Bakının köhnə “Sovetski” məhəlləsində yerləşən “İmam Hüseyn” məscidinin axundu və “Tövbə” Cəmiyyətinin sədri- Hacı Əbdül musavat.com –a deyib: MTN- də ifşa olunan dəstə ki, Nəcəfdə, Qumda, ya Suriyada təhsil almamışdı!
– Yeni qanuna əsasən, xaricdə təhsil alanlar artıq dini mərasimləri idarə edə bilməyəcəklər. Bu qərara necə baxırsınız?
– Şəxsən mən burda, İslam Universitetində təhsil almışam, qanun mənə aid deyil. Amma bu qanunu yaxşı qarşılamadım. Millətə, dinə xidmət edirsə, niyə məclis aparmamalıdır? Hər kəsin getdiyi yol məlumdur. Gözümüzün qabağında MTN-də görün nələr oldu. Ora etibarlı yer idi, orda belə hadisələr baş verdisə, başqa yerlər təəccüblü deyil. MTN-də ifşa olunan dəstə ki, Nəcəfdə, Qumda, ya Suriyada, Səudiyyə Ərəbistanında təhsil almamışdı.
– Nardaranda baş verənlər sizinçün gözlənilməz olmadı ki?
– Gözləmirdim. Nə qanlı, nə qansız hadisəni… Nardaran hadisələri çoxşaxəlidir e…
– Necə bilirsiniz, Nardarandakı ocağı birdəfəlik sönmüş saymaq olarmı?
– Əlbəttə, dövlətin kasıb kəndlərə yardımı olmalıdır. Nardaran bir o qədər də varlı kənd deyil. Kənd dənizin hesabına dolanırdı. Dənizi əllərindən aldılar, camaat müflisləşdi. Dənizi almısansa, başqa şey verməlisən də. Vermədilər. Fabrik yox, böyük heyvandarlıq kompleksləri, əkinçilik yox, bu kənd nə ilə dolansın? Tək ora deyil ki, Azərbaycanın istənilən məntəqəsində eyni vəziyyət yarana bilər. Vəhhabilər hardan əmələ gəldi? Hamısı Səudiyyə Ərəbistanının maliyyəsidir də.
– Ölkədə hətta sünni-şiə qarşıdurması yaratmaq istəyən qüvvələr ola bilərmi?
– Hər kəs ki, Azərbaycanda sünni-şiə qarşıdurması yaratmaq fikrindədir, bilsin ki, bu, boş xəyaldır. Azərbaycanda heç vaxt sünni-şiə problemi olmayıb. Amma vəhabi təhlükəsi var, onlardan özümüzü gözləməliyik. Vəhhabilər hətta özlərini sünni kimi qələmə verirlər ki, sünni və şiələr arasında nəsə yaratsınlar, amma boş şeydir.