Islam

Müsəlmanların gerilik, süqut amilləri

224208721131567451779823073233204191233117

Müsəlmanların texnologiya baxımından nə üçün geridə olmaları sualına cavab verdikdə, nəzərə almaq lazımdır ki, müsəlmanların gerilik səbəblərini iki, daxili və xarici qismə bölmək olar.

Daxili amillər dedikdə müsəlmanların özlərinin yaratdığı, xarici amillər dedikdə isə yadların müsəlmanlar üçün yaratdığı amillər nəzərdə tutulur. Bu amillərdən bəzilərini işarə edək:

1. Təfriqə və parçalanma amili

Müsəlmanlar arasında yaranan ən mühüm ixtilaflardan biri Peyğəmbərin (s) canişinliyi məsələsi idi. Bəzilərinin fikrinə görə Peyğəmbər (s) canişini Peyğəmbərdən sonra seçilməli idi, bəziləri isə onun əvvəlcədən təyin olunduğuna inanırdılar. Peyğəmbərin (s) həyatından sonra baş verən ilk ixtilaf iki, şiə və sünni firqəsinin yaranmasına səbəb oldu.

İndiki dövrdə də müstəmləkəçilər, istismarçılar məzhəbçilik adı ilə müsəlmanlar arasında ixtilafları şiddətləndirirlər.

2. Əqidə zəifliyi

Müsəlmanların gerilik və azğınlıq səbəblərindən biri də əqidəvi biliyin naqisliyidir. Əqidələr insan həyatında misilsiz rol oynayır. Əslində əqidəsi olmayan cəmiyyət yox kimidir. Qeyd etmək istədiyimiz müsəlmanların həqiqi İslam əqidəsinə diqqətsizliyi və bunun müqabilində İslam düşmənlərinin onu ciddi nəzərə almalarıdır.

Ustad Şəhid Mürtəza Mütəhərri buyurur: “Bəzi dünya görüşlərinin sakinlik, gerilik və bəzilərinin isə tərəqqi səbəbi olması aydın bir məsələdir.” (bax: “Nəqdi bər marksizm”, s.52)

3. Yad mədəniyyətlər

Gerilik amillərindən biri də müsəlman cəmiyyətlərinə yad düşüncələrin və mədəniyyətlərin gəlişi və müsəlmanların bundan təsirlənməsidir.

Düşüncə azdalığı baxımından hansısa bir düşüncənin cəmiyyətə daxil olmasının şəri və əqli eybi yoxdur.

Bu barədə demək istədiyimiz onun müsəlmanlara necə təsir etməsi barəsindədir. Islamın əvvəllərində həzrət Peyğəmbərin (s) vəfatından sonra müsəlmanlar İran və Rumda  böyük hərbi inkişaflara malik oldular. Məsələn hicri 12-ci ilin sonlarında müşriklərlə müharibə təqribən başa çatdı. Odur ki, Əbu Bəkr öz ordusunu İordaniya və Fələstinə apardı. Hicri 17-ci ildə Fələstini fəth etdi.

19-cu ildə Əmr ibn Asın komandanlığı ilə Misir fəth olundu. Bu fəthlər məsihilərin, yəhudilərin və müşriklərin müsəlmanlara yaxınlaşmasına səbəb oldu və nəticədə məsihilərin əqidələri və digər dinlərdəki mədəniyyətlər və əqidələr  müsəlmanlara yaxın oldu. Digər bir tərəfdən əksər müsəlmanlar əqidə zəifliyinə düçar idilər və onların arasında şübhələrə cavab verəcək, yarana biləcək ideoloji problemlə mübarizə apara biləcək elmi şəxsiyyət yox idi. Uyğun problemlərlə mübarizə apara biləcək yeganə şəxs həzrət Əli (ə) idi. Lakin onu da islami cəmiyyətin səhnəsindən uzaqlaşdırmışdılar. Baxmayaraq ki, həzrət özü çox zəruri hallarda səhnəyə daxil olurdu, lakin onun boş yeri həmişə özünü göstərirdi.

Bu amili gücləndirən məsələlərdən biri də zahirən müsəlman olmuş yəhudi və məsihi ruhanilərin müsəlmanlar arasına daxil olması idi. Kəbul-əhbar, Təmim Dari, Vəhəb ibn Münəbbəh Yəmani kimi şəxslər xalqın qəlbində özülərinə yer etdilər, daha sonra xəlifələr yayında məqam sahibi oldular. Hətta iş o yerə çatdı ki, Osman Kəbul-əhbarı müsəlmanların baş qazisi etdi.

Müsəlmanların arasında yaranan əqidəvi azğınlıqların bir çoxunun səbəbi zahirən müsəlman yəhudi və məsihi ruhanilərin, alimlərin mövcudluğu idi.

4. Dini mənbələrə etinasızlıq

Müsəlmanların azğınlığının, inkişafdan dayanmalarının səbəblərindən biri də dini mənbələrə etinasızlıqdır. Universitetlərdə, mediada və digər yerlərdə əsil din maarifinə yer verilmədikdə və Salman, Əbuzər kimi dini şəxsiyyətlərin tanıtdırılmasında səhlənkarlıq olduqda, insanlar ləyaqətsiz və azğın şəxsləri nümunə seçirlər.

Islamın əvvəllərində bəzi İslam başçıları Quranın önə çıxması bəhanəsi ilə hədislərin yazılmasına mane olurdular. Onların fikrinə görə Peyğəmbər (s) bəzən qəzəb, bəzən isə razılıq səbəbindən danışdığı üçün onun sözlərini dəlil hesab etmək naqisdir. Lakin bundan xəbərsiz idilər ki, Peyğəmbər (s) nəinki Quranın öndə olmasına, yayılmasına mane olmurdu, əksinə o Quranın dediyinə görə Quranın təfsirçisi idi. “Sənə zikri nazil etdik ki, onu insanlara açıqlayasan.”

Allah-təala Quranda buyurur: “Peyğəmbərin (s) dediyi yalnız vəhydir və o heç zaman həvəs səbəbindən danışmır.”

5. Müsəlmanların ifrat və təfritə yol verməsi

Bu ən mühüm amillərdəndir. Tarix boyu bir qrup müsəlmanlar Quranla kifayətlənib, Peyğəmbər (s) və pak imamların hədis və sünnəsindən üz çeviriblər. Bu şəxslər zəif dəlillər ilə öz əməllərini yozmağa çalışıblar.

Digər bir qrup Quranı parçalayıb, onun bəzi ayələrini qəbul edib, bəzilərini tərk ediblər.

Əxbarilər kimi tanınan digər bir qrup isə Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) hədis və sünnələrinə üz gətirib. Quranı və ağlı kənara qoyublar. Bu şəxslərə görə Quran yalnız Allahın müraciət etdiyi şəxsə nazil olub və biz Quranın müraciət ünvanı deyilik, onu anlamırıq. Odur ki, Quran məsum olmayanlar üçün dəlil hesab olunmur.

Bu amil, yəni ifrat və təfrit, Quranın Qurandan, Quranın hədis və sünnədən və hədis və sünnənin Qurandan ayrılması  digər amillər kimi təkcə keçmiş zamana  aid olmur. Əgər bu gün də Quran qariləri onun ahəngi, təcvid qaydaları və zahiri gözəllikləri ilə kifayətlənib,  onun məna və maarifindən faydalanmasalar, yaxud din elmlərini öyrənənlər Quran təfsirini mənimsəməsələr bu halda bəşər maarifini ilahi maarifdən ayırmış hesab olunurlar.

Əgər təcrübi, humanitar elmləri öyrənənlər ilahi maarifdən uzaq düşsələr, demək yad mədəniyyətlərin təsiri altındadırlar. Odur ki. Quranın Bəqərə, 143-cü ayədə işarə etdiyi orta yolu tutmaq, ifrat və təfritdən çəkinmək lazımdır.

İfrat və təfrit səbəbindən azğınlığa düçar olmuş digər bir qrup cəhalətə qərq olmuş, zahiri müqəddəsliyə üz tutmuş, Quranın zahirinə bağlanıb, onun möhtəvasını tərk edənlərdir.

Fikri və əməli cəhalətə qərq olmuş şəxslərin tarixdəki ən böyük nümunəsi xəvariclərdir. Onlar Süffeyn döyüşündə həzrət Əlinin (ə) səhabələrindən idilər. Müaviyə Həzrətin qələbəyə yaxınlaşdığını gördükdə hiyləyə əl atıb Əmr ibn Asa göstəriş verdi ki, nizələrin başına Quran taxsınlar və bu yolla müsəlman, Quran əhli olduqlarını göstərsinlər.

Həzrət Əli (ə) onların hiyləsinə aldanmadı və buyurdu: Bütün bunlar bəhanədir.

Lakin bir qrup nadanlar və özlərini müqəddəs insanlar kimi göstərən şəxslər həzrətə qarşı çıxdılar və dedilər ki, biz Quranla savaşmayacağıq.

Həzrət onlara dedi ki, mən də Quranla savaşmıram.

Elə ilk gündən Həzrət düşməni Qurana dəvət etdi və buyurdu: “O həva və həvəs səbəbindən danışmır, onun danışdıqları yanlız və yalnız ona vəhy olunanlardır.” (Qurani-kərim) Agah olun ki, mən sizi Allahın kitabına, Onun Rəsulunun (s) sünnəsinə və ümmətin qanının axmamasına dəvət edirəm.

İndiki dövrdə də uyğun cəhalət, zahiri müqəddəslik nümayişi müsəlmanlar arasında mövcuddur. Dərvişməsləklər və xanəgahnişinlərin təhlükəsi xəvaricin təhlükəsindən az deyil. Çünki onlardan bəziləri dinin həqiqətindən uzaq düşüblər, və bununla kifayətlənməyib təriqət və həqiqətə çatmaq bəhanəsi ilə dinin zahirini və şəriəti də bir kənara qoyublar. Rəqs kimi qeyri-şəri bidətləri dinə əlavə ediblər və özlərini kəlbiyyun, rəvaqiyyin kimi qədim Yunan düşüncələri, məsihi və hinduizm əqidələri ilə sirab ediblər. Seyyid Əli Məhəmməd Babın bünövrəsini qoyduğu babiyyət firqəsi həmin fikri azğınlığın, nadanlığın nəticəsidir. Onlar babiyyət iddiası ilə sonda ilahilik iddiası etdilər.

6. Dünyapərəstlik

Müsəlmanların gerilik və süqut səbəblərindən biri də onların dünyapərəstliyidir. Din rəhbərlərimiz bir çox yerlərdə bizim üçün dünyanı tanıtdırıblar və dünyapərəstliyi məzəmmət ediblər. Həzrət Əli (ə) Nəhcül-bəlağədəki qısa kəlamlarında dünyanı belə tanıtdırıb:” Dünya əvvəlcə aldadır, sonra zərər verir və daha sonra tərk edir.”

Dünya insandan böyük iman sərmayəsini oğurlayır və daha sonra insanları azğınlıq dərəsində tərk edir.

Başqa bir hədisdə buyurulur: “Dünya sevgisi bütün pisliklərin əsasıdır.”

Dini mətnlərdə dünyanın sərt şəkildə məzəmmət olduğu aydındır. Bəs dünya nədir? Bəzi sufilərin  düşündüyü kimi işləmək və çalışmaq dünyadırmı? Zahidlik, dünyaya bağlanmamaq ictimai məsuliyyətlərdən qaçmaq, ailə qurmamaq deməkdirmi?

Şübhəsiz, məzəmmət olunmuş dünya deyildikdə bunlar nəzərdə tutulmur. Din rəhbərlərinin məzəmmət etdikləri dünya yalnız və yalnız Allahdan başqasına bağlanmaq və insanı Allahdan uzaqlaşdıran şeylərdir.

Demək, cəmiyyətdə yaşayan, ailə quran, məsuliyyətləri qəbul edən, var-dövlət sahibi olan insan əgər ilahi məhəbbətdən uzaq düşmürsə, hər gün Allaha daha çox bağlanırsa, dünya əhli hesab olunmur. Lakin elm və ibadət əhli olan şəxsin qəlbi nəfsani arzular və Allahdan başqalarının məhəbbəti ilə doludursa, onun dünyapərəst olmasında heç bir şübhə yoxdur. Demək, dünya deyildikdə məqsəd insanın başını özünə qatıb, onu Allahdan uzaqlaşdıran hər bir şeydir.

7. Dini düzgün tanımamaq 

Müsəlmanların gerilik, azğınlıq və süqut səbəblərindən biri də dindarların və din  alimlərinin dini düzgün dərk etməmələridir. Din daxilində İslam alimlərinin fikir ixtilafına səbəb olan müəyyən terminlər var. Bu barədə bəziləri naqis, bəziləri isə düzgün və kamil dərk əldə ediblər. Uyğun terminlərdən bir neçəsinə işarə edək: Qəza, qədər, şəfaət, təqiyyə, intizar, səbr, zöhd və hakimiyyət.

Əgər müsəlmanlar dini idrakın əsaslarını və müqəddimələrini düzgün şəkildə öyrənsəydilər, şəxsi zövq və səliqə əsasında  nəticə çıxarmasaydılar, uyğun terminlərin təfsirində zikr əhli və məsumlardan (ə) faydalansaydılar belə böyük səhvlərə düçar olmazdılar; qəza və qədər anlayışlarını cəbr (məcburilik), şəfaət, təqiyyə, səbr anlayışlarını süstlük, zöhd anlayışını sufilik, intizar anlayışını isə hakimiyyət və zülmlə mübarizənin inkarı kimi başa düşməzdilər.

8. Batil hökumət və təqvasız dövlət işçiləri

Müsəlmanların süqut və bədbəxtlik amillərindən biri də batil hökumətlərin və dünyapərəst, təqvasız dövlət işçilərinin mövcudluğudur. Belə şəxslər öz nəfsani arzularını və hədəflərini həyata keçirmək üçün insanları özlərinə yaxınlaşdırırlar, əyyaşlıq, var-dövlət yığmaqla məşğul olurlar; Təəssüf ki, belə şəxslərdən bəziləri özlərini müsəlmanların xəlifəsi adlandırırdılar. Onlar şəhidlərin qanı ilə  əldə olunan torpaqları çox asanlıqla əldən verirdilər.

Avropa qitəsində yerləşən gözəl İspaniya müsəlmanlar tərəfindən fəth olundu. İspaniyada böyük İslam mədəniyyəti yarandı. Lakin məsihi bəzi şəxslər Andalusiada müsəlmanların məhvi üçün spirtli içkiləri havayı olaraq müsəlman  cavanlara verirdilər.  Hicri  486-cı ilin cəmadiyus-sani ayının 4-ü müsəlmanların baş naziri Ədiy ibn Əbdüləziz, məsihilərlə gizli müqavilə bağladı və Valans qalalarını onlara təslim etdi, məsihilər ətraf şəhərlərə daxil olub vəhşiliklər edib, cinayətlər törətdilər və hətta xain İbn Əbdüləzizin özünü də yandırdılar və bu qayda ilə bütün Andalusia müsəlmanların ixtiyarından çıxıb, məsəhilərin əlinə keçdi.

9. Dini mərkəzlərin zəifliyi

Müsəlmanların zəifləməsinə, geriliyinə səbəb olan digər amil din alimlərinin vəzifəsini paklıq və murdarlıq kimi şəriət hökumlərini açıqlamaqla məhdudlaşdırmaqdır.

Din alimləri dinin bütün cəhətləri barəsində düşünməli, İslamı tam şəkildə dərk etməlidirlər. Fiqh və şəri hökmlər dinin bir hissəsi olduğu kimi, əqidələr və əxlaq da dinin bir hissəsidir. Əhli-beyt (ə) fiqhində iqtisadi, siyasi, idarəçilik barədə bir çox sözlər deyilib. Lakin azsaylı təhqiqatçılar bu məsələlərə lazımı diqqət göstəriblər.

Bu dəyərləri diriltmək din alimlərinin və dini mərkəzlərin vəzifələrindən deyilmi?! Daha mühüm olanı budur ki, bu gün dünən deyil.

Bu gün yüzlərlə yeni ideoloji, əqidəvi məsələlər ortaya çıxıb. Ciddi və  mütəxəssis səyləri olmadan onların qarşısında durmaq mümkün deyil. Uca məqamlı Rəhbər də bu məsələ barəsində bir çox xatırlatmalar verib. Ümid edirik ki, gələcəkdə bu sahədə dini mərkəzlərdə müsbət addımlar atılsın.

10. Müsəlmanların öz gerilik amilləri barəsində tədbir görməmələri

Bəlkə də müsəlmanların ən əsas gerilik amili onların uyğun azğınlıq və süqut səbəbləri barəsində düşünməmələri, tədbir görməmələridir.

Əksər müsəlmanlar ticarət, iş və təhsil ilə məşğuldurlar, çox az hallarda özlərinin və dini cəmiyyətlərinin dərdləri barəsində düşünürlər. Məsum imamlar (ə) buyurur:” Hər kəs səhər yuxudan qalxsa və bu zaman müsəlmanların dərdləri, məsələləri onu düşündürməsə, narahat etməsə və bu barədə səy göstərməsə müsəlman  deyil.” Müsəlman cəmiyyətlərdə inqilablar baş verir, bir çox insalar bu yolda şəhid olurlar. Lakin inqilabdan sonra adətən insalar öz şəxsi məsələləri barədə düşünürlər və çox az hallarda ictimai problemlərin həllinə çalışırlar.

Bunu da deyək ki, rəhmətlik İmamın (r) bərəkətləri və uca məqamlı Rəhbərin tövsiyələri sayəsində xalqımız digər xalqlara nisbətən daha çox ictimai problemləri həll etməyə çalışırlar və 26 il ötməsinə baxmayaraq hələ də siyasi və ictimai səhnədə mövcuddurlar.

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button