”Dinc mübarizəmizlə hakimiyyəti tərki-silah edəcəyik”

<p ”=”” text-align:=””> İyunun 21-də demokratik qüvvələrin Milli Şurasının ilk sessiyası keçirildi. Sessiyanı Şura üzvü, Müsavat başqanı İsa Qəmbər aparırdı. Sessiya dövlət himnimizin oxunması ilə açıq elan olundu.
Sessiyanın gündəliyinə 3 məsələ salınıb:
– Ölkədəki ictimai-siyasi vəziyyət;
– Milli Şuranın qarşısında duran vəzifələr və Milli Şuranın işinin təşkili;
– Cari məsələlər.
Gündəlik səsə qoyularaq qəbul edildi.
Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı AXCP sədri Əli Kərimli çıxış etdi. Əli Kərimli Milli Şuranın yaranmasından danışaraq, bunu “tarixi hadisə” adlandırdı:
Milli Şuranı Azərbaycan üçün çalışan, on illər ərzində çiynində aparan insanlar, bu ölkənin həqiqi mənada ictimai-siyasi elitası formalaşdırır. Ən müxtəlif kəsimlər Milli Şuradadadır, burada Azərbaycan xalqını təmsil edəcək insanlar bir araya gəliblər. Amma bu bizi arxayınlaşdırmamalıdır. Bu gün xalqımızın Milli Şuraya etimadı daha çox bizə verilmiş avansdır. Başa düşməliyik ki, etimadı doğrultmasaq, onu tədricən itirə bilərik.
İlham Əliyevin xalqa hörmətsizliyi
Hesab edirəm ki, biz vəziyyəti və vəzifələrimizi müzakirə etməli, konkret olaraq, işə başlamalıyıq. Fikrimcə, ötən müddətdə baş vermiş iki məsələyə ayrıca münasibət bildirməyə ehtiyac var. Bu məsələlərin biri bundan ibarətdir ki, Milli Şura təsis olunan gün Yeni Azərbaycan Partiyası da tələsik toplanaraq, hökumətdəki qeyri-müəyyənliyi aradan qaldırmaq niyyətilə, qeyri-qanuni və qeyri-demokratik yolla İlham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürdü. Bu, kifayət qədər ciddi məsələdir və Milli Şuranın buna prinsipial münasibət bildirməsinə ehtiyac var. Hamımız fərqindəyik ki, 2009-cu ildə saxtalaşdırılmış referendumla Konstitusiyaya edilmiş əlavələr İlham Əliyevə aid ola bilməz. İlham Əliyevin üçüncü dəfə namizəd olması həm qeyri-qanunidir, həm də siyasi baxımdan qeyri-demokratikdir. Bu barədə açıq və uca səslə danışmaq lazımdır. Üçüncü dəfə prezidentliyə iddia etmək bu gün bütün dünyada siyasi mədəniyyət məsələsi sayılır. Nəinki demokratik dövlətlər, hətta Asiyanın, Afrikanın yaxın zamanlara qədər qeyri-demokratik olmuş ölkələri də bu münasibəti özlərinə rəva bilmirlər. O cümlədən qonşuluğumuzdakı, xüsusi demokratikliyilə fərqlənməyən ölkələrin liderləri də bu münasibəti xalqlarına layiq görmürlər. Belə olan halda, İlham Əliyevin üçüncü dəfə prezidentliyə iddia etməsi həm də Azərbaycan xalqına hörmətsizlikdir. Bu, Azərbaycan xalqının potensialının aşağı qiymətləndirilməsi deməkdir. İddia etmək istəyirlər ki, Azərbaycan xalqı indiyə qədər bu hakim ailədən başqa heç kimi yetişdirə bilməyib; onlar olmasa, bu xalq özü özünü idarə eləyə bilməz. Hesab edirəm ki, Milli Şura bütün hüquqi və siyasi arqumentləri özündə əks etdirən, Azərbaycan xalqının böyük çoxluğunun mövqeyini ifadə edən bir rəsmi sənədlə bu məsələyə münasibət bildirməsinə, xalqımızın və dünya birliyinin diqqətini buna cəlb etməsinə ehtiyac var.
Milli Şura beynəlxalq təşkilatlarla bağlı mövqeyini ifadə etməlidir
Üzərində xüsusi dayanmaq istədiyim ikinci məsələ isə beynəlxalq birliklə bağlıdır. Biz zaman-zaman şikayətlənirik ki, Azərbaycan hökumətinin lobbiçiləri müxtəlif xarici ölkələrdə onların maraqlarını müdafiə edən ayrı-ayrı siyasətçiləri, diplomatları ələ alırlar, Biz də bu məsələlərə sərt münasibət bildiririk. Amma elə bugünlərdə Hovruz Məmmədov “İlham Əliyevin namizədliyini az qala, bütün dünya ilə razılaşdırmışıq” bəyanatını verəndən cəmi bir neçə gün sonra Avropa Parlamenti Azərbaycanla bağlı çox prinsipial qətnamə qəbul etdi. Qətnamədə Azərbaycan xalqının problemləri dilə gətirilməklə yanaşı, Avropa Komissiyasının rəhbəri Barrozodan İlham Əliyevlə görüşdə çox prinsipial, ciddi mövqe ortaya qoymaq tələb olundu. Bunun ardınca beynəlxalq birliyin nüfuzlu institutları olan “Human Rights Watch” və “Freedom House” təşkilatları da Avropa Komissiyasının rəhbərinə belə müraciətlər etdilər. Bu, yeni bir tendensiyadır. Mənə elə gəlir ki, Milli Şuranın fəaliyyətində bu da bir istiqamət olmalıdır ki, Azərbaycan xalqının hüquqlarının pozulmasına yönəlmiş əməllərdə iştirak edən hər bir diplomat, siyasətçi vəzifəsindən, rütbəsindən asılı olmayaraq, mühakimə olunmalı, eyni zamanda, xalqımızın haqq davasına dəstək verən hər bir təşkilat, hər bir şəxs də Milli Şuranın simasında Azərbaycan xalqının dəstəyini qazanmalıdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda haqq-ədaləti müdafiə edən beynəlxalq təşkilatlara qarşı hökumətin apardığı kampaniya fonunda Milli Şura həm Avropa Birliyinin qətnaməsinin dəstəklənməsilə bağlı mövqe ortaya qoymalı, həm də bütövlükdə beynəlxalq təşkilatlarla bu istiqamətdə ciddi iş aparılmalıdır. Digər beynəlxalq təşkilatlar da öz mandatlarını yerinə yetirməlidir. Biz fürsət düşdükcə, Avropa Şurası Parlament Assambleyasından daha etimadlı münasibət tələb etməliyik, çünki onların indiyə qədərki münasibəti Azərbaycan xalqının etimadını sarsıdıb. Eyni zamanda, ATƏT Parlament Assambleyasından da bunu tələb etməliyik. Beynəlxalq qurumlar arasındakı fərqliliyi də göstərməliyik və buna görə də haqqı deyənləri dəstəkləməyi, onları müdafiə etməyi bacarmalıyıq. Hesab edirəm ki, Milli Şura bu məsələ ilə əlaqədar da mövqeyini ifadə etməlidir.
Hüquqşünaslar hansı məsələlərə aydınlıq gətirməlidir?
Milli Şura üçün önəmli məsələlər, qarşımızda ciddi problemlər var. Milli Şura özünün siyasi bəyannaməsində göstərib ki, qarşıdan gələn prezident seçkilərində vahid platformadan, vahid güc kimi iştirak edəcək. Biz ayrı-ayrılıqda bəyanatlar da veririk ki, seçkidə vahid namizədlə çıxış edəcəyik. Bütün bunlara baxmayaraq, yenə də müəyyən mənada qeyri-müəyyənlik qalır. Biz Azərbaycan siyasətinə “keçid dövrü” anlayışını gətirmişik və bu “keçid dövrü”nün açılışına ehtiyac var.
Bugünlərdə Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Milli Şuranın üzvlərinə məktub ünvanladı. Rüstəm bəy məktubda həm “keçid dövrü”nün açılışıyla bağlı öz fikrini bildirib, həm də Milli Şuranın namizədliyini dəstəkləyəcəyi şəxsə dair istəklərimiz, tələblərimiz, həmin şəxsin öhdəliklərilə bağlı öz mövqeyini ortaya qoyub. Fikrimcə, bu məktub Milli Şuranın bundan sonrakı mərhələni sürətlə keçməsini asanlaşdıracaq. Bu baxımdan hesab edirəm ki, Milli Şuranın elə bu iclasında hüquqşünaslardan ibarət ayrıca işçi qrup yaradılmalıdır. Bu qrup Bəyannamədə öz əksini tapmış “keçid dövrü”nün daha detallı şəkildə anlayışını verməli, həmin dövr üçün iki il müddətinə Milli Şuranın dəstəkləyəcəyi prezidentliyə namizədin öhdəliklərini dəqiqləşdirməli, vahid namizədin Milli Şura ilə münasibətlərini tənzimləməli, vahid namizəd qalib gələcəyi təqdirdə ölkənin necə idarə olunacağıyla bağlı onun üzərinə qoyulacaq öhdəlikləri təsdiq eləməlidir. Belə bir sənədə ehtiyac var. Biz hüquqi dövlət qurmaq istəyirik. Hər bir razılaşma hüquqi həllini də tapmalıdır. Ona görə də bu gün görəcəyimiz işlərdən biri də məhz bu olmalıdır.
Görüləcək işlər xalqa sadə dildə çatdırılmalıdır
Vaxt itirmədən, hər gün çalışmaqla Milli Şuranın işini irəli aparmalıyıq. Seçkiyə dörd aydan da az vaxtımız qalıb. Ona görə də hesab edirəm ki, Milli Şura bu gün sürətlə müvafiq komissiyalarını formalaşdırmalı və bu komissiyalar da təcili Milli Şuranın platformalarını hazırlamalıdır. Milli Şuranın prezidentliyə vahid namizədi seçkidə həmin platformalardan çıxış etməlidir. Yəni, Milli Şura vaxt itirmədən özünü cəmiyyətə təqdim etməli, özünü tanıtdırmalıdır. Milli Şura siyasi elita tərəfindən yüksək qiymətləndirilməsinə baxmayaraq, mətbuatın üzərində hökumət nəzarəti olduğu bir şəraitdə iddia edə bilmərik ki, bu gün bütün bölgələrdə hamı Milli Şuradan, onun məqsəd və tərkibindən xəbəri var. Əvvəlcə çalışıb bu məsələləri həll etmək lazımdır.
İkincisi, həmin o platformalar hazırlandıqca Milli Şuranın mövqeyi ictimaiyyətə təqdim olunmalıdır. Müəyyən mənada hələlik ictimaiyyətdə təbliğat onun üzərində gedir ki, Milli Şura keçid dövrü üçün siyasi qüvvələrin kompromis mərkəzi, keçid dövründə hamının bir araya gəlməsini təmin edən institutdur. Amma bu azdır. Sadə xalqa daha aydın mesajlar lazımdır. Ola bilsin, siyasətlə birbaşa maraqlanan insanlar üçün siyasi qüvvələrin ortaq məxrəcə, azad, ədalətli seçkilər uğrunda bir araya gəlməsi önəmlidir. Amma bütövlükdə milyonlarla insanımıza Milli Şuranın siyasəti daha anlaşılan dildə izah olunmalıdır. Sadə insanlara aydın olmalıdır ki, Milli Şuranın iqtisadi siyasəti nə olacaq, sosial siyasəti nə olacaq, insana, hüquqa, məhkəmə sisteminə münasibəti necə olacaq? Gələcək Konstitusiya ilə bağlı yanaşmalar nədən ibarət olacaq?
Bunlar da paralel təqdim olunmalıdır. Heç kim düşünməməlidir ki, qarşıda bizi yalnız iki illik keçid dövrü gözlədiyinə görə böyük proqram və platformalar təqdim etməməliyik. Milli Şuranın bazasında Milli Etimad Hökumətinin formalaşdırılması nəzərdə tutulub. Həmin o Milli Etimad Hökumətinin platforması olmalıdırmı?
Xarici siyasətin hədəfləri
Ola bilsin ki, siyasi qüvvələr arasında liderlik, prezidentliyə namizədlik, gələcəkdə baş nazirliklə bağlı mübahisələr, yarış, rəqabət ola bilər. Amma ümid edirəm ki, əsas prinsipial məsələlərə münasibətdə vahid platforma formalaşdırmağımız çətin olmayacaq – istər sosial-iqtisadi, istər hüquq məsələlərilə bağlı. Deməli, Milli Şurada ikinci vacib məsələ bu platformaları hazırlayıb cəmiyyətə təqdim etmək olmalıdır.
Hesab edirəm ki, Milli Şura çox sürətlə, intensiv xarici siyasət aparmalıdır. Bizim qarşıda seçkiyə qədərki dörd aylıq dövr üçün ayrıca proqramımız olmalıdır. Burada söhbət çox böyük qlobal, tarixi-siyasi məsələləri həll etməkdən getmir. Prezident seçkilərinə qədər Milli Şuranın xarici siyasətinin konkret hədəfləri olmalıdır. Azərbaycan xalqının nəhayət, müxalifətin birləşmiş qüvvəsilə indiki hökumətə qarşı alternativ qoyduğunu bütün dünyaya təqdim etmək lazımdır. Uzun zaman beynəlxalq aləmdə hökumətin lobbiçiləri müxalifəti məhz bu amillə vurublar ki, “müxalifət pərakəndədir, alternativ yoxdur, alternativ komanda yoxdur”. Artıq alternativ də var, alternativ komanda da. Və onlar bir-birinə münasibətdə qarşılıqlı hörmət şəraitində işləyirlər. Bunu təqdim etmək lazımdır. Çalışmaq lazımdır ki, nələrinsə müqabilində – iqtiadi maraqlarına, kürüsevərliklərinə görə və ya karyera, şəxsi qazanc məqsədilə bu korrupsioner hökumətə lobbiçilik edən institut və şəxslər ifşa olunsun. Onlar bu seçki müddətində və seçkini müşahidə zamanı bu cür hərəkətləri təkrarlamağa cəsarət eləməsinlər.
Eyni zamanda, çalışmalıyıq ki, Milli Şuranın yaradacağı nümayəndə heyətləri dünyada ayrı-ayrı görüşlər keçirsinlər. Milli Şuranın sədri Amerikada kifayət qədər uğurlu görüşlər keçirib, indi gözlənilir ki, Avropa Birliyində, Türkiyədə və başqa ölkələrdə də görüşlər keçiriləcək. Amma bu azdır. Biz hamımız işləməliyik. Burada yerli diplomatlarla bu iş düz qurulmalı, nümayəndə heyəti yaradılmalı və həmin kollektiv nümayəndə heyəti dünyanı gəzməlidir. Hamımızın dünyadan istəyəcəyimiz bir məsələ olmalıdır. Çatdırmalıyıq ki, özümüz üçün heç kimdən dəstək axtarmırıq. Bizim dəstəyimiz xalqdan gələcək. Biz istəyirik ki, demokratik prosesə dəstək olsun, bu prosesin önünün kəsilməsində iştirak eləməsinlər. Bu istiqamətdə biz uca səslə hər kəsdən öz haqqımızı tələb edərək fəaliyyətimizi qurmalıyıq.
“Bütün siyasi məhbuslara sahib çıxmalıyıq”
Gündəlik fəaliyyətimizdə Milli Şuranın ən müxtəlif məsələlərə yanaşmaları təqdim olunmalıdır. Onların bəzilərini vurğulamaq istəyirəm. Bir halda ki, bir araya gəlmişik, deməli, ölkənin siyasi məhbuslarına da hamımız birlikdə sahib çıxmalıyıq. İndiyə qədər ən müxtəlif təbəqələrin, cəmiyyətin müxtəlif seqmentlərinin siyasi məhbusları vardı və belə demək mümkünsə, hər kəs daha çox öz siyasi məhbuslarıyla məşğul idi. İndi çalışmaq lazımdır ki, Milli Şura siyasi məhbusların hamısını mərkəzləşmiş qaydada müdafiə etsin, hamısına eyni dərəcədə doğma yanaşsın və Milli Şuranın bütün resursları buna sərf olunsun.
“Bu kəsərli silahı heç kimə vermək niyyətində deyilik!”
Milli Şura fəaliyyətində bir neçə başqa məsələni də nəzərə almalıdır. Bilirsiniz ki, Milli Şuraya qarşı birinci “qara piar” dalğası bu qurumu Rusiyaya bağlamaq cəhdləri idi. Bunu Azərbaycan xalqı rədd elədi, bu artıq işləmir. İndi yenə hökumətin agenturası müxtəlif demoralizasiya, gələcəkdə həyata keçiriləcək repressiyalara əsas yaratmaq
məqsədilə hökumətyönlü KİV-lərdə belə şayiələr yayırlar ki, guya, Milli Şura hansısa mərhələdə zorakılıqdan, fiziki gücdən istifadə edə bilər. Bizim siyasi bəyannaməmizdə açıq şəkildə yazılıb ki, Milli Şura istisnasız olaraq, dinc, konstitusion vasitələrlə məqsədinə nail olacaq. Bu, bizim siyasi mövqeyimizdir. Bəlkə də heç bunu deməyə ehtiyac yoxdur. Çünki bu sənədi imzalayan 128 nəfərin hamısı eyni mövqedədir. Amma hesab edirəm ki, bu söz-söhbətlərin hamısı rəsmi şəkildə Milli Şura tərəfindən təkzib olunmalıdır. Hamımız bütün çağırışlarımızda, çıxışlarımızda dinc mübarizəyə sədaqətimizi elə birmənalı ortaya qoymalıyıq ki, hətta ən qərəzli adamlar da bizim mövqeyimizi müxtəlif cür şərh eləyə bilməsinlər. Biz öz prinsiplərimizdə ardıcılıq. Fərqindəyik ki, bəşəriyyət diktaturalara, avtoritar rejimlərə qarşı dinc mübarizədən kəsərli silah əldə edə bilməyib. Bu kəsərli silahı heç kimə vermək niyyətində deyilik. O silahla, xalqımızın gücü ilə biz Azərbaycanda ədaləti bərqərar edəcəyik.
“Xalq da, hökumət də, dünya da bizi bir görməlidir!”
Hesab eləmirəm ki, Milli Şuranın siyasəti özünümüdafiəyə həsr olunmalı, Milli Şura hökumətin yaratdığı situasiyaları şərh eləmək, onları adlamaq məcburiyyətində qalmalıdır. Əksinə, komandamız birlikdə onu bacarmalıdır ki, qarşıdakı aylarda situasiyanı biz yaradaq, hökumət o situasiyaya cavab vermək məcburiyyətində qalsın. Ona görə də sürətlə təşkilatlanmaq və seçkilərə hazırlığı da hədəf götürmək lazımdır. Bu gün bizim yaradacağımız komissiyalar o cümlədən İcra Aparatı və Milli Şuranın hər bir üzvü birbaşa seçkilərə hazırlıq xarakterli işlərin altına öz əlini qoymalıdır. Biz seçkilərə hazırlıq deyəndə seçki kampaniyası üçün kütləvi aksiyaları, KİV-dən istifadəni, xalqın içinə getməyi, regionları təşkilatlandırmağı, 125 dairədə qərargahlar formalaşdırmağı nəzərdə tuturuq. Bütün bu işlərin hazırlığına indidən başlamalıyıq. Mövcud qanuna görə, yalnız iki aylıq seçki kampaniyası, 23 günlük də təşviqat dövrümüz var. Ona görə də hazırlıqları seçki kampaniyası dövrünə saxlaya bilmərik. İndidən bütün hazırlıqlar görülməlidir.
Hesab edirəm ki, bizim hüquqşünaslar indidən Milli Şuranın vahid namizədinin qeydiyyatı ilə bağlı hüquqi prosedurlara da aydınlıq gətirməlidir. Biz vaxt itirməməliyik.
Biz böyük bir işə başlamışıq, Allah bu yolda hamımıza kömək olsun! Hökumət çalışacaq ki, Milli Şuranın içində olan ayrı-ayrı sağlam fikir ayrılıqlarını qabartsın, bizim hələ də tam bir olmadığımız, daxilimizdə ciddi ziddiyyətlərin olması görüntüsünü yaratsın. Ona görə biz də fərqində olmalıyıq ki, bir sənədə imza atmaq, bir bəyannaməni qəbul etmək, bir təşkilatda birləşmək hələ hər şey demək deyil. Milli Şuranı yaratmaqda məqsədimiz böyük xalq hərəkatına, xalqın birləşmiş müxalifətin arxasınca gəlməsinə nail olmaqdır. Xalq bu addımı bizim yalnız imzamızla, iclas zallarını bölüşməklə yox, gerçəkdən bir yerdə olduğumuzu görəndə atacaq. Xalq da, hökumət də, dünya da bizi bir görməlidir!
AXCP sədrindən sonra tanınmış hüquqşünas Vidadi Mirkamal çıxış etdi. O da Milli Şuranın seçki platformasının hazırlanıb xalqa təqdim edilməli olduğunu qeyd etdi. Bildirdi ki, hazırlanacaq platform maksimum dərəcədə sadə, geniş kütləya yaxın, anlaşıqlı dildə olmalıdır. O, Milli Şuranın regional təşkilatlarını yaratmağın da vacib olduğunu dedi. Təklif etdi ki, İctimai Palatanın 65 rayonda formalaşmış təşkilatlarına Milli Şuranın strukturları səlahiyyəti verilsin.
Sonrakı çıxışçı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı oldu. Qəhrəmanlı dedi ki, Azərbaycanda dəyişikliyin saxtakar seçki komissiyalarının tərtib edəcəyi protokollarla baş verməyəcəyi indidən qəbul etmək lazımdır. Dəyişikliyin yolu dinc meydan mübarizəsindən keçir. Bu baxımdan ciddi təşkilatlanma vacibdir.
Fuad Qəhrəmanlı bildirdi ki, Milli Şuranın yaradılamsı böyük hadisə olsa da, xalqın prosesdə kütləvi iştirakı olmasa nəticəyə ümid bəsləmək olmaz. Buna görə də xalqla geniş iş aparmaq lazımdır. “Seçki yaxınlaşdıqca hakimiyyət repressiyaları gücləndirəcək. Bu repressiyaları səmərəsiz etmək üçün Milli Şura işlək müdafiə mexanizmi qurmalıdır” deyən Qəhrəmanlı inamını da bildirdi ki, indiki zamanda Azərbaycan rəhbərliyi istəsə də, ikinci Qəzzafiyə, Bəşər Əsədə çevrilə bilməz.
AXCP sədrinin müavini hakimiyyət komandası haqda “Əliyevlərin əsir etdiyi məmur ordusu” deyə bəhs etdi və bildirdi ki, Milli Şura hakimiyyət dəyişikliyinin bu məmur ordusu üçün son demək olmadığını bəyan etməlidir.
Daha sonra KXCP Ali Məclisinin sədri Bəybala Əbil çıxış etdi. “Azərbaycanda seçki saxtakarılığı haqda danışmaq artıqdır. Çünki ölkədə ümumiyyətlə seçki keçirilmir. Milli Şuranın qayəsi 20 ildə nəhayət, ölkədə seçki keçirilməsinə nail olmaqdır”, deyə o bildirdi.
ALP sədri Əvəz Temirxan da Milli Şura üzvlərinin daim vahid komanda kimi çıxış etməsinin vacibliyindən danışdı. Bildirdi ki, Milli Şuraya qarşı təbliğata əhəmiyyət vermək lazım deyil. Əsas güc seçki qərargahlarının yaradılmasına, xalqla işləməyə yönəldilməlidir.
ACP sədri Sülhəddin Əkbər isə dinc mübarizə barədə Milli Şuranın yekdil mövqeyinin hər zaman vurğulanmalı olduğunu dedi. “Qarşı tərəfə heç bir bəhanə verilməməlidir”, -deyə o əlavə etdi. Sülhəddin Əkbər Şuranın prezidentliyə namizədi ilə bağlı mövqe sərgiləməyin vaxtı çatdığını da bildirdi: “Əksəriyyət Milli Şuranın sədri Rüstəm İbrahimbəyovu həm də təşkilatın namizədi kimi görür. Buna görə də vaxt itirmədən bu, elan olunmalıdır. Gecikmədən təşəəbbüsü ələ almaq üçün seçki qərargahı və mitinq komitəsi də yaradılmalıdır”.
“Azad Gənclik” təşkilatının nümaəyndəsi Məcid Mərcanlı “NİDA” hərəkatı və təmsil etdiyi təşkilat adından çıxış etdi. O, gənclərin adından təklif etdi ki, Milli Şuranın toplantıları media üçün tam açıq olmasın. Onun daha bir təklifi bu oldu ki, Şura fəaliyyəti zamanı gənclərlə daha çox məsləhətləşsin. Məcid Mərcanlı Şuranın prezidentliyə vahid namizədi ilə bağlı da fikirlərini bölüşdü: “Vahid namizəd Azərbaycanda olmalı və saonacan bizimlə çiyin-çiyinə mübarzə aparmalıdır”.
AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi kütləvi aksiyalarla bağlı danışdı. Dedi ki, təşkilatlanma məsələsi yekunlaşmadan, Milli Şura ölkə boyunca öz tanıtımını etmədən mitinqlərə başlamaq tez olar.
KXCP sədri Mirmahmud Mirəlioğlu mərhum president Əbülfəz Elçibəyin 1992-ci ilin martında etdiyi çıxışı xatırlatdı: “Elçibəy deyirdi ki, gəlin milli etimad hökuməti yaradaq. Çünki 3 aydan sonra seçiləcək adamı bir ildən sonra yıxacaqsınız. Azərbaycan xalqı, siyasiləri az qala Musa peyğəmbərin qövmü kimi 40 il səhrada dolaşdıqdan sonra Elçibəyin dediklərinə dönüb”.
Mirmahmud Mirəlioğlu Milli Şuraya böyük inam və etimad bəslədiyini, ötən umu-küsüləri unutmağı qələbənin rəhni saydığını bildirdi.
Gündəliyin ikinci məsələsi ilə bağlı Mİlli Şura sədrinin İcra Aparatının rəhbəri Eldar Namazov danışdı. O, məlumat verdi ki, təklif edilən layihədə 17 komissiya nəzərdə tutulur. Təklifə görə, komissiyalar və onların rəhbərləri bunlar olmalıdır:
İqtisadiyyat komissiyası – Qubad İbadoğlu
Sosial siyasət komissiyası – Eldar Əliyev
Din və milli azlıqlarla iş üzrə komissiya – Eldəniz Quliyev
Hüquq komissiyası – Vidadi Mirkamal
KİV-lə əlaqə və informasiya komissiyası – Rahim Hacıyev
İctimai əlaqələr komissiyası – Mehman Əliyev
Beynəlxalq əlaqələr komissiyası – Gültəkin Hacıbəyli
Elm və təhsil komissiyası – Kamil Vəli Nərimanoğlu
Mədəniyyət komissiyası – Rövşən Almuradlı
Konstitusiya islahatları komissiyası – Qulamhüseyn Əlibəyli
Seçki məsələləri üzrə komissiya – Gülağa Aslanlı
Kütləvi tədbirlər (mitinq) komitəsi – AXCP və Müsavat
Ehtiyatda olan hərbiçilər və hərbiçilərin sosial müdafiəsi komissiyası – Yaşar Cəfərli
Ekologiya komissiyası – İlham Murtuzayev
Yerli özünüidarəetmə komissiyası – Bəybala Əbil
Etika komissiyası – Nurəddin Mustafayev
Keçid dövrü və vahid namizədin öhdəlikləri haqqında sənədin hazırlanması üzrə işçi qrup – Ənnağı Hacıbəyli.
Təkliflə əlaqədar Ziyalılar Formunun üzvü Cəmil Həsənli bildridi ki, Milli Şuranı bu qədər komissiya ilə yükləməyə ehtiyac yoxdu. Elə komissiyalar var ki, onları birləşdirmək mümkündür.
Eldar Namazov Cəmil Həsənlinin təklifinə cavab verdi:“Bizim məqsədimiz xalqa keçid dövründə hökumətin hansı konsepsiyaları nəzərdə tutduğunu çatdırmaqdır. Ona görə də Milli Etimad Hökuməti ilə bağlı cəmiyyətə detallı mesaj verilməlidir. Hesab edirəm ki, Milli Etimad Hökumətinin 2 illik keçid dövründə görəcəyi bütün işlərlə bağlı detallı iş görülməlidir və bunun üçün çoxsaylı komissiyalara ehtiyac var”.
Hüquqşünas Ənnağı Hacıbəyli Cəmil Həsənlinin təklifini müdafiə etdi. Bildridi ki, Milli Şuranın əsas vəzifəsi hakimiyyəti dəyişməkdir. Ona görə də qüvvələri mobilizə etmək vacibdir. Ənnağı Hacıbəyli vahid namizədlə bağlı fikirlərini də çatdırdı: “Mən vahid namizəd məsələsi ilə bağlı narahatlığımı dilə gətirmək istəyirəm. Biz indidən hüquqi məsələlər və indiki əsas vahid namizəd hədəfimizlə bağlı ciddi düşünməliyik. Hər kəsə bəllidir ki, mən Rüstəm İbrahimbəyovun vahid namizədliyinin tərəfdarıyam. Ancaq hüquqi prosedurlar heç də hər zaman bizim istək və arzularımıza uyğun olmaya bilər. Ona görə bu məsələ ciddi düşünülməlidir ki, sonrakı mərhələdə biz vahid namizədimizin qeydiyyata alınmaması kimi bir çətin durumla üzləşməyək”.
Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəyli də komissiyalarla bağlı münasibətini bildirdi: “17 komissiya mürəkkəb sistemdir. Məqsəd cəmiyyətə alternativ platformalar təklif etməkdirsə, biz bunu 5-6 istiqamət üzrə yaradılan komitələr vasitəsilə də həyata keçirə bilərik”.
Müzakirələrdən sonra qərara alındı ki, Ənnağı Hacıbəylinin rəhbərliyi altında “Keçid dövrü və vahid namizədin öhdəlikləri haqqında sənədin hazırlanması üzrə işçi qrup” yaradılsın, komissiyalarla bağlı məsələyə (onların birləşdirilməsi) növbəti sessiyada baxılsın.
Sessiyada həmçinin Bakı Kəndlər Birliyindən Məşədi Vaqif Pənahov və Hacı Əmrulla Dadaşov Milli Şuraya üzv qəbul olundular.<p ”=”” text-align:=””>(azadlıq)