Azərbaycanın Xəzər dənizindəki neft platformalarından birində güclü yanğının baş verməsinin ardınca, Tehran yanğının söndürülməsi və hadisə nəticəsində itkin düşənlərin tapılması işində Bakı ilə əməkdaşlığa hazır olduğunu bildirib.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İRİB-yə verdiyi müsahibədə baş verən hadisəyə görə təəssüfləndiyini bildirib və hadisə qurbanlarının kədərini bölüşüb. Pakayin daha sonra deyib: İran İslam Respublikası bu sahədə qonşu ölkəyə yardımların göstərilməsində heç bir səyini əsirgəməyəcək.
O, deyib: Havanın tufanlı olmasını nəzərə alaraq, itkin düşənlərin Xəzərin cənubunda, İran sahillərində aşkar edilməsi ehtimalı mövcuddur. Buna görə də, İranın Gilan vilayətinin əlaqədar rəsmiləri habelə, sərhəd rəsmiləri ilə əlaqə saxlanılıb və İran qüvvələri itkin düşənlərin tapılması məsələsində Azərbaycana yardım etməyə çalışırlar.
İran səfiri həmçinin deyib: Azərbaycan Respublikası istərsə, yanğının söndürülməsi əməliyyatına da yardım ediləcək.
Cümə günü axşam güclü tufan nəticəsində Günəşli qaz yatağında çıxan yanğının ardınca 32 nəfərin həyatını xilas etmək olub. Bir nəfər isə hadisə nəticəsində həyatını itirib. Daha 30 nəfərin isə dənizdə yoxa çıxdığı bildirilir. Yanğının söndürülməsi və itkin düşənlərin axtarışı üzrə səylər davam edir. Havanın tufanlı olması yanğının söndürülməsi və itkin düşənlərin tapılması əməliyyatını çətinləşdirir.
Baş vermiş hadisənin ardınca Azərbaycan prezidenti İlham Əliyev bazar günün ölkə səviyyəsində matəm elan edib. Buna görə də, bu gün radio və televiziya kanallarının bütün əyləncə verilişləri proqramlardan çıxarılıb.
Həmçinin, hadisə qurbanlarının xatirəsinə ölkə səviyyəsində və xarici ölkələrdəki diplomatik nümayəndəliklərində Azərbaycan bayrağı yarı endirilib.