Nəsimi rayonunda ağaclar hansı məqsədlə kəsilib?

Nəsimi rayonu ərazisində 16 növdə nadir ağacların budama adı altında kəsilməsi ciddi rezonans doğurub. Bununla bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonu ərazisində nadir ağacların kəsilməsinə kəskin reaksiya verib. Fondun prezidenti Mehriban Əliyevanın göstərişi ilə qurum əməkdaşları Nəsimi rayonundakı 20 Yanvar küçəsində, ağacların kəsildiyi ərazidə olublar. Qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dayandırılıb.
Ağacların kəsildiyi əraziyə baş çəkəndə qarşılaşdığımız mənzərə bizi çaşdırdı. Elə bir yaşıllıq salınmışdı ki, sanki ağacların məhvi burda həyata keçirilməmişdi. Yaxındakı binada yaşayan Samirə Əliyeva bildirdi ki, ağacları bir gecədə kəsmişdilər. Öncə 3 akasiya ağacını yanddılar, sonra digər ağacları kəsdilər: “Yandırılan ağaclardan sonra bir neçə Eldar şamını doğradıılar. Bu ağacların hər birinin 50-dən çox yaşı var. Bina tikilən vaxtda əkilib. Həyətdə səliqəsizlik olsa da, ağacların yaşıllığı və kölgəsi bura gözəllik verirdi. Bina sakinləri ağacların altında incəlirdi”.
Samirə Əliyeva ağackəsmə əməliyyatına avqust ayının 8-də başladıqlarını dedi: “Avqustda ağacları budamaq olar? Budamaq adı ilə bu işlərə başladılar. Ağacları hansı səbəbdən kəsdikləri maraqlandıqda dedilər ki, sizə məlumat verə bilmərik. Bina sakinləri ilə onlar arasında mübahisədə yaşandı. İnanin ki, qonşularla birlikdə yatmayıb, ağaclara keşik çəkirdik. Çox sağ olsun Mehriban xanımı, bu məsələyə vaxtında münasibət bildirdi. Nəticəsi də göz önündədir”.
Yaşıllığa gəldikdə, Samirə Əliyeva qeyd etdi ki, bir gecənin içində buraya ot parşaları gətirib düzdülər: “Bunu kəsilmiş ağacların yerini itirmək üçün etdilər”.
Həmin binanın digər sakini Qərib Əzimovun sözlərinə görə, 50 il öncə əkilmiş 10-dan çox ağac məhv edildi. Sonra da kəsilmiş ağacların diblərini basdırdılar ki, görən olmasın: “Şikayət edəndən sonra səsimizi eşidən oldu. İlk dəfə həmin kəsinti işlərini aparan adamlarla bağlı yaxınlıqdakı polis şöbəsinə şikayət etdik. Onları apardılar, bir az sonra heç nə olmamış kimi buraxdılar. Polisdən soruşdum ki, nədən buraxdınız, cavab verdilər ki, onları saxlamaq səlahiyyətimiz yoxdu.
Ağacların kəsildiyi yeri tamam şumlayıblar. Şikayətdən sonra burada bu cür abadlıq yaradıblar. Bir gün gec desəydik vəziyyət başqa cür olardı. Gecəynən buranı abadlaşdırdılar.
Biz orada olanda Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları ərazidə işləyirdilər. Su vuran maşınla yeni salınmış ot örtüyü suvarılırdı. Bakı Şəhər İcra Hakimiyyətinin, Yaşıllaşdırma İdarəsinin və Ekologiya nazirliyinin mütəxəssisləri də burdaydılar. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi bildirdi ki, yaxın günlərdə binanın qarşısında uşaqlar üçün yelləncəklər və bina sakinlərinin istirahəti üçün köşklər qoyulacaq.
Sakinlər həmçinin qeyd etdilər ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı vətəndaşlarla görüşüb və onları əmin edib ki, bundan sonra həmin ərazidə heç bir ağac kəsilməsi işi baş verməyəcək. Bakı meri Hacıbala Abutalıbovun göstərişinə əsasən, əraziyə plakat basdırılıb. Orada qeyd olunur ki, BŞİH həmin ərazinin yaşıllıqlarını bərpa etməsi işlərini aparır.
Sakinlər həmin parkın bir hissəsinin bir neçə ilə öncə satıldığını və yerində obyekt tikildiyini qeyd etdilər. Onlar bu yerində hansısa bir sahibkara satıldığını güman edirdilər. Ağacları kəsənlərin kimliyinə gəlincə, bunu Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi araşdırır.
Bina sakinləri də həmin şəxslərin cəzalandırılmasını istəyir. Artıq Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi 40 min manat cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti bildirir ki, qurumun Dövlət Ekspertiza İdarəsinə 11 iyul 2014-cü il tarixində Bakı Abadlıq Xidməti MMC tərəfindən Nəsimi rayonu, 20 Yanvar küçəsi 22B və Asəf Məhərrəmov küçəsi 2/51 ünvanlarda abadlıq işlərinin aparılması məqsədilə ərazidə təhlükə yaradan ağaclara müvafiq rəy verilməsi üçün müraciət edilib: “İdarədən həmin ərazidəki iri gövdəli ağacların budanmasına rəy verilib. Lakin 12 avqust 2014-cü il tarixində nazirliyə həmin ünvanda ağacların qanunsuz kəsilməsi barədə şikayət ərizəsi daxil olub. Şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və İDEA kampaniyasının nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb. Faktla bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə müvafiq olaraq hüquqi şəxs qismində 40000 manat məbləğində cərimə edilib”.
Anar Kəlbiyev
Foto: Elçin Murad
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)