Aktual

İlham Əliyev Rüstəm İbrahimbəyovdan niyə qorxur? Böyük oyunun arxasında nə gizlənir…

“Azadlıq” qəzeti İbrahimbəyov serialını davam etdirir. Axırda biz “səhranın bəyaz günəşi” altında yanıb zənciyə dönəcəyik. Maraqlı filmdi. Sən demə sovet kosmonavtları fəzaya uçmazdan qabaq “Səhranın bəyaz günəşi”ni seyr edirmişlər. Bu film kosmonavtlara ilham verirmiş. Mühüm amildir. Rüstəm müəllim Rusiya vətəndaşlığını qaytarıb Bakıya qayıtmaq istəsə (istəsə!), İlham Əliyevə qarşı ən qüdrətli silahı ilə – “Səhranın bəyaz günəşi” ilə hücuma keçəcək və varisin hakimiyyətini kökündən sarsıdacaq.

Mətbuatda çıxan şayiələrə görə, guya İlham Əliyev Rüstəm müəllimin bütün filmlərinə qadağa qoyub(muş). “Azadlıq” qəzeti yazır ki, bu qadağaya etiraz olaraq bir neçə rus ziyalısı İbrahimbəyovu müdafiə edib. Eynən “Böyük dayaq” ffilmindəki kimi…Kinorejissor İqor Şadxan qəzəblə belə deyib: Dəhşətdir! Axı, «Səhranın bəyaz günəşi» əsil vətəndaş filmidir.” Düz deyir. Lakin Rüstəm müəllimin filmlərinin Azərbaycanda qadağan edildiyinə dair yayılan şayiələr şayiə olaraq qalır. Məsələn, “Yeni Müsavat” qəzeti bu günlərdə yazırdı: “ANS PRESS-in məlumatına görə, rejissorun filmərinə heç bir qadağa qoyulmayıb və bu deyilənlər əsassızdır, şayiədir. Çoxları bunun rejissorun imicinin qaldırması üçün edilən piar olduğunu düşünür. Qeyd edək ki, ötən həftə ANS televiziyasında rejissorun ssenari müəllifi olduğu iki film “İstintaq” və “Bir cənub şəhərində” nümayiş edilib.”

İlham Əliyev “İstintaq” filminə qadağa qoymaz. Nyu Yorkda rusca çıxan və 2010-cu ildə fəaliyyətini dayandıran “Новое Русское Слово” qəzetində 1979-cu ildə dərc edilmiş “Azərbaycan diktatoru” (Heydər Əliyev nəzərdə tutulur) sərlövhəli geniş yazıda deyilirdi ki, “İstintaq” filmi Heydər Əliyevin nəzarətində və ümummilli liderin göstərişlərinə uyğun şəkildə çəkilib. Ümummilli lider o dövrdə Siyasi Büroya ucalmaq üçün Azərbaycanda “mənəvi təmizlik” uğrunda xalq ilə mübarizə aparırdı. Məqaləyə əsasən, “ulu öndər” tez-tez çəkiliş yerinə gəlib…ssenariyə öz qiymətli töhvəsini bəxş edirmiş…Deməli, filmin ssenarisində Rüstəm İbrahimbəyovun ruhu ilə yanaşı, ulu öndərin də ruhu var…Ulu öndərin varisi bu filmi heç vaxt qadağan etməz.

Nə isə, “İstintaq davam edir”. Gözümüz yolda qalıb, Rüstəm müəllim! Gəlməsən də olar, amma qabaqcadan bizə xəbər ver. Vaxt az qalıb…

Mirzə Xəzər

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button