ArxivIslamXəbər lentiXəbərlər

”Nardaran işi”: Taleh Bağırzadənin adından kitabı ”Bandotdel”in rəisi yazıb

”Mən etiraz edəndə dedilər: ”Səni zorlayacağıq””
Fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin növbəti məhkəmə iclası keçirilib.

“Ən möhtəşəm məscidlər bizdədir”

Meydan TV-nin məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən Ramil Əliyev sualları cavablandırıb. O, istintaq zamanı işgəncələrə məruz qaldığını deyib və bu haqda geniş danışmaq istəyib. Hakim isə ondan mahiyyəti üzrə sualları cavablandırmağı tələb edib:
“İşgəncə faktı ilə bağlı Baş Prokurorluğa müraciət edilib və araşdırma aparılır. Ötən iclasda iki saat ifadə verdin. Hər dəfə dindən danışırsınız”. R. Əliyev isə başına gələnləri konkret danışmağın mümkün olmadığını deyib:
“Nardaran hadisəsi ilə bağlı iki yüzdən çox adamı həbs etmişdilər. Yoldan keçənləri belə tutumuşdular. İndi 68 nəfər qalıb. Bi istəyirik insan kimi yaşayaq. Niyə məscidləri sökürlər? Nə istəyirlər bu xalqdan? “Düzdür, Azərbaycan tolerant ölkədir, lakin xaricilərə qarşı. Dövlət büdcəsindən erməni kilsəsinin təmirinə pul ayrılır. Ancaq bizim məscidlər sökülür. Cəlilabadda 250 məscid var. Onlardan üçünü dövlət qeydiyyatına alıblar”.
Hakim isə bildirib ki, Azərbaycan höküməti ən çox məscid tikən hökumətdir: “Ən möhtəşəm məscidlər bizdədir”.

“Evdə güya döşəkcələrin altından qumbara tapdılar”

Daha sonra R. Əliyev həbs olunmasından danışıb. Cəlilabad sakini olan R.Əliyev deyib ki, həbsindən əvvəl ona polis şöbəsindən zəng gəlib:
“Mənə dediər rəis müavini Səfər çağırır. Mən də getdim. Oraya çatanda dedilər ki, səni və ailəni yaxşı tanıyırıq, lakin yuxarıdan əmr gəlib səni aparmalıyıq. Daha sonra mənə dedilər ,evdə axtarış aparmaq lazımdır. Onlarla birlikdə gəldik evə. Üzərimi yoxladılar, nəsə tapmadılar. Evdə güya döşəkcələrin altından qumbara tapdılar. Sonra 20 manatlıq yalançı hal şahidləri gəldilər şahidlik etdilər. Daha sonra kitabları yoxladılar. Gəlib dedilər ki, kitablar olan otaqda pencəyinin cibindən Taleh Bağırzadənin kitabçası çıxdı. Beş gün əvvəldən bilirdim ki, məni həbs edəcəklər. Əgər məndə silah olsaydı, şöbəyə gedəndə elə silahı evin yanındakı çaya atıb gedərdim. İttihamda var ki, mən adamları hakimiyyətə tabe olmamağa çağırmışam. Əgər belədirsə, niyə polisin bir zəngi ilə şöbəyə gedirdim? Sonra Cəlilabad rayon Polis Şöbəsinə gəldik. Orada dedilər, silahı zibillikdən tapdığımı yazım. İmtina edəndə dedilər, valideynlərinə hörmət edirsənsə, söyülmək və döyülmək istəmirsənsə, dediklərimizi yaz. Mən 20 il həbsə razı olaram, ancaq elə ləyaqətsiz adamların söyüşünü qəbul etmərəm. Buna görə yazdım. Daha sonra məni “Bandotdel”ə gətirdilər. Orada Taleh Bağırzadə əleyhinə ifadə almaq istədilər. Mən etiraz edəndə dedilər: “Səni zorlayacağıq. Elə bir günə qoyacayıq ki, “zon”a gedəndə dustaqlar sənə yer verməyəcək, həmişə başın aşağı olacaq və qapının yanında yatacaqsan”. Lakin mən dediklərin etmədim. Dedim, öldürsəniz də, bunu etməyəcəm. Taleh Bağırzadənin kitabçası deyilən kitabçanı da elə “Bandotdel”in rəisi yazıb. Talehin elə bir kitabı olmayıb. Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, heç biri bizimlə maraqlanmır. Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları rayona gələndə icra hakimiyyətində oturub beş-on nəfərlə çay içib gedirlər, dindarlarla görüşmürlər”.

“Çox danışsan səni öldürəcəm”

Daha sonra iclasda təqsirləndirilən şəxslərdən Elgün Axundov ifadə verib. E. Axundov özünü təqsirli bilmədiyini deyib:
“2015-ci il noyabrın 30-da gecə evdə yatırdım. Bir də gördüm qapını sındırırlar. Qapını açan kimi özlərini təqdim etmədən məni maşına apardılar. Soruşdum, nəyə görə gəliblər. Polislərdən biri silahı üstümə çəkib dedi: ”Çox danışsan səni öldürəcəm”. Oradan da Binəqədi rayon Polis İdarəsinə gətirdilər. Mən evdə olmadan axtarış aparıblar və güya silah tapıblar. Həmin vaxt yanlarında heç kim olmayıb. Evdə olan bütün pulu son qəpiyinə qədər götürüblər. Mənim atam ürək xəstəsidir. Onun əməliyyatı üçün yeznəmizdən 20 min dollar almışdıq. Həmin pulu da götürüblər. Bir manat evdə pul saxlamayıblar ki, əgər çörək lazım olsa, heç olmasa onu ala bilsinlər. Həmin 20 min dollar hələ də Binəqədi rayon Polis İdarəsinin baş müstəntiqi Mövsüm Cabbarovdadır. Dəfələrlə müraciət etmişik, qaytarmırlar. Lakin o pulun ittihamla əlaqəsi yoxdur. Əvvəlcə mənə silah ittihamı verildi, sonra “Bandotdel”də müstəntiq dedi, əmr gəlib ki, ittiham ağırlaşdırılsın. Mən bütün ittihamlara sübut istəyirəm. Yazıblar ki, kütləvi iğtişaşla bağlı çıxış etmişəm. Göstərsinlər görüm harada elə çıxış etmişəm və yaxud nə vaxt silahla gəzmişəm? Mənim üzümə duran yalançı hal şahidlərindən biri mənim qonşumdur. Gələr burada da üzləşərik”.

“Rəis Mehriban Əliyevaya söydü”

İclasda təqsirləndirilən şəxslərdən Əli Şahbazov da ifadə verib. Nardaran sakini olan Əli Şahbazov deyib ki, ondan əvvəl atasını həbs ediblər: “Güya atamdan silah tapılıb və buna görə onu həbs ediblər. Bu hadisədən sonra yolda polislərdən birini gördüm və atamı nə üçün həbs etdiklərini soruşdum. O dedi ki, “dörd qardaşsınız, biriniz gəlin ittihamı üzərinizə götürün, atanızı buraxsınlar”. Mən də razılaşıb 14-cü Polis Bölməsinə getdim. Bu zaman rəis Sadiq Heydərov mənim üzərimə hücum etdi. Mən de dedim əl-qol atmasın, yoxsa Mehriban Əliyevaya şikayət edəcəm. O isə Mehriban Əliyevaya söydü. Orada məni tutub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər. Bir ay orada qalandan sonra öyrəndim ki, atamı buraxmayıblar. Ona 2 il 9 ay iş veriblər. Bizim həbsimizə etiraz edən qardaşımı da həbs ediblər. Bu ölkənin yiyəsi yoxdur. Biabırçılıqdır”.
Məhkəmə prosesi martın 3-də davam edəcək.
Adları çəkilən şəxslərin bir qismi “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Məhkəmənin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib. T. Bağırzadə və digərləri özlərini təqsirli bilmirlər, istintaq zamanı işgəncəyə məruz qaldıqlarını deyirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button