Aktual

“Narkotikdə Taleh Bağırovun əl izi aşkarlanmayıb”

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan ilahiyyatçı Taleh Bağırova təyin olunmuş narkotik ekspertizasının nəticələri açıqlanıb. Bu barədə “Yeni Müsavat”a ilahiyyatçının vəkili Cavad Cavadov məlumat verib. Vəkil bildirib ki, ekspertizanın nəticəsinə əsasən, Taleh Bağırovun narkotik istifadəçisi olmadığı, həmçinin üzərindən tapılan bükülüdən onun barmaq izinin olmadığı təsdiqlənib.
Sitat: “Taleh Bağırovun işi üzrə bir sıra ekspertizalar təyin olunmuşdu, o cümlədən müdafiə tərəfinin vəsatəti əsasında ”aşkar edilmiş narkotik” bükümündə əl, barmaq izləri ilə məhkəmə-daktiloskopik ekspertizası. Artıq ekspertizanın nəticələri bəllidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən, Taleh Bağırov narkotik qəbuledicisi deyil, narkotik olan bükümdə Taleh Bağırovun əl barmaq izləri yoxdur, yəni ekspert hər hansı əl barmaq izi müəyyən edə bilməmişdir”.
Vəkil deyir ki, T.Bağırov məhz narkotik saxlamaqda günahlandırılaraq həbs olunduğu üçün ekspertizanın nəticələri ilahiyyatçıya elan edilmiş ittihamın əsassız olmasını bir daha təsdiqləyir. C.Cavadov deyir ki, hazırda istintaq polis və hal şahidləri ilə üzləşmələr keçirir. Vəkil ehtimal edir ki, istintaq ilahiyyatçıya əlavə ittihamlar hazırlamaq üçün səbəblər axtarır: “Hal-hazırda polis işçiləri və ”hal” şahidləri ilə üzləşmələr keçirilir. İstintaqın təyin etdiyi məhkəmə dinşünaslıq-linqvistik ekspertizasının rəyini gözləyir. Görünür ki, istintaq ittihamı bərkitmək üçün Taleh Bağırovun çıxışlarında dövlət əleyhinə nəsə axtarır, halbuki bu çıxışlar yalnız dövlət məmurlarını tənqidi mövzusunda olmuşdur. Bu ekspertiza rəyinin alınmaması Taleh Bağırovun həbsdə saxlanılmasının uzadılmasına səbəb olmuşdur”.
Xatırladaq ki, ilahiyyatçı Taleh Bağırov martın 31-də Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234,1 maddəsi ilə (narkotik vasitə saxlamaq) ittiham irəli sürülüb, polis üzərindən narkotik tapıldığını elan edib. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan ilahiyyatçının istintaqını DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqləri aparır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button