D18 Hərəkatının sədri Ruslan İzzətli isə passiv boykot yerinə, aktiv boykotun tərəfdarı olduqlarını vurğulayıb: “D18 Hərəkatının 11 aprel tarixində keçiriləcək prezident seçkisi haqqında bəyanatı yayıldı. Biz düşündük ki, seçkilərin vaxtından əvvəl keçirilməsi və heç bir ictimai müzakirə aparılmadan təkbaşına bu addımın atılması seçkilərin demokratik keçirilməsi ümidini məhv etdi. Biz mitinq məsələsində onu bildirmişdik ki, passiv boykot yox, aktiv boykotun tərəfindəyik. D18 Hərəkatı seçki gününü müşahidə edib, total saxtakarlıq haqqında cəmiyyətə informasiya verməyi düşünür. Əgər ümumi mitinq olacaqsa, hərəkatımız bu məsələni müzakirə edəcək”.
“NİDA-ya qarşı sayğısızlıqdır”

Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Məsud Əsgər isə açıqlamasında Milli Şuranın müraciətinə belə münasibət bildirib: “Biz bu günlər ərzində növbədənkənar prezident seçkisi ilə bağlı müxalif partiya və təşkilatlarla görüş keçirdik. Birgə mübarizə üçün etdiyimiz təkliflərin nəticəsi olmadı. Sonradan Milli Şura mitinq üçün Müsavat və REAL-a müraciət ünvanladı. NİDA-ya müraciətin ünvanlanmamasını sayğısızlıq kimi qəbul edirik. Ancaq mövzu ölkə üçün əhəmiyyətli olduğundan bizə müraciətin olub-olmamasını ikinci dərəcəli məsələ hesab edirik. Adından da göründüyü kimi ümumxalq mitinqidir. Ölkənin taleyinə həssas yanaşan vətəndaşlar və hərəkat olaraq, istənilən prinsipial mövqe sərgiləyən etiraz aksiyasında və mitinqdə iştirak edəcəyik”.
Ölkə başçısı İlham Əliyev fevralın 5-də prezident seçkisinin növbədənkənar keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, ənənəvi olaraq oktyabr ayında keçirilən prezident seçkiləri bu dəfə aprelin 11-də keçiriləcək.
Müxalifyönümlü partiya və təşkilatlar isə növbədənkənar prezident seçkilərini boykot etdiklərini bəyan edib və seçkinin nəticələrini tanımayacaqlarını açıqlayıblar.