördülər. İnsanlara zülm etməyə cəsarət etdilər. Necə də pis cəsarət!
Bu həbslər bizi hədəflərimizdən yayındıra bilməz. Bir ölkədəki insan hüquqlarının dəyərini bilmək üçün həbsxanalara baxmaq kifayətdir. Əfsuslar olsun ki, vətənimizin Azərbaycanın həbsxanaları şərlənərək, böhtan atılaraq ziyalı vətəndaşlarımızla doludur. Əslində hər bir insan bu və ya digər formada xəta və yalnışlığa yol verə bilər. İstintaqın birbaşa vəzifəsidir ki, törədilən cinayəti yaxud irəli sürülən ittihamı incəliklə araşdırsın. Amma bizim istintaq orqanları heç bir motivi araşdırmadan maddənin ən ağırını tətbiq edərək ittiham aktı tərtib edir və ədliyyə hakimi də həmçinin bu ittihamları analiz etmədən birbaşa ağır hökmlər oxuyur. Bu prinsip və yanaşma vətəndaşlarızı dolayısı ilə həbsxanalara və cinayətə yönəldir. Vətəndaş islah olmaq əvəzinə özünü təcridə meyllənir və bu minvalla çoxsaylı vətən övladlarının karyeraları məhv edilir.
Bu gün bizləri dustaq edənlər əslində öz nifrətlərinin dustaqlarıdır. Günahsız vətəndaşa terror ittihamı irəli sürmək azad insanın işi ola bilməz. Bunun üçün gərək həmin ideya daşıyıcıları özləri öz yalnış fikirlərinin əsiri və məhkumu olsun. Ondan sonra azad insanları, əqidəli şəxsləri fiziki olaraq azadlıqdan mərhum etsin.

Sanmasınlar ki, yıxıldıq, sanmasınlar ki, çökdük.
Bir başqa bahar üçün, yalnız yarpaq tökdük!
Cəlaləddin Rumi

Əlbəttə MBH üzvləri olaraq bizə qarşı sürülən qondarma ittihamlarla razılaşmamışıq və razılaşmayacağıq da! Çünki bizim Uca Allah qarşısında, həmçinin Azərbaycan xalqı qarşısında başımız uca, vicdanımız isə təmizdir. Bu vətən bizlərdən yaxşılıqdan başqa bir şey görməyib və görməyəcək də. Ona görə də biz ilahi təqdirə səbr edərək ədalətin öz yerini tutacağını gözləyirik.

Vəhdət
Bu gün vətənimizdə dindarlarla dövlətin münasibətlərini gərginləşdirmək istəyənlər düşmən dəyirmanına su tökürlər. Azərbaycan xalqının böyük əksəriyyəti İslam dininin “Şiə” əqidəsinə mənsubdur. Biz şiələr daim sülhə və əmin-amanlığa xüsusi önəm veririk. İslamın müqəddasatına bu və ya digər formada müdaxilə etməyənə kimi hər kəslə mülayim davranırıq. Əksi baş verdiyi təqdirdə biz öz reaksiyamızı mütləq verəcəyik.
Ümidvaram ki, bütün gərginliklər artıq geridə qalmışdır. Bu gün son illərdə ölkəmizdə gedən kadr islahatları belə düşünməyə rəvac verir.
Biz MBH olaraq vətənimiz Azərbaycanda sülh, əmin-amanlıq və qanunlarımızın işlək mexanizmini görmək istəyirik. Bəziləri bizə “Şəriət dövləti quranlar” adını vurmaq istəsə belə, bu, həqiqətə uyğun deyildir. Çünki hətta belə bir şeyi kimsə istəsə belə, bunun üçün Azərbaycanımızda nə sosial baza, nə də ki hüquqi struktur bazası vardır. Bizim istəyimiz vətəndaş hüquq və azadlıqlarının konstitusiyada təsbit olunduğu kimi reallıqda da əks olunmasıdır. Müasir Azərbaycanımızın hüquqi və demokratik bir dövlət olması bir çox süni qabardılmış problemləri avtomatik həll edəcəkdir.
Diqqətiniz üçün təşəkkür edirəm.

Vüsal Nadiroğlu
Müsəlman Birliyi Hərəkatı İH-nin üzvü
24.01.2021.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button