“Nardaran işi”nin məhkəmə istintaqı yekunlaşdı

Dövlət ittihamçısı çıxış üçün vaxt istədi
Dekabrın 23-də vəkil Yalçın İmanov məhkəmədə “Nardaran işi”ndə təqsirləndirilən şəxslərin prosesə qatılmaları haqqında vəsatət verib. Vəkil bildirib ki, onların hamısı soyuq zirzəmidə saxlanılmaqdan xəstələniblər:
“Ya zala gətirilsinlər, ya da məhkəməyə istintaq təcridxanasından etap olunmasınlar. Bizim görüş imkanlarımız da məhdudlaşdırılıb”.
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslər və onların ailə üzvlərinin iştirakına icazə verilməyib.
Şamil Abduləluyevin vəkili Zibeydə Sadıqova isə müdafiə etdiyi şəxsim anasının yas mərasimində iştirakına icazə verilməsini istəyib. Məhkəmə bu vəsatəti də təmin etməyib. Hakim bildirib ki, Ş.Abduləliyev ağır maddələrlə ittiham olunduğu üçün buna icazə verilmir.
Daha sonra vəkillər ölən polislərin meyidlərinin ekskumasiya olunmaları barədə vəsatət veriblər. Bildiriblər ki, onlar öləndən sonra meyitləri yarılmayıb. Məhkəmə vəsatəti təmin etməyib.
Hakim məhkəmə istintaqının yekunlaşması barədə məsələni müzakirəyə çıxarıb. Vəkillər isə buna etiraz ediblər. Onlar düzgün məhkəmə araşdırması aparılmadığını deyiblər və təqsirləndirilən şəxslərlə məsləhətləşmək istəyiblər.
Məhkəmədə fasilə elan edilib. Fasilədən sonra təqsirləndirilən şəxslərin iclasda iştirakına icazə verilib.
Prosesdə çıxış edən Taleh Bağırzadə deyib ki, ona məxsus olduğu iddia edilən müraciət kitabçası araşdırılmalıdır.
Vəkil Y. İmanov isə bununla bağlı ekspertlərin çağırılıb dindirilməsini istəyib.
Fuad Qəhrəmanlı isə bildirib ki, ona yazıları ilə bağlı ittiham verilib və bu yazılar araşdırılmalıdır.
Bundan sonra hakim məhkəmə istintaqının yekunlaşmasını elan edib. Çıxış üçün söz prokurora verilib.
Lakin o, çıxışa hazırlaşmaq üçün vaxt istəyib. İclas dekabrın 26-da davam edəcək.