ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Entoni Blinken: “Yekun razılaşmaya nail olmaq üçün hələ də çətin işlər görülməlidir”

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 3 günlük danışıqlarının yekunu barədə açıqlama verib.
Dövlət katibi bildirib ki, inkişaf var, lakin qarşıda xeyli çətin işlər gözləyir.
E.Blinkenin sözlərinə görə, görüşlər səmimi və açıq şəkildə keçib:
“Hər iki tərəf razılığa gəlmək üçün ciddi danışıqlar aparmağa hazır olduğunu nümayiş etdirib”.
Bu barədə məlumat yayan “Turan” E.Blinkenin nazirlərlə yenidən görüşdüyünü qeyd edib. Bildirilir ki, dövlət katibi nazirlərlə həm ayrılıqda, həm də hər ikisilə birlikdə görüşüb.
Diplomat həmçinin Avropa İttifaqının vasitəçiliyilə yaxın həftələrdə baş tutacaq iki ölkə liderinin görüşündə gələcək irəliləyişlərə ümid edib:
“Mən sülh sazişinin, o cümlədən bəzi əlavə maddələr üzrə razılaşmaların hazırlanmasını, eləcə də qalan məsələlər üzrə tərəflərin mövqelərinin anlaşılmasını, ümumi məqsədə doğru irəliləyişi yüksək qiymətləndirirəm. Onu da başa düşmək lazımdır ki, yekun razılaşmaya nail olmaq üçün hələ də çətin işlər görülməlidir”.
“Biz ümumi və yekun sazişə nail olmaq məqsədilə önümüzdəki həftələrdə və aylarda da bu prosesin davam etdirilməsini istəyirik”, -Blinken deyib.
