Dünən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
İlham Əliyevin bu qərarı geniş müzakirələrə səbəb olub. İlk reaksiya Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidən gəldi. O qərb ölkələri ilə münasibətlərin soyuqlaşması və ölkə daxilində qərbyönümlü jurnalistlərin həbs edilməsini İlham Əliyevin bu qərarı ilə əlaqələndirib:
“İndi məlum olur ki, nəyə görə son aylarda ölkə gündəmini qanunsuz həbslər zəbt edib. İndi məlum olur ki, nəyə görə son aylarda ABŞ, Avropa İttifaqı, ATƏT kimi qurumlarla ölkənin münasibəti süni şəkildə gərginləşdirilib. İlham Əliyev bu addımlarla planladığı növbədənkənar seçkilərin daha asan saxtalaşdırıla bilməsi üçün zəmin hazırlayırmış. Kütləvi həbs və repressiya mühitində, demokratik dünyadan təcrid şəraitində, seçkilər üçün minimal imkanların da olmadığı bir vəziyyətdə qəfil seçki tamaşası qurub, saxta yolla şəxsi hakimiyyətini bir müddət də uzatmaq fikrindədir”,- Əli Kərimli deyib.
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı da İlham Əliyevin bu qərarının Amerikalı diplomatla görüşündən dərhal sonra verməsinə diqqət çəkib:
“Çox əlamətdar haldır ki, ABŞ-ın dövlət katibinin müavini Ceyms O’Brayn dünən Azərbaycana gəlir, İlham Əliyevlə görüş keçirir, sabahısı günü İlham Əliyev prezident seçkiçərini 15 ay irəli çəkilməsini sərəncamını verir”,- Azər Qasımlı deyib.
İnstut rəhbərinə görə bu il iqtisadi artım MDB ölkələrində ən aşağı səviyyədə idi. Gələn il isə resessiya olması da mümkündür:
“Ölkədə sosial gərginlik artmaqdadır və gələn il çox böyük güman ki, pikə çatacaq. Qarabağ zəfərini da öz legitimliyin artmasına və ictimai dəstəyə istədikləri kimi çevirə bilmədilər.
Ona görə də artıq iqtidarın əlində daxildə istifadə edəcək hər hansı xarici siyasət kartı qalmayıb”,-Azər Qasımlı bildirib.
Deputat Naqif Həmzəyev isə prezidentin növbədənkənar seçki qərarını “Azərbaycanın qapısını döyən qlobal təhdid”lə əlaqələndirib:
“Regionumuzda çox fərqli və sürətli proseslər baş verir. Bütün bu proseslərin fonunda çevik addım atmaq və bir çox prosesləri qabaqlamaq zəruridir”,- Naqif Həmzəyev deyib.
Müsavat Partiyasının sədri Arif Hacılı isə, prezidentin bu qərarının cəmiyyətə məlum olmayan səbəblərlə əlaqədar olduğunu deyib:
“Hazırda əslində Azərbaycanda hər hansı siyasi böhran mövcud deyil. Hər halda görünən tərəfi bundan ibarətdir. Prezident belə bir ehtiyac duyubsa və belə bir qərar qəbul edibsə, yəqin bunun bizə məlum olmayan hansısa səbəbləri var. Yəqin ki, yaxın günlərdə bu səbəblərin nədən ibarət olduğu aydınlaşacaq”-o, deyib
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə İlham Əliyev hakimiyyətinə qarşı təhlükələrin olduğunu ehtimal edir:
“Bu qərar Cənubi Qafqazdakı son hadisələr və dünya güc mərkəzlərinin qarşıdurması ilə əlaqədardır. Ola bilsin ki, Azərbaycan hakimiyyəti özünü sığortalamaq istəyir”,- Bəşir Süleymanlı deyib.
Xatırladaq ki, 2016-cı ildə keçirilmiş konstitusiya referendumundan sonra qəbul olunan dəyişikliklərə əsasən Azərbaycan Prezidenti 7 il müddətinə seçilir. Referendumdan sonra prezidentlik müddətinin 2018-ci ilin oktyabr ayında bitməsinə baxmayaraq, o vaxt İlham Əliyev növbədənkənar seçkinin keçirilməsini qərara aldı və 11 aprel 2018-ci il tarixində 4-cü dəfə və 7 il müddətinə Azərbaycan Respublikasının prezidenti seçildi.
Bu minvalla növbəti seçkinin 2025-ci ildə keçirilməsi gözlənilirdi. Lakin bugünkü sərəncamla seçki bir il tez keçiriləcəkdir.
Hələlik rəsmilər tərəfindən bunun mümkün səbəbləri açıqlanmır.