Mövlud Çavuşoğlu ABŞ-ın İrana qarşı sanksiyalarının davam etməsini qınadı

Türkiyənin xarici işlər naziri ABŞ-ın İran İslam Respublikasına qarşı birtərəfli sanksiyalarının davam etməsini qınayıb.
Mövlud Çavuşoğlu çərşənbə günü Anadolu xəbər agentliyinə verdiyi müsahibədə deyib: ABŞ-ın İrana qarşı sanksiyaları BMT-nin Təhlükəsizlik Şurasının qərarı deyil və birtərəfli formada Vaşinqton tərəfindən çıxarılan qərardır.
Türkiyənin xarici işlər naziri daha sonra, ABŞ-ın dünya ictimaiyyətinin fikrini nəzərə almadan ölkələrə və şirkətlərə qarşı birtərəfli qaydada sanksiyalar tətbiq etməsinə işarə edərək, deyib: Ağ Ev İrana qarşı hansısa addım atmazdan öncə region ölkələri xüsusilə də İran ilə ticarət əlaqələrinə malik olan ölkələr ilə məsləhətləşməlidir.
Çavuşoğlu əlavə edib: Türkiyə İran ilə xüsusilə neft sahəsində geniş əməkdaşlığa malikdir. Buna görə də Vaşinqtonun İrana qarşı sanksiyalarına qoşulmaq niyyətində deyil.
Bundan öncə də Yaponiya, Hindistan və Çin ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarına qoşulmayacaqlarını elan etmişdilər.
ABŞ hökuməti 8 may 2018-ci il tarixində İran ilə nüvə anlaşmasından çıxdığını elan edərək, İrana qarşı nüvə sanksiyalarının bərpa olunacağının anonsunu verdi. ABŞ 4 noyabr tarixinə kimi İranın neft ixracatını sıfıra endirəcəyini vəd edib.