Arxiv

Nurçuların Azərbaycanda fəaliyyəti

Nurçuların Azərbaycan fəaliyyəti haqda daha bir – MƏXFİ SƏNƏD!

“Prezident Administrasiyasındakı adamımız sayəsində Daxili İşlər, Maliyyə, Təhsil, Ədliyyə nazirliklərində kadrlarımızın yerləşdirilməsi arzu etdiyimiz istiqamətdə geni.
Bu sözlər ölkəmizdə fəaliyyət göstərən “Çağ” Öyrətim İşlətmələrinin rəhbəri, türkiyəli iş adamı Ənvər Özərənin Fətullah Gülənə göndərdiyi məktubda yer alıb. “Yeni Şərq”-in Axar.az-a istinadən verdiyi xəbərə görə bu barədə sayta etibarlı mənbələrdən daxil olub. Məktubda Fətullah Gülənə müraciət edən Ənvər Özərən Prezident Administrasiyasındakı adamlarından kifayət qədər razı olduqlarını bildirib. O, məhz həmin şəxsin sayəsində ölkənin əsas dayaq məntəqələrinə kadrlarını yerləşdirməyi bacardıqlarını deyib. Ənvər Özərən həmçinin Azərbaycan Gənclər Təşkilatına (Məktubda belə bildirilir – red.) özlərinin xüsusi adamlarını yerləşdirdiklərini və bunların gələcəkdə ölkədəki rəhbər vəzifələrə gətiriləcəyini yazıb.
Daha sonra isə türkiyəli iş adamı Azərbaycan kəşfiyyatının təriqətin ətrafında öz agentlərini yerləşdirdiklərini və daima müşayiət altında olduqlarını qeyd edib. Təhlükənin ən mühüm amili kimi isə o, son zamanlar təriqətə məxsus iş adamlarının izlənməsini, həmçinin parlamentdəki nümayəndələrinin ciddi vəziyyətlə qarşı-qarşıya qalmasını göstərib. Həmin adamın kim olmasına gəlincə isə məktub müəllifi bunu qeyd etməkdən imtina edib.
Müəllif həmçinin hazırda təriqətin Azərbaycandakı nümayəndələrinə şəxsən xəbərdarlıq etdiyini vurğulayıb. Ən maraqlı məqam isə Ənvər Özərənin ölkə kəşfiyyatı içərisinə öz adamlarını sızdırmaq istəmələri haqqında olan etirafı olub: “Bir müddət öncə Azərbaycan milli kəşfiyyatının akademiyasına qəbul olmuş tələbəmiz müəyyən edilərək buradan qovulmuşdu”.
Məktubda Ənvər Özərən Fətullah Güləndən Azərbaycana ABŞ-dan daha çox təzyiq edilməsi üçün hərəkətə keçməyi xahiş edib: “Prezident Administrasiyasındakı dostumuzun dediyinə görə, hazırda Azərbaycan ABŞ-la münasibətlərini gücləndirmək üçün lobbi fəaliyyətlərini artırıb. Azərbaycan dövləti nəzdində lehimizə fəaliyyət göstərməyi üçün ABŞ-dakı dostlarımızın bunu nəzərə almağını istəyirik”.
Ənvər Özərən sonda Fətullah Gülənin Prezident Administrasiyasındakı adını çəkmədiyi şəxslə bağlı xüsusilə ehtiyatlı olmaq haqqında tövsiyələrinin ona yetirildiyini bildirib.
Qeyd edək ki, son günlər ölkədə nurçuların dövlət qurumlarına öz adamlarını yerləşdirmələri haqqında informasiyalar mediada geniş yer alıb. Bəzi yüksək vəzifəli məmurlarla yanaşı, 24 millət vəkilinin də nurçulara xidmət etdiyi haqqında məlumatlar genişlənməkdədir.
Sənədin orginalını təqdim edirik.

 

Hakimiyyətdəki nurçular Azərbaycan üçün təhlükədirmi?

“Nurçuların gənclərə yaxşı təhsil vermələri doğru bir fikirdir. Lakin maraqlı olan budur ki, onlar bu təhsili məgər pulsuzmu veriblər?“

Son günlər ölkə gündəminin ən əsas mövzularında biri Fətullah Gülənin lideri olduğu nurçu cərəyanının Azərbaycan hakimiyyətinin ən yuxarı səviyyəsinə qədər nüfuz etməsinə dair yayımlanan məlumatlarla bağlıdır. İlk öncə Müdafiə Naziri Zakir Həsənovla bağlı sözügedən iddialar səsləndirilməyə başlandı. Belə ki, Fətullah Gülənin Türkiyədəki ən yaxın adamı ilə yayımlanan telefon danışığının səs yazısında Zakir Həsənovun Müdafiə Naziri seçilməsi və bununla bağlı Gülənin təbrik məktubu göndərməsi barədə fikirlər səsləndirilirdi. Bundan sonra isə millət vəkili Ceyhun Osmanlının Fətullah Gülən tərəfindən fəaliyyətinə görə yüz min dollar civarında mükafatlandırıldığına dair sənəd yayımlandı. Sözügedən sənəddə hətta Fətullah Gülənin imzası belə yer almışdı. Nəhayət yayımlanan nurçu siyahısı digər millət vəkilləri, Prezident Administrasiyasının bir neçə rəsmisinin adları, təhlükəsizlik xidmətinin əməkdaşları ilə davam etdi. Təbii ki, bu məlumatların hamısı hökumət səviyyəsində təkzib edildi və yayımlanan sənədlərin saxta olduğu söylənildi.
Lakin maraqlı olan budur ki, yayımlanan məlumatlar və sənədlər doğru olarsa bu Azərbaycan üçün hansı təhlükələrə yol aça bilər? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirdi ki, mümkündür məlumatlarda və sənədlərdə adları çəkilən şəxslərin nurçu cərəyanı ilə hər hansı bir əlaqəsi olmasın.
Nurçuluğun Türkiyədə dövlət içində bir dövlətə çevrildiyini bildirən ekspert, “artıq o qədər şişiblər ki, baş nazir və digər nazirləri dinləyirlər. Düşünürəm ki, eyni prosedur Azərbaycanda da baş verə bilər”, – deyə qeyd etdi:
“Bəziləri deyirlər ki, nurçular Azərbaycanda çox yaxşı işlərlə məşğuldurlar və gənclərə yaxşı təhsil verirlər. Gənclərə yaxşı təhsil vermələri doğru bir fikirdir. Lakin maraqlı olan budur ki, onlar bu təhsili məgər pulsuzmu veriblər? Burada kifayət qədər böyük təhsil haqlarından və məvaciblərdən söhbət gedir. Onların qurduqları təhsil ocaqları əhalinin kasıb və orta təbəqəsi üçün əl çatmaz olub.”
Elxan bəy onu da bildirdi ki, hərəkatın işi təkcə təhsil və elm ocaqları açmaqdan ibarət deyil: ”Burada onların kifayət qədər başqa şirkətləri, radio və televiziyaları var. Sual oluna bilər ki, həmin qurumaların radio və televiziya nəyinə lazımdır? Əgər yalnız təhsillə məşğul olursa buyursunlar. Amma digər istiqamətlərə də yönəlirlərsə, ondan suallar yaranır ki, onlara aydınlıq gətirilməlidir. Ona görə də düşünürəm ki, hərəkatın Azərbaycanda fəaliyyəti kifayət qədər genişdir və açıqlanan danışıqlarda da görünür ki, bunlar ölkənin ən yüksək səviyyəsinə qədər nüfuz ediblər. Əgər Zakir Həsənovla bağlı yayılan səs yazısı doğrudursa, onda onların nəyin lazımdır ki, Müdafiə Nazirini təbrik etsinlər. Bu sırf Azərbaycanın daxili işlərinə qarışmaqdır. Zakir Həsənovu əslində Türkiyə rəsmiləri təbrik edə bilərlər.”
Hal-hazırda nurçuların Azərbaycanda vəziyyətlərinin qənaətbəxş olmadığını söyləyən ekspert, “artıq Türkiyə Ərdoğanla Gülən tərəfdarları arasında olduqca açıq savaş gedir. Buradakı Gülən tərəfdarları isə bu savaşa açıq şəkildə qoşulmaq istəmirlər. Onlar çox gözəl bilirlər ki, Azərbaycan hökumətinin Ərdoğanla çox isti münasibətləri var və onların nəzarətindəki media AKP hökumətini hədəf götürsə hakimiyyətin xoşuna gəlməyəcək”, – deyə bildirdi:
“Lakin Türkiyədə baş verən hadisələr fonunda Azərbaycandakı nurçular da kifayət qədər gərgindir. Çünki düşünürlər ki, bu proseslərin onlara da təsiri olacaq. Amma buna baxmayaraq Azərbaycanda ciddi araşdırmalar aparılmalıdır.“/Yeni Şərq/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button