
Bu bayatıların Liviyada, İraqda və başqa müsəlman ölkələrində necə oxunmasını dünya ictimaiyyəti yaxşı bilir!
Bu gün ABŞ başda olmaqla, demək olar ki, bütün dünya dövlətləri İrana qarşı sanksiyalar tətbiq edir, bu ölkəni təcrid etməyə çalışır, müxtəlif təzyiqlərə məruz qoyurlar. Bəhanə də odur ki, İran nüvə silahına malik olmaq istəyir.
Çox maraqlıdır! Görəsən, nüvə silahına malik olmaq istəyən təkcə İranmıdır? Məgər dünyada heç bir ölkə nüvə silahına malik deyil ki, İran onu əldə etməyə çalışan kimi ona təzyiq edirlər?
Bu dünyada ədalət deyilən bir şey varsa, məgər bu ədalət yalnız Şərqə aid olmalıdırmı?
Qərb dövlətləri, Avropa və xristian dünyası məgər istisna təşkil edir?
Nə üçün Böyük Britaniyada, ABŞ-da və İsraildə nüvə silahı olmalıdır, ancaq İranda yox?
Bəlkə bu dövlətlər dünyanı idarə etmək üçün yaranıblar? Bəlkə bu ölkələrin xalqları ən ali irqə məxsusdur? Bəlkə bu dövlətlər və onların xalqları hamıdan və hər şeydən üstündürlər?
Əgər bu nüvə «zəhrimar» pis şeydirsə, onda nə üçün aparıcı ölkələr o «zəhrimar»ı özündə saxlayır və bu pis şeyin üstündə niyə bir-birlərini qırırlar? Onlar nə üçün bu pis şeyi məhv etmirlər?
Yox, əgər yaxşı şeydirsə, nə üçün başqa ölkələrə bunu rəva görmürlər? Niyə istəmirlər ki, həmin yaxşı şey başqalarında da olsun? Nədəndir bu qısqanclıq?
Nüvə silahı ancaq bu ölkələrdə var, kifayətdir. Başqa ölkədə olsa, fəlakət baş verə bilər (!) Bu ölkələrdən gələn fəlakət isə xoşməramlı iş kimi qəbul olunmalıdır. Çox gözəl paradoks! Bu, birinci ədalətsizilk!
İkinci ədalətsizlik ondan ibarətdir ki, ABŞ digər 4 dövlət kimi heç bir ölkəyə nüvə silahı əldə etmək üçün kömək göstərməməli olduğu halda, İrana kömək göstərmişdir və İranın nüvə silahı əldə etməsinə şərait yaratmışdır (bu haqda bir qədər sonra).
Üçüncü ədalətsizlik isə odur ki, nə qədər İranla ABŞ arasında münasibətlər normal idi, nüvə silahı haqqında söhbət də getmirdi. Əlaqələr kəsiləndən sonra ABŞ İranın nüvə silahına malik olmaq istəməsini gündəmə gətirdi, sanksiyalar tətbiq etdi, hədələdi və bölgədə müharibə şəraiti yaratdı.
Deməli, ABŞ-ın öz maraqları, öz siyasəti, öz mənafeyi və öz xətti hər şeydən – BMT-dən, müqavilə bağladığı ölkələrdən, haqdan, ədalətdən, hətta insanlıqdan da üstündür.
Heç də təəccüblü deyil ki, başqa ölkələrdən üstün olmaq ABŞ-ın başlıca prioritetlərindən biridir. Buna görə də dünyada öz hegemon siyasətini yürütməkdə davam edir, istənilən ölkəyə hücum edir, istənilən dövlətin rejimini dəyişdirməyə nail olur, istənilən dövlət başçısını diktator adı altında hücuma məruz qoyur, istənilən ölkədə inqilabi çevriliş hazırlayır.
Yuxarıda qeyd olunan ədalətsizliklərdən biri də məhz İrana münasibətdə baş vermişdir. Ən paradoksal həqiqət də budur ki, bu gün əsasən ABŞ tərəfindən təhdidlərlə üzləşən İran elə həmin ABŞ-ın özü tərəfindən vaxtilə dəstəklənirdi.
Bu, həmin ABŞ idi ki, İranın nüvə silahına sahib olmasını istəyir və bu məqsədə çatmaq üçün hərbi yardım göstərirdi.
Nə üçün?
Çünki İran dünyanın ən böyük dövləti olan SSRİ-nin sərhəddində yerləşirdi və ABŞ-la siyasi düşmən olan bu nəhəng dövləti «vurmaq» üçün İrandan istifadə etmək niyyətində idi. Buna görə də İranın nüvə proqramı məhz Vaşinqtonda hazırlanmışdı.
SSRİ dağılandan, İranda rejim dəyişəndən və bu rejim ABŞ-ı rədd edəndən sonra ABŞ öz «ikili standart»ını işə saldı və «ədaləti axtarmağa» başladı. Bu «ədaləti» İranın nüvə silahına sahib olmaq istəyinə qarşı mübarizədə «tapdı» və dərhal əməli işə keçdi:
«İranın nüvə silahına sahib olması BMT prinsiplərinə ziddir, dünyada təhlükə yaradır, başqa xalqların təhlükəsiz yaşamasına mane olur, İran təhlükəli ölkədir və s.» sərsəm bəyanatlarla dünyanı çaşdırmaq istədi.
Amma «oxunan bayatılar» artıq hamyıa bəllidir və bu bayatıların Liviyada, İraqda və başqa müsəlman ölkələrində necə oxunmasını dünya ictimaiyyəti yaxşı bilir!..
Əgər ABŞ demokratik və sülhsevər ölkə idisə, nə üçün 12 il ərzində İrana nüvə enerjisi ixrac edirdi? Əgər həqiqətən dünyada sülhü və sabitliyi qorumaq vəzifəsini yerinə yetirirdisə, niyə İranda nüvə reaktorlarını işə salmağa cəhd göstərirdi?
Bu suala hələ o zamankı ABŞ rəhbərliyi belə cavab verirdi: «Biz dünyada balanslaşdırılmış siyasət yürüdürük və ölkələr arasında hərbi-siyasi tarazlığın qorunmasına çalışırıq».
O zaman daha bir sual meydana çıxır: «Yaxşı, əgər ABŞ həqiqətən dünyada hərbi-siyasi tarazlığın qorunmasına səy göstərirdisə, onda nə üçün XX əsrin 90-cı illərində İran yenidən nüvə proqramını davam etdirəndə ona qarşı çıxdı və dərhal sanksiyalar tətbiq etməyə başladı? Onda o balanslaşdırılmış siyasət hara getdi?»
Bu sualın cavabı isə birmənalı olaraq belədir: «Çünki 60-70 illərdə İran ABŞ-ın dostu idi, 80-90-cı illərdə isə Rusiyanın dostu oldu. Ağ Evin fikrincə, ABŞ-ın dostu nüvə silahına malik ola bilər, amma Rusiyanın dostu bu silaha malik ola bilməz». Əsl paradoks, elə deyilmi?
ABŞ-ın iç üzü elə buradaca göründü və aydın oldu ki, ABŞ üçün kimin nüvə silahına malik olub-olmamasının fərqi yoxdur. Bunun üçün təkcə bir və əsas şərt olmalıdır:
«Nüvə silahı ABŞ-ın köməyi ilə əldə olunmalı, həmin ölkə həmişə ABŞ-dan asılı olmalı, onun diqtəsi lə oturub durmalı və ABŞ-ın forpostuna çevrilməlidir!»
Yalnız belə olan təqdirdə İran kimi ölkələr nüvə silahına sahib çıxa bilər. Bax, ABŞ-ın «demokratiya»sı və «humanizm»i budur!
Buna görə də 2002-ci ildən etibarən ABŞ iranı hədələməyə başladı və bu ölkəni «qara siyahı»ya saldı.
ABŞ açıq-açığına bəyan edə bilməzdi ki, İran Rusiya ilə hərbi əməkdaşlıq etdiyinə və ABŞ-ın əlindən çıxdığına görə onu hədəfə götürür. Təbii ki, burada başqa amillərin mövcud olduğunu da istisna etmək olmaz. Amma məlum olanı budur ki, ABŞ İranı «vurmaq» üçün bəhanə axtarırdı.
2003-cü ildə ABŞ belə bir bəhanə tapdı: Guya «İran terrorçulara dəstək verir, Əl-Qaidə üzvlərinə hərbi kömək göstərir və dünyanı təhlükə qarşısında qoyur, çünki nüvə silahı əldə etməyə çalışır».
Bu bəhanə ilə əvvəlcə iqtisadi sanksiyalar tətbiq etdi və Avropa ölkələri ilə danışıqlara başladı ki, hərbi müdaxilə etməyə razılıq versinlər./avrasiya.info/