ArxivIslamXəbər lentiXəbərlər

“Maarifçiliyə Dəvət” İB sədri: “Neynirəm o azadlığı ki, dindar azad olsa da, din həbsdə olacaq”

Daha öncə də xəbər verdiyimiz kimi, ötən həftənin şənbə günü müxalifət düşərgəsində AXCP-nin rəhbərliyi ilə “Milli Şura” tərəfindən Məhsul stadionunda mitinq təşkil edilmişdi.
Həmin mitinqdən sonra inanclılar arasında “Milli Şura” ilə bağlı mənfi sözlər səsləndirilib.
Xüsusilə də mitinqdə olan inanclılardan dini atributların yığışdırılmasını, əks təqdirdə polislə birləşərək onlara qarşı güc tətbiq edəcəklərini bildirən təşkilatçılara qarşı neqativ fikirlər formalaşmaqdadır.

HEDEF14.az sözügedən məsələ ilə bağlı həmin mitinqdə olan “Maarifçiliyə Dəvət” İB-nin sədri Elçin Manofovdan müsahibə alıb.

Hacı, ilk olaraq mitinqdə iştirak səbəbinizi bildirməyinizi istərdik.
Bismillahir-rəhmanir-rəhim. Əvvəla həzrəti Əlinin (ə) mövludu ərəfəsində olduğumuz üçün bu fürsətdən istifadə edərək bütün Əhli-beyt dostlarını bu gün münasibətlə təbrik edirəm. Hər iki dünyada Əli əleyhissalamla məşhur olmağı arzulayıram.
Bizim orda olmağımızın bir səbəbi bu idi ki, əziz və hörmətli qardaşlarımız, ilahiyyatçılar olan hacı Mövsüm Səmədov və hacı Tale Bağırov inanclıları həmin mitinqdə iştiraka təşviq etmişdilər. Biz də o əziz qardaşlarımızın istəyini dəyərli bilərək bu addımı atmışıq.
Digər tərəfdən isə, indiyə qədər həll olmayan problemlərin davam etməsi əsas tutaraq iştirak etməyə qərar vermişdik.

Hansı problemləri nəzərdə tutursunuz?
O problemlər ki, illərdir mövcuddur və davam etməkdədir. Belə ki, mənəvi dəyərlərimizə qarşı təzyiqlər olur, inancı doğrultusunda öz həyatını yaşamağa çalışan insanlar sıxışdırılır. Biz həmişə bütün sivil yollardan istifa edərək həll axtarmışıq, çox sayda müraciətlər etmişik. Hakimiyyətə dəfələrlə bildirmişik ki, hərçənd maddi çatışmazlıqlar da çoxdur, amma belə maddi problemlər girdabında çabalayan insanları üstəlik mənəvi baxımdan da təzyiqlərə məruz qoymaq daha betər insafsızlıq olar. Axı bu günahsız iman əhli sizə nə pislik edib? Bu qədər təqsirsiz insanı sıxışdırmaq nəyə lazımdır? Vaxtaşırı olaraq həbslər, şərləmələr olur. Axı bu nə zamana qədər davam edəcək?

Amma bir müddət öncə mətbuatda müsahibələrinizin birində bildirmişdiz ki, əslində mitinqlərin tərəfdarı deyilsiz.
Bəli, doğrudur. Bunu əvvəllər də demişəm. Həmin müsahibələrimdəki sözlərimi yanlış anlayanlar ola bilər. Amma mənim fikrim bu idi ki, yuxarıda da bildirdiyim kimi, əgər məsələlər öz vaxtında yoluna qoyularsa, həll olarsa, onda bu cür etiraz aksiyalarına da ehtiyac qalmaz.
Mənim fikrimcə vətəndaş cəmiyyəti elə qurulmalıdır ki, hakimiyyət-müxalifət münasibətləri elə olmalıdır ki, danışıqlara gedilsin, müzakirələr olsun, narazılıqlar eşidilsin və nöqsanlar aradan qaldırılsın. Əgər haqlı şikayətlərə qulaq asılarsa, problemlər həll edilərsə, mitinqlərə də ehtiyac olmaz. Mən heç vaxt arzu etməmişəm ki, arada uçurum yaransın. Çünki bu neqativ haldır və qarşıdurmaya aparır.

İndi “Maarifçiliyə Dəvət” təşkilatının sədrisiniz. Amma əvvəllər isə İslam Partiyası kimi siyasi bir təşkilatın rəhbərliyində idiniz. Həmin dövrdəki mövqeyiniz necə idi?
Bəli, əvvəllər AİP-nın sədri hacı Mövsüm Səmədovun həbsindən sonra partiyanın sədr əvəzi olaraq böyük bir siyasi məsuliyyət daşıyırdım. O cəhətdən elə həmin istiqamətdə addım atırdıq. Biz BŞİH-ə müraciət edirdik, özümüz mitinqlər təşkil etmək istəyirdik. Amma “Milli Şura”nın mitinqlərində partiya olaraq iştirak etmirdik. Buna baxmayaraq partiya üzvlərinə də fərdi olaraq iştirakı qadağan etməmişdik. Bildirmişdik ki, kim istəsə gedib sivil aksiyalara qatıla bilər, lakin bu partiya adına olmamalıdır.

Bəs üzvləriniz dediyiniz şəkildə iştirak edirdilərmi?
Bəli, bu hallar olurdu. Əslində biz bunun tərəfdarı olmasaq da insanların şəxsi mövqeyinə hörmət etmişik hər zaman. Lakin həmin mitinqlərdə iştirak edən tanışlarımız sonradan ordan mənfi təəssüratlarla qayıdırdılar. Belə ki, onlar şuar səsləndirməyə çalışanda dəfələrlə müxalifət nümayəndələri tərəfindən iradlara, maneələrə məruz qalırdılar, özləri ilə gətirdikləri bayraqları qaldırmaq istərkən mitinq təşkilatçıları onlara mane olmuşdu. Hətta orda dindarları polislə hədələyirdilər. Bu hallar dəfələrlə baş vermişdi. Amma təəssüflər olsun ki, bu baş verənlərdən yalnız həmin an orda şahid olan dindarlar agahlıq gətirirdi. Və beləliklə bir çoxlarına aydın olurdu ki, biz nəyə görə “Milli Şura” aksiyalarına qatılmırıq.

Son mitinqdə olsanız da çox tez oranı tərk etdiniz. Bunun səbəbi nə idi?
Əvvəldə iştirak səbəbini bildirməyimlə yanaşı indi də bunu qeyd edim ki, müşahidələrimiz üçün orada çox vaxt keçirməyə ehtiyac yox idi. Həmçinin bu mitinqləri müşahidə etdikcə təbii olaraq bir sual da meydana çıxır. O da budur ki, biz illərdir İslam Partiyasının rəhbərliyi olaraq, bütün qanuni yollarla, hüquqi prosedurlarla BŞİH-ə dəfələrlə müraciət etsək də, niyə heç vaxt mitinq icazəsi verilməmişdi?
Məsələ burasındadır ki, biz “Milli Şura” ilə də danışıqlar apararaq onların mitinqində rəsmi olaraq iştirak üçün müraciət etmişdik. Azərbaycanın müstəqilliyindən indiyə qədər ən çox üzvü olan partiyalardan biri də İslam Partiyası olub. Biz də öz çoxsaylı üzvlərimizlə, atributlarımızla, bayraqlarımızla- təbii ki, Azərbaycan bayrağının yanında- rəsmi olaraq iştirak etmək istədik. Ancaq onlardan da mənfi cavab almışdıq

Beləliklə bəzi müxalifət liderlərinin dediyi kimi, onların mitinqində iştirak etmək üçün ya dini dəyərlərinizi evdə qoyub gedin, ya da ümumiyyətlə o mitinqə getməyin?
İmam Əli (ə) buyurur ki, “Mənimçün Allahın bəndəsi olmaq izzət və şərəfdir və mən fəxr edirəm ki, mənim rəbbim Allahdır.”
İndi biz də deyirik ki, bir yerdə ki, bizdən öz əqidəmizi, dinimizi gizlətmək tələb olunursa, bizə dinsiz iştirak icazəsi lazım deyil. Əgər yaxın dostum da olsa, hansısa məclisə dəvət edərək çıxış etməyimi istəsə və desə ki, inancımı gizlədim, bu inanca görə utanırsa, mən umumiyyətlə orda iştirakdan imtina edirəm. Mitinqdə dinsiz-imansız çıxış etmək şərtilə olunan dəvəti heç zaman qəbul etməmişik, etmərik də .
Ola bilər bu məsələ kimlər üçünsə adi görünsün, amma bizim üçün əhəmiyyət daşıyır. “Gəlirsizsə,dininizi evdə qoyub gəlin”, “xaricdə görməsinlər ki, biz inanclı müsəlmanıq” və bu kimi fikirlər heysiyyata toxunan sözlərdir.
Neynirəm o azadlığı ki, orda dindar azad olsa da, din,iman həbsdə olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button