“Hökumət hələ də başa düşmür ki…”

AXCP sədri Əli Kərimli feysbuk səhifəsində Azərbaycanın valyuta ehtiyatlarının yanvar ayında təxminən daha 1 milyard dollar azaldığını qeyd edərək, böhranın dərinləşməsi, hökumətin isə heç bir effektiv tədbir görə bilməməsi barədə yazıb.
Yalnız yanvar ayında Mərkəzi Bankın rezervləri daha 434,7 milyon dollar azalaraq 4,6 milyard dollara düşüb. Neft Fondu da yanvar ayında 594 milyon dollar xərcləməli olub. Yazdıq, izah etdik ki, valyutadəyişmə məntəqələrini bağlamaq, dollar satışını dayandırmaq, gömrük rüsumlarını, vergiləri artırmaq, ölkəyə mal idxalını daha da çətinləşdirmək böhrandan çıxış yolu ola bilməz. Bu yolla ölkəni daha dərin bataqlığa salacaqsınız. Başa düşmədilər. Budur, artıq hökumətin “anti-böhran” siyasətinin ilk ayının nəticələri bilindi. Manata etimad sarsılmaqda davam edir. Bütün məhdudiyyətlərə rəğmən, ölkə yalnız yanvar ayında 1 milyard dollardan artıq valyuta itirib, idxal 70 faiz azalıb, banklar bağlanılır, sosial narazılıq artır, artıq sahibkarlar da etiraz aksiyaları keçirir. Amma hökumət hələ də başa düşmür ki, köklü iqtisadi və siyasi islahatlar yeganə çıxış yoludur.