ArxivXəbər lentiXəbərlər
Partiya sədri, həkim, siyasi məhbus və ilahiyyatçı: Mövsüm Səmədov

Azərbaycan İslam Partiyasının sədri hacı Mövsüm Səmədov 1965-ci ilin 4 sentyabr tarixində Quba rayonunda anadan olub.
1972-1982-ci illərdə Quba şəhəri 3 saylı orta məktəbdə təhsil alıb. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunun (indiki ATU) Müalicə profilaktika fakültəsinin terapevt ixtisasına daxil olmuş və 1990-cı ildə oranı bitirmişdir.
1990-cı ildə icbari hərbi xidmətə getmiş və 1992-ci ildə leytenant rütbəsi ilə hərbidən tərxis olunmuşdur.
Hərbidən tərxis olunduqdan sonra Rusiyada, Dağıstanda həkimlik etmişdir. Daha sonra 2 il Quba rayonunun Digah kəndində Ambulatoriyanın baş həkimi vəzifəsində çalışmışdır.
Mövsüm Səmədov 1990-cı illərin əvvəllərində Milli Azadlıq Hərəkatında iştirak etmiş və Azərbaycan Xalq Cəbhəsinin üzvlərindən olmuşdur.
1993-cü ildə AXC sıralarından ayrılan Mövsüm Səmədov Azərbaycan İslam Partiyasına üzv olmuşdur. 1995-ci ildə dini təhsil almaq üçün İranın Qum şəhərinə getmiş və orada Qum Elmi Mərkəzinə qəbul olmuşdur. Təhsilini başa vurduqdan sonra 2002-ci ilin fevral ayında Azərbaycana qayıtmış və Azərbaycan İslam Partiyasının idarəçiliyində iştirak etməyə başlamışdır. 2002-2007-ci illərdə AİP-in Quba rayon təşkilatının sədri, 2007-ci ildə isə AİP-in qurultayında partiya sədri seçilmişdir.
Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə Azərbaycan İslam Partiyasının Baş Məclisinin toplantısında insan hüquqları, korrupsiya və rüşvət halları, Qarabağ probleminin həlli, İslama və islamçılara təzyiq, hicab qadağası, islamofobiya ilə bağlı hakimiyyətin siyasətini tənqid edir. Bu hadisədən 5 gün sonra – 7 yanvar 2011-ci ildə işdən evə qayıdarkən yol-hərəkət qaydalarını pozması iddiası ilə saxlanılır və polisə tabe olmamaqda təqsirli bilinərək 13 sutka inzibati həbsə məhkum edilir. 13 sutkalıq həbs cəzası 20 yanvar 2011-ci il tarixində bitir və bu müddətdə o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. 20 yanvar 2011-ci ildə M. Səmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1; 214.2.3; 228.3 və 278-ci maddələri üzrə ittiham irəli sürülür və Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçir. Azərbaycan İslam Partiyası M. Səmədovun həbsini onun 2 yanvar 2011-ci ildə Azərbaycan hökumətinə qarşı etdiyi çıxışı ilə əlaqələndirir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2011-ci il tarixli qərarı ilə M. Səmədov ittiham olunduğu müddəalar üzrə 12 il azadlıqdan məhrum edilir.
M. Səmədov məhkəmənin hökmündən sonra Bakı şəhər 11 saylı cəzaçəkmə müəssisəsinə göndərilir. Burada bir neçə dəfə “kars”a salınır. 18 sentyabr 2014-cü ildə səbəb göstərilmədən Bakı şəhəri 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülür. Burada əvvəl 5, daha sonra 7 sutkalıq “kars”a salınır. Bakı şəhəri 11 saylı cəzaçəkmə müəssisəsinin rəhbərinin iddiası əsasında 9 oktyabr 2014-cü il tarixində Qaradağ Rayon Məhkəməsi M. Səmədov barəsində 2 il müddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi ilə bağlı qərar çıxarır. Vəkili A. Qasımlı tərəfindən Qaradağ məhkəməsinin qərarından apellyasiya şikayəti verilir. Apellyasiya şikayəti əsasında 24 noyabr 2014-cü ildə keçirilən məhkəmə də həmin qərarı qüvvədə saxlayır.
Mövsüm Səmədovun həbsi həm ölkə daxilində, həm də ölkə sərhədlərindən kənarda etirazlara səbəb olmuşdur.
Müsavat, Azərbaycan Xalq Cəbhəsi, Milli Şura, “EL” hərəkatı və digər siyasi partiyalar dəfələrlə siyasi məhbus sıralarında Mövsüm Səmədovun da adını qeyd etmişdir. Bundan əlavə, Rusiyada, İranda, Kanadada və Türkiyədə keçirilən aksiyalarda Mövsüm Səmədovun həbsinə etiraz edilib.
Onu da qeyd edim ki, Azərbyacan İslam Partiyasının sədri Mövsüm Səmədov Mehparə Səmədova ilə ailəlidir. Zəhra Səmədova adlı bir qızı var.
Bu gün Mövsüm Səmədovun mübarizəsi Azərbaycan inanclılarının yoluna işıq tutmaqda davam edir. Bir çox insan Mövsüm Səmədova olan məhəbbətini gizlətmir. Əksinə, o, həbs olunduqdan sonra daha da populyarlaşıb. Belə ki, sosial şəbəkələrdə çox sayda insan müxtəlif vaxtlarda Mövsüm Səmədovdan sitatlar və fotolar paylaşaraq sevgilərini ifadə edirlər. Bundan əlavə, bir çox ilahiyyatçı alim bu gün də etdikləri çıxışlarında Mövsüm Səmədova qarşı olan haqsızlığa etiraz edirlər.
İlkin Məmmədov
“AzadNews” qəzeti