Zərdüşt Əlizadə: “Sarkisyan açıq şəkildə demək istəyir ki, bir əmrlə nəinki on, hətta min nəfərin də qətlinə fərman verə bilər”
Ermənistanda keçirilən parlament seçkilərindən sonra, xüsusi iclasda Serj Sarkisyanın baş nazir seçilməsi , ölkədə xalqın etirazına səbəb oldu. Artıq günlərdir xalq Serj Sarkisyanın istefasını tələb edir. Polislə etirazçılar arasında baş verən toqquşmalar ağır xəsarətlər və kütləvi həbslərlə müşaiyyət olunur.
Ermənistanda baş verən prosesləri şərh edən politoloq Zərdüşt Əlizadə maraqlı fikirlər səsləndirib. Politoloq bildirib ki, Ermənistanda baş verən hadisələrin Azərbaycana heç bir təsiri yoxdur: “ İstər Ermənistan iqtidarı, istərsə də etiraz edən müxalifət eyni mövqedə dayanır. Azərbaycan və Ermənistan arasında Qarabağ konflikti mövcuddur. Bu münaqişəyə münasibətdə isə həm Ermənistan iqtidarı, həm də müxalifəti eyni mövqe sərgiləyir”.
Zərdüşt Əlizadənin sözlərinə görə, cinayətkar, rüşvətxor, korrupsiyaya köklənən rejim və onun başında duranlar təbii ki, hakimiyyəti əldən vermək istəmirlər: “ Əgər Sarkisyan hakimiyyətdən getsə belə, onun yerinə mütləq başqa cinayətkar klan gələcək. Belə olan təqdirdə isə onlar Qarabağı heç vaxt əldən vermək istəməyəcəklər”.
Politoloq əlavə edib ki, Sarkisyanın qəti şəkildə hakimiyyəti əldən vermək niyyəti yoxdur:” O, nümayişçilərin lideri Paşinyanla görüşdə açıq şəkildə bəyan etdi ki, egər etirazlar dayandırılmasa 1 mart, 2008-ci il hadisələrini təkrarlayacaq. Həmin tarixdə Levon Terpetrosyanın tərəfdarları seçkilərin saxtalaşdırılmasına etiraz edəndə, 10 nəfər erməninin cəsədini Yerevanın küçələrində tapdılar. İndi də, Sarkisyan açıq şəkildə demək istəyir ki, bir əmrlə nəinki 10, hətta 1000 nəfərin də qətlinə fərman verə bilər. Çünki Sarkisyan Xocalı soyqrımını törədən erməni cəlladlarından biridir və əli artıq qana bulaşıb. Onun üçün kimi öldürməsinin fərqi yoxdur”.
Zərdüşt Əlizadə qeyd edib ki, etirazlar soyumayacaq, lakin zor gücünə yatırılacaq. Əgər Sarkisyan getsə belə, parlament onun yerinə digər cinayətkar ailəni seçəcək.