Aktual
Milli Şura neçə minlik mitinqə iddialıdır?

Şahin Həsənov: “Mitinqlərə dinc mübarizənin əsas atributu kimi baxırıq”
2003-cü prezident seçkiləri ərəfəsində ölkə müxalifəti yüz mindən çox insanın iştirakı ilə mitinqlər təşkil etməyi bacarmışdı. Lakin atılan səhv siyasi addımlar, hüquq mühafizə orqanlarının və Daxili Qoşunların əsgərlərinin müdaxiləsindən sonra mitinqlər dağıdıldı və müxalifətin bütün səyləri məğlubiyyətlə nəticələndi. Lakin maraqlı olan budur ki, Rüstəm İbrahimbəyov ölkəyə qayıdacağı halda Milli Şura nə qədər elektoratın iştirak edəcəyi mitinq təşkil edə biləcək?
FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənov bildirdi ki, mitinqlə bağlı Milli Şurada bir neçə partiya nümayəndəsinin iştirakı ilə komitə yaradılıb.
Mitinqlərə dinc mübarizənin əsas atributu kimi baxdıqlarını bildirən Şahin bəy, “ ona görə də mitinq Milli Şuranın mübarizə üsullarından ən mühümü hesab edilir. Hazırda bununla bağlı ciddi işlər görülür” , – deyə bildirdi: “Mitinq iştirakçılarının sayı ilə bağlı indidən nəyisə demək çətindir. Bu yalnız xalqın dəstəyindən asılı bir məsələdir. Mümkündür ki, bu say 30,50 hətta 100 min belə olsun.”