ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Miller: “ABŞ-ın Qarabağda beynəlxalq missiya yerləşdirməklə bağlı niyyəti ciddidir” (yenilənib)

Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə dəvət etdiyini açıqlayıb.
Bu barədə sentyabrın 29-da Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə açıqlama verib.
O deyib ki, Ermənistan uzun müddət Azərbaycan ərazilərinin işğalı zamanı dağıntı, qanunsuz məskunlaşmalar daxil olmaqla, qanunsuz fəaliyyətin nəticələri ilə yerində tanış olmaq məqsədilə beynəlxalq missiyaların həmin bölgələrə səfərini hər zaman əngəlləyib və ya məhdudlaşdırıb:
“Eyni zamanda, hətta məhdud missiyalardan sonra belə Ermənistan onların gəldiyi nəticələrə ya məhəl qoymayıb, ya da onları təhrif edib. Bu fəaliyyətsizliyə baxmayaraq, bir neçə gün əvvəl aparılan anti-terror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib. Belə bir səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək”.
“Səfər Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət ilə tanış olmaq imkanı yaradacaq. Bundan əlavə, müəyyən infrastrukturun bərpası, qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilahı və silah-sursatının müsadirə edilməsi prosesi, minalardan yaranan təhlükələr heyətin üzvlərinə nümayiş etdiriləcək”, – deyə Hacızadə əlavə edib.

Bölgəni 76 mindən çox erməni sakinin tərk etdiyi bildirilir
Qarabağdan Ermənistana gedənlərin sayının 76 407 nəfər olduğu deyilir.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan yerli mediaya danışıb.
Onun sözlərinə görə, gələnlərdən 17 153 nəfəri Ermənistan hökuməti tərəfindən verilən mənzillərdən istifadə edir.
Azərbaycan rəsmi orqanları bölgəni tərk edən ermənilərin statistikasını hələ açıqlamayıb.
Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Qarabağ bölgəsinə səfərinin təşkilinə rəsmi Bakının hazır olduğunu demişdi.
Sentyabrın 28-də Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə Vaşinqtonunun Dağlıq Qarabağda beynəlxalq missiya yerləşdirməklə bağlı niyyətinin ciddi olduğunu bildirib:

“Biz beynəlxalq missiyanın vacib olduğunu düşünürük, çünki o, humanitar yardım, regionda humanitar ehtiyaclarla bağlı bütün digər məsələləri əlaqələndirir”.
Bu barədə “Turan” məlumat yayıb.
Dövlət Departamentinin rəsmisi Qarabağ ermənilərinin yanvarın 1-dən respublika kimi mövcudluğunu dayandırmaq qərarını şərh etməyib.
“Hesab edirik ki, Dağlıq Qarabağ sakinlərinin getmək istədikləri təqdirdə tərk etmək və geri qayıtmaq istədikləri təqdirdə geri qayıtmaq barədə qərar qəbul edə bilmələri vacibdir. Bu, onların hər birinin fərdi olaraq qəbul etməli olduğu bir qərar olmalıdır”, – deyə Miller əlavə edib.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünən “CBC News”a müsahibəsində Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxmaq niyyətində olduğunu bildirib.
