ArxivXəbər lentiXəbərlər

Ağdaşın kəndlərində tibb məntəqələri bərbad vəziyyətdədir

bu tibb məntəqələrinə ayrılan vəsaitlər Ağdaş rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nuru Nuriyev tərəfindən mənimsənilir.

Son illər Azərbaycan səhiyyəsinin inkişafına ayrılan vəsaitin həcminə diqqət yetirsək elə düşünmək olar ki, bizim səhiyyə sistemimiz nəinki regionda, hətta bütün dünyada ən güclülərdən biridir. Təəssüf ki, sənədlərdə belə təqdim olunsa da Azərbaycan səhiyyəsi bu gün çox çətin durumdadır. Yeni xəstəxana binaları inşa edilsə də, hər cür yeni avadanlıqlar ölkəyə gətirilsə də xəstələr yenə də daha çox qonşu ölkələrə üz tutur, ölkə xəstəxanalarından uzaq düşürlər. Bunun isə tək və hələ ki, sağalmaz görünən səbəbi bu sahədə hökm sürən total korrupsiyadır. Səhiyyə sistemi özü korrupsiya xəstəliyinə tutulub və tezliklə bu yoluxucu xəstəlik müalicə olunmasa dəhşətli fəsadları baş verə bilər. Hamı xəstəxanalarda baş verən proseslərdən tam agahdır, çünki, hər kəs heç olmasa bir dəfə buralara baş çəkməyə məcbur olub. Dövlət xəstəxanalarında tibbi xidmət pulsuz olmalı olduğu halda burada xəstələrə divan tutulur. Müalicə olunmaq ümidi ilə xəstəxanalara üz tutanlar sonda başlarını götürüb qaçmağa məcbur olurlar. Qapıdan başlayan soyğunçuluq elə qapıdan çıxana qədər davam edir. Bu barədə demək olar ki, hər gün yazılsa da Səhiyyə Nazirliyi, digər əlaqədar təşkilatlar bu “xəstəliklə” mübarizə aparmağa nədənsə tələsmirlər.
Səhiyyə sisteminə ayrılan külli miqdarda vəsait isə burada korrupsiyanın geniş əl-qol açmasına imkan yaradır. Ölkənin bütün bölgələrində tibb məntəqələrinin, poliklinikaların və xəstəxanaların yenidən qurulması və təmiri üçün hər il büdcədən kifayət qədər pul ayrılmasına baxmayaraq əksər rayonlarda, kənd yerlərində vəziyyət heç də ürəkaçan deyil. Hələ də ambulator məntəqəsi olmayan kəndlər vardır ki, adi tibbi xidmət üçün sakinlər min-bir əziyyət çəkirlər. Sual olunur-bəs dövlətin ayırdığı milyonlar hanı və bu biabırçılıqlara niyə son qoyulmur?
Redaksiyamıza Ağdaş rayon səhiyyə sistemi barəsində şok faktlar daxil olub. Həmin məlumatlarda rayonda baş verən qanunsuzluqlardan ətraflı bəhs olunur. Verilən xəbərlərə görə Ağdaşın kəndlərində tibb məntəqələri bərbad vəziyyətdədir və bu tibb məntəqələrinə ayrılan vəsaitlər Ağdaş rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nuru Nuriyev tərəfindən mənimsənilir. Son iki ildə Ağsu rayon kənd tibb məntəqələrinin və xəstəxanalarının cari təmirinə 2 milyon manata yaxın vəsait ayrılsa da, bir çox tibb məntəqələrinin fəaliyyət göstərməsi üçün normal binası və tibbi şəraiti belə yoxdur. 2 milyon vəsaitin haraya sərf olunduğunu isə rayon icra hakimiyyətinin başçısı və baş həkimindən yaxşı bilən yoxdur.
Bu barədə Ağdaş rayonundan verilən məlumatda bildirilir ki, baş həkim Nuru Nuriyev icra başçısı Tofiq İbrahimovla əlbir olaraq rayon səhiyyəsinə ayrılan vəsaitlərin böyük hissəsini mənimsəyir. Ortada isə dövlət vəsaitlərinin xərcləniməsi haqqında quru sənədlərdən başqa heç bir şey yoxdur. Bunun isbatı üçün kəndlərdəki tibb məntəqələrinin bir neçəsini ziyarət etmək yetərlidir. Kəndlərin böyük əksəriyyətində tibb müəssisələri yararsız vəziyyətdədir. Xəstələr məcbur olub rayon mərkəzinə və yaxud qonşu rayonlara üz tutmağa məcbur olurlar.
Özündə 3 xəstəxana, 1 uşaq Poliklinikası, 1 təcili tibbi yardım məkəzi və 61 kənd tibb məntəqəsini özünə birləşdirən Ağdaş rayon səhiyyə idarəsində 900 yaxın tibb işçisi və personal çalışır. Daxil olan məlumatda qeyd olunur ki, baş həkim 61 tibb məntəqəsinin hər birində 2 tibb bacısını və iki sanitarı «ölü can» olaraq saxlayır və faktiki olaraq Nuru Nuriyev hər ay 240 ştatın maaşını alaraq cibinə qoyur. Bildirilir ki, bu yolla baş həkim hər ay dövlət büdcəsindən təqribən 25 min manat vəsait mənimsəyir. Həmin «ölü can»ların maaş kartlarını isə baş həkim özündə saxlayır.
Şikayətdə qeyd olunur ki, rayon səhiyyə idarəsinin nəzdində olan kənd tibb məntəqələrinin cari təmiri üçün son 2 ildə 1,6 milyon manat vəsait ayrılıb. Nuru Nuriyev icra başçısı Tofiq İbrahimova arxalanaraq Qarağan, Ərəb, Xosrov, Şordəhə, Ara-1, Orta Qəsil, Bəylik, Əmirmahmud, Hapıtlı, Dəhnəxəlil, Güvəkənd, Əmirax, Binələr, Abad, Xınaxlı, Malay, Kotavan, Huşun, Şəmsabad, Eymur, Şıxlı, Kükəl və digər kəndlərdə yerləşən tibb məntəqələrinin adına cari təmir işləri yazaraq dövlətin yarım milyondan çox vəsaitini mənimsəyib. Həmin tibb məntəqələrində olan hər kəs isə əmin ola bilər ki, bu tibb məntəqələrində uzun müddət heç bir təmir işləri aparılmayıb və həmin tibb məntəqələrini hazırki vəziyyəti o qədər acınacaqlıdır ki, hətta onları səhiyyə ocağı adlandırmaq adamın dili belə gəlmir.
Daxil olan məlumata əsasən, baş həkimin cari təmirdən əldə etdiyi yarım milyonluq qazancın bir hissəsini icra başçısı Tofiq İbrahimova verir. Həmçinin məlumatda qeyd olunur ki, rayonun Orta Ləki, Aşağı Ləki, Ərəb, Tofiqi, Qolqəti, Ərəbocağı kəndlərindəki tibb məntəqələrinin yenidən tikilməsində ciddi şəkildə maxinasiyalar həyata keçirilib.
Fikrimizcə, Ağdaşda baş verən bu qanunsuzluqlar Səhiyyə Naziri Oqtay Şirəliyev və digər cavabdeh şəxslər tərəfindən ciddi araşdırılacaq. Rayonda səhiyyə sisteminin belə acınacaqlı duruma salınması ciddi narazılıq yaradır. Ağdaş rayonu barəsində araşdırmalarımız yaxın günlərdə oxucularımıza təqdim olunacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button