Məşhəddə “İslam dünyasında sosial siyasət və ailə: tələblər və ehtiyaclar” mövzusunda iclas keçirilib

Aprelin 27-də İran İslam Respublikasının Məşhəd şəhərində “İslam dünyasında sosial siyasət və ailə: tələblər və ehtiyaclar” mövzusunda konfrans keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Komitənin sədri Hicran Hüseynova konfransda iştirak edib
Türkiyə, Əfqanıstan, Qazaxıstan, İndoneziya, Banqladeş, Sudan və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi konfransda ailə siyasətinin həyata keçirilməsində dövlət mexanizmi, nikah və ailə institutunun üzləşdiyi problemlər, onların həlli yolları və digər məsələlər müzakirə edilib.
İclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova keçirilən Konfransın İslam dünyası üçün əhəmiyyətini vurğulayıb. O, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında məlumat verərək bildirib ki, Konsepsiyaya əsasən hazırlanması nəzərdə tutulan Azərbaycan ailəsi Strategiyası, Milli Uşaq Strategiyası, Ailə psixoloqu İnstitutu kimi bir sıra mühüm sənədlər təhsildən yayınma və erkən nikah hallarının qarşısının alınması, bu sahələr üzrə nəzarət sisteminin yaradılmasında mühüm rol oynayır.
Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm layihələr həyata keçirilir.
Daha sonra Hicran Hüseynova və İran İslam Respublikasının Ailə və Qadın məsələləri üzrə vitse-prezidenti xanım Şahindoxt Mollaverdi ilə görüşüb. Görüşdə ölkələrarası Memorandum imzalanması məsələsi müzakirə edilib.