İslamçıların seçimi –MÖVQE

2013 seçkilərində Azərbaycan dini camiəsinin “yol xəritəsi”
Azərbaycan dini icmaları seçkilərə parçalanmış şəkildə gedəcək. Əlbəttə, aydın məsələdir ki, yeni formalaşan və lider problemi yaşayan islami camiə üçün seçkilərdə vahid mövqedən çıxış etməsi sensasiya olardı. Ancaq istənilən halda son bir neçə ildə eyni düşərgəni bölüşmüş dini icmaların prezident seçkilərində vahid mövqedən çıxış edə bilməməsi birlik çağırışlarının hələ uzun müddət şüar olaraq qalacağını göstərir.
Əvvəlcə, ondan başlayaq ki, bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da formalaşmaqda olan dini camiə, icmalar ilk növbədə hakimiyyətə loyal və müxalif cəbhələrdə dayanırdı. Uzun illər mənzərə məhz bu cür olub: dini icmaların bir qrupu hakimiyyətə müxalif cəbhədə yer alıb, bir qrupu isə (eyni zamanda rəsmi və yarırəsmi qurumlar) hakimiyyətin yanında yer alıb. Təbii ki, burda siyasi proseslərdən kənarda qalmaqla öz işinin yalnız dini təbliğat olduğunu bəyan edərək həm də siyasi təzyiqlərdən qorunmağa çalışan böyük çoxluq da unudulmamalıdır. Əlbəttə ki, onlar da zaman-zaman hakimiyyətin yanında olmağa və ya susmağa vadar olub. Ancaq Azərbaycan elə ölkələrdəndir ki, burda tərəfsiz qalmaq, sadəcə, mümkün olmur. Xüsusən də son illər dini sahədə bir sıra qadağaların tətbiq olunması, həbslər dini icmaları, həmçinin dindar insanların bir çoxunu (icma bağlılığı olmasa da) hakimiyyətdən narazı saldı. Bu baxımdan bir çoxları gözləyirdi ki, seçkilərdə islami camaatlar fəal qüvvə kimi iştirak edəcək və hakimiyyət üçün ciddi başağrısı olacaq.
Amma gözlənilən, necə deyərlər, olmadı. Hökumətin dini icmalarla yeni iş prinsipini işə salması nəticəsində bir sıra dini icmalar və ruhani liderlər, sadəcə olaraq, proseslərdən kənarda dayanmağa çalışdılar. Müvafiq dövlət qurumunun dini icmalarla fəal iş aparması, həbslərin müəyyən qədər azaldılması (kəskin tənqidçilər istisnadır) və eləcə də müsbət əməkdaşlıq mesajları və bunun yanında zidd qüvvələrə kəskin təzyiqlər bir sıra icmaları, hökumətə yaxın olmasa da, ən azı loyal olmağa sövq etdi. Yalnız bir neçə ən fəal icmalar qalırdı ki, aktiv narazı dindarların məhz bu icmalar ətrafında birləşib ciddi qüvvə kimi ortaya çıxacağı ehtimal olunurdu. Bunlar İslam Partiyası lideri Mövsüm Səmədov, ruhani Abgül Süleymanov, ilahiyyatçı Taleh Bağırov idi. Digər ruhani liderlərlə müqayisədə bu şəxslər hakimiyyətə qarşı sərt müxalifət mövqeyində qalırdılar və paralel olaraq narazı dindarların əsas liderləri də bu şəxslər idi. Onların verəcəyi qərar Azərbaycan cəmiyyətində dini icmalar üçün mühüm bir mərhələnin başlanğıcını qoya bilərdi, amma…
Amma gözlənilən kimi olmadı. Halbuki ilin əvvəlində müəyyən ortaq mövqe ortaya qoyuldu. Məsələn, dini liderlər hakimiyyətə qarşı sərt çağırışlar edirdilər. Eyni zamanda müxalifətin birliyi – Milli Şura yaradıldıqdan sonra hər üç dini liderin, o cümlədən İslam Partiyasından bir neçə nüfuzlu şəxsin müxalifətin birliyində təmsil olunması müsbət tendensiya hesab olundu. Birincisi, ilk dəfə olaraq narazı, müxalif fikirli dini icmalar və ya liderlər eyni cəbhədə birləşirdilər, ikincisi uzun zaman arzu olunduğu kimi, ruhanilər siyasi müxalifətlə birlikdə eyni şüarlar və eyni çağırşlara imza atırdılar. Ancaq bu, çox az bir zaman oldu. Çox tezliklə A.Süleymanov Milli Şurada olmadığını, daha sonra isə M.Səmədov MŞ-dan ayrıldığını bəyan etdilər. Əlbəttə, hər iki şəxsin həbsdə olduğunu nəzərə alanda bu bəyanatları necə deyərlər anlayışla qarşılamaq olar. Ancaq bütövlükdə prosesə nəzərə saldıqda dini liderlərin birlik və siyasi platformada təmsil olunmaq cəhdləri bu dəfə də alınmadı. Yalnız T.Bağırov və İslam Partiyasının bir neçə funksioneri (onlar artıq faktiki olaraq partiyadan ayrılıblar) hələ də Milli Şuraya dəstək verməkdə davam edir. Eyni zamanda İslam Partiyasının Mövsüm Səmədovun namizədliyini irəli sürməklə bağlı uğursuz cəhdləri, A.Süleymanovun isə müxalifətin ünvanına tənqidləri düşərgə daxilində dərin fikir böhranının olduğunu göstərdi.
İndi isə İslam Partiyasının Ədalət və Yaşıllar partiyaları ilə yeni birlik qurması haqda xəbərlər dolaşır. Bu, 10 il əvvəlki “Azərbaycançı Qüvvələr Birliyi” projesini xatırladır. Həmin dövrdə İslam Partiyası daha iki partiya ilə yalnız bəyanatlarla müşayiət olunan toplantılar keçirməklə yadda qaldı.
Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi, islamçıların seçkilərə məhz müxalifət düşərgəsindən qatılması real olaraq hansısa siyasi dəyişiklik vəd eləmir. Ancaq bu hadisə ilk dəfə narazı dindar qrupların real müxalifətlə eyni düşərgədə dayanması, vahid cəbhədə olmaları birlik və nəhayət siyasi təcrübə baxımından fərqli ola bilərdi.
Birlik.az