Nadir ağacları kəsdirib mağaza tikdirən kimdir?- Fotolar

“25 ildən artıq istifadəmdə olan, kəsilən ağacların yerini yolum qarışıq dükan yeri kimi satdılar”
Yaşıllıqların məhv edilməsi mövzusu yenidən gündəmdədir.
“Qafqazinfo”ya daxil olan şikayətə görə, növbəti ağac kəsinti işləri Xətai rayonu, Gəncə prospektinden Əhmədli metrosu istiqamətində olan yolda aparılır. Buradakı bütün ağaclar kəsilir. Səbəb kimi isə yolun sağ tərəfinin qazonlaşdırılması göstərilir.
Artıq sözügedən əraziyə torpaq da gətirilib.
***
Digər şikayət isə Biləsuvardandır. Rayon sakini Bəhruz Əzizov “Qafqazinfo”ya göndərdiyi məktubunda öz əli ilə əkdiyi nadir ağacların kəsilərək yerində ticarət obyektinin tikildiyini deyir:
“Hüquqlarım pozulub. Əkdiyim 25 illik ağaclar, həmişəyaşıllar və 60-80sm diametrli, 17-18m hündürlükdə 45 illik Eldar Şamı ağaclarını motopila, mişar, balta ilə hamının gözü qarşısında vəhşicəsinə kəsdilər. 25 ildən artıq sərəncamla istifadəmdə olan, kəsilən ağacların yerini yolum qarışıq dükan yeri kimi satdılar. Fəaliyyətimi tam iflic etdilər”.
Bəhruz Əzizov məsələ ilə bağlı bir neçə yerə müraciət etdiyini bildirir və Bakıya yoxlamaların yalan nəticəsinin göndərildiyini iddia edir:
“Bu günə qədər Prezidentə, Ekologiya Nazirliyinə, Korrupsiya mübarizə idarəsinə, Torpaq komitəsinə teleqrammalar və məktublar göndərdim. Bir dəfə regional qəbulda Baş Prokuror cənab Zakir Qaralova bu məsələ ilə bağlı video və foto faktları şəxsən təqdim etdim. Lakin bütün şikayət ərizələrim baxılması üçün rayona göndərilir. Cavabında faktlar gizlədilir və qanunu pozan məmurlar tərəfindən Bakıya dezinformasiya göndərilir”.
Sözügedən kəsinti işləri Biləsuvar rayonu, Heydər Əliyev küçəsi, ev 10, məhəllə 4-də aparılır.
Şikayətçi tərəfindən çəkilən videoda kəsintini aparan fəhlələrdən bu göstərişi kimdən aldıqları haqqında dəfələrlə soruşulur. Amma onlar bu suala cavab vermir və ticarət obyektini kimin salacağı ilə bağlı məlumatsız olduqlarını deyirlər.
Qeyd: Fotoqalereyadakı ilk 6 şəkil Biləsuvarda, son 3 şəkil isə Bakıda çəkilib.