“Nardaran qətliamı”na barıt dumanından sonrakı baxış

Bu gün “Nardaran işi” üzrə növbəti məhkəmə iclasıdır. Insafla yanaşsaq, bu, nə prosesdir, nə də məhkəmə. Bu, haqsız yerə zindana salınan fəallara verilən işgəncədir. Mənəvi və fiziki işgəncə. Aydındır ki, bu məhkəmə ədaləti bərqərar eləmək üçün yox, şərləməni rəsmiləşdirmək üçün qurulub.
(Birinci yazı)
Nardaranda qardaş qanı tökən güllənin barıt iyi çəkilər-çəkilməz, savadlı adamlar bildi ki, nə dövlət çevrilişinə cəhd var, nə də başqa bir şey. Lakin rejimin öz çuğulları ilə birgə şiddətlə başladığı kampaniya insanların bir hissəsini hipnoz etməyi bacardı.
Həqiqət qorxu və yaltaqlığın kölgəsində…
Bəziləri hökumətin şantajından qorxub susdu, şahə qalxan şərin ünvanına bir kəlmə də kəsmədi. Biriləri bu olayları hökumətə yarınmaq üçün əlverişli məqam saydılar. Bu cür vəziyyətdə eyforiya o yerə çatmışdı ki, ağlı başında zənn elədiyimiz adamlar da çəkinmədən “Nardaran şumlanmalıdır” təklifini dilə gətirirdi. Televiziyaların “Nardarana üç rəngli bayraq asıldı” formasında hazırladığı süjetlər nə qədər insanı öz təbii orbitindən çıxarmışdı…
Rəsmi rəy, eləcə də dövriyyəyə çuğullar vasitəsilə ötürülən fikir belə idi ki, Tale Bağırzadə öz tərəfdarları ilə Irandan təlimat alaraq Azərbaycanda dünyəvi quruluşu dəyişib şəriət dövləti yaratmaq istəyirmiş. Ancaq bu yalanın ömrü də klassik ifadəni doğrultdu və heç 40 gün çəkmədi.
Nardarandakı qırğından az sonra Iranla Azərbaycan arasında yüksək səviyyəli rəsmi görüşlər keçirildi, mühüm sənədlər imzalandı, qarşılıqlı səfərlər baş tutdu. Beləliklə, “Iran barmağı” söhbətinin altından da, üstündən də bir daş qoyuldu, bu böhtanı özləri cücərtdiyi kimi, özləri də batırdılar.
Bəs heç nədən yaradılan bu hay-küy nə idi?
Zənnimcə, Tale Bağırzadənin ilk məhkəmə iclasında verdiyi açıqlama bu suala tutarlı cavabdır. Əlbəttə, qərəzsiz və obyektiv formada baş verənləri başa düşmək istəyənlər üçün. Qərəzli adam üçün lap gedib Nyu-York Elmlər Akademiyasından mütəxəssis gətirsən də, ona şübhə ilə baxacaqlar.
Xatırlatma: Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə məhkəmədə ona Milli Şura və onun rəhbərliyinə qarşı ifadə almaq üçün günlərlə işgəncə verildiyini açıqladı. Bəziləri fikirləşər ki, bu sözlər müttəhimin özünü müdafiə üçün uydurmasıdır. Lakin qanuna zidd olaraq, Tale Bağırzadənin “bandotdel”də uzun müddət saxlanılması, onun vəkillə görüşdən məhrum edilməsi, bədənində işgəncə izlərinin qalması və ən nahayət, AXCP sədri Fuad Qəhrəmanlının bu “işə” absurd ittihamlarla əlavə edilməsi onun dediklərini təsdiqləyən amillərdir. Hökumət öz aləmində, Nardaranda qardaş qanı axıtmaqla iki hədəfi birdən zərərsizləşdirmək istəyib.
Birincisi, ölkədəki demokratik müxalifətin əsas dayağı və avanqardı olan Milli Şuranı “terrorçu” elan edib, birdəfəlik siyasi səhnədən silmək;
Ikincisi, ictimai-siyasi aktivlik göstərmək istəyən dini icmaların, fərdlərin gözünü qorxutmaq.
Əbədi hakimiyyət eşqinin fəsadı və aqibəti
“Bütün bunlar nə üçün edilirdi?” sualı, ümid edək ki, oxucumuzu məşğul edən çətin sual olmamalıdır. Əliyev rejimi bütün tiranlıqlar kimi əbədilik iddiasına düşüb. Çox təəssüf ki, onları bu həvəsdən nə qoca tarixdəki, nə gözümüzün önündəki pis nümunələr çəkindirə bilməyib. Onlar hesab edir ki, ölkədə institutlaşmış, leqal və bəlli prinsiplərə bağlı müxalifəti yox eləməklə, əbədi hakimiyyət istəkləri avtomatik həll olacaq, cəmiyyət də müxaliflikdən biryolluq əl çəkəcək. Necə avam bir təsəvvür…
Azərbaycanda müxalif ruhlu insanları yetişdirən bu rejimin apardığı yarıtmaz siyasətdir. Leqal müxalifətin varlığına görə Əliyev rejimi Allaha şükür eləməkdənsə, Tanrısına şıllaq atır – bax, bu heç cür başa düşülməyən haldır. Kimin üçün şübhəlidir ki, tiran rejim gec-tez siyasi səhnədən rüsvayçılıqla getməyə məhkumdur? Yaxşı, bəs kimin üçün aydın deyil ki, leqal siyasi partiyaların olduğu cəmiyyətdə əzail hakimiyyətin əvəzlənməsi hamı üçün daha rahat və ağrısızdır, nəinki əksi?! Bir halda ki, siz onsuz da gedəcəksiniz, niyə istəmirsiniz sizi normal, sivil dünyanın qayda-qanununu qəbul edən bir təsisat yola salsın? Yoxsa, xaotik bir kütlənin, beyni qızmış bir guruhun qəzəbi ilə üzləşməyi qarşıya plan kimi qoyub bu adamlar?
Dövlət adına fəlakət
Mən Tale Bağırzadə ilə bağlı prosesləri izləyərkən, xüsusən rəsmi açıqlamaları, ittihamları oxuyarkən doğrudan heyrətə gəlirəm. Məni heyrətləndirən, təkcə günahsız insanların dövlət səviyyəsində şərlənməsi, onların cavan ömürlərinə, talelərinə namərdcəsinə qara xətt çəkilməsi deyil. Daha dəhşətlisi, hər gün daha ağrılı dərk etməyimdir ki, bizi karikaturalıq təfəkkür sahibləri idarə edir, yaxud idarə eləmir, əsir saxlamağı bacarır. Diqqət edin. Sivil demokratik düşərgənin terrorçu qrpularla əlaqələndirilməsi, təzə bayatı deyil. Milli Azadlıq Hərəkatı başlayarkən eyni məzmunlu ittihamlar mübarizə insanlarına rəsmi qurumlar tərəfindən yapışdırılıb. Səhnə dəyişsə də, ssenari dəyişməyib. 3-4 il qabaq hökumətin boşqabdibi yalayan mediasında AXCP sədri Əli Kərimlinin ciddi-ciddi bir-birinin qanını içməyə hazır olan müxtəlif təşkilatlarla eyni zamanda əməkdaşlıq etməsi barədə yazıları görəndə buna gülür və hardasa anlayırdım. Qəbuledilməz olsa da, böhtan olsa da, “bunlar məsuliyyətsizcəsinə yazılan əks-təbliğat materialları, jurnalist sərsəmliyidir”, deyib üstündən keçmək olurdu. Fəqət indi, bu sərsəmliyi prokurorluğun ittiham aktından oxumaq, sakitləşməyəcək ürək ağrısıdır. Bir azdan eyni şeyi Azərbaycan dövləti adından veriləcək hökmdə oxuyacağıq. Bu necə böyük bir fəlakətdir, yəqin fərqindəsiniz.
Dünənə qədər “Avropanın, Amerikanın adamları”, “Qərbin diqtəsi ilə oturub-duran” adlandırdıqları insanları bu gün şəriət dövləti qurmaqda ittiham edirlər. Həm də dövlət adından…
Dövlət böhtana qurşanırsa, vay vətəndaşın da halına, dövlətin də!
Indi siz, iraq olsun, özünüzü bir anlıq qoyun ermənilərin yerinə. Azərbaycan vətəndaşı olan ermənilərin. Onlar öz separatçılıqlarını legitimləşdirmək üçün nə deyirlər? Deyirlər ki, azərbaycanlıların hökmü altında yaşamaq bizim üçün qəbuledilməzdir, çünki bizi adam yerinə qoymurlar, haqsız yerə cəzalandırırlar, ayrı-seçkiliyə məruz qoyurlar.
Ədalətlə qərar verək: Azərbaycan hakimiyyətinin öz dinc vətəndaşlarına, etnik mənsubiyyətcə erməni olmayan, bu ölkənin rifahını, azadlığını istəyən fəallara yuxarıda göstərdiyim kimi uydurma hökmlər verməsi bu cür məsələlərdə ermənilərin əlini gücləndirir, ya zəiflədir?