Müsavatın gənclər sədri həbs edildi

Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli həbs olunub. Bu haqda Müsavat başqanın müavini Səxavət Soltanlı məlumat yayıb.
“Səbail Rayon Məhkəməsi 3 aylıq həbs-qətimkan tədbiri seçib. Həbsin detallarını dəqiqləşdiririk. Ətraflı məlumat olacaq”, Səxavət Soltanlı özünün feysbuk səhifəsində yazıb.
Aldığımız xəbərə görə, noyabrın 21-də saxlanılan Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqov Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan qrup tərəfindən dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə) maddələri ilə ittiham olunur. İttihama görə, o, kreditlə aldığı “Niva” markalı maşına görə banka borclu qaldığı 5100 manatın banka tam ödənilməsi barədə saxta arayış düzəldib. Həmin arayışı DYP-yə verib, maşını girovluqdan çıxarıb öz adına keçirib, sonra da satıb.